750 yerli şirkət “Çelik Kubbe”yə töhfə verir

2025/05/1746435196.jpg
Oxunub: 514     15:00     05 May 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün Türkiyənin qurduğu çoxtəbəqəli hava hücumundan müdafiə arxitekturası ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Görgün jurnalist Taha Hüseyin Karagözə verdiyi müsahibədə sistemin müəyyən bölgələri deyil, bütün Türkiyəni əhatə edəcək şəkildə qurulduğunu vurğulayıb.

“İnsanlar “Çelik Kubbe” haqqında düşünəndə, İsraildəki müdafiə sistemini düşünürlər, lakin bu, sadəcə bir nöqtə müdafiəsidir. Biz ölkə müdafiəsinə qədər uzanan bir sistem bütövlüyü qururuq”, - deyə Türkiyə MSK sədri bildirib.

Bu struktur təhlükələrə nöqtə miqyasında deyil, milli miqyasda müqavimət göstərmək üçün formalaşdırılır. Uzun mənzildən aşağı hündürlüyə qədər müxtəlif təbəqələrdə fəaliyyət göstərən sistemlər inteqrasiya olunur.

“Siper” kimi sistemlərin bu arxitekturada aktiv rol oynadığını ifadə edən Görgün bütün təhlükə spektrini əhatə edən bir yanaşma ilə işlədiklərini qeyd edib:

“Təbəqəli müdafiə uzaq mənzildən aşağı hündürlüyə qədər bütün təhlükələri əhatə etməlidir. Bu məqsədlə “Siper” kimi sistemlərimiz xidmətdə olacaq”.

Bu hədəfin arxasında güclü yerli istehsal şəbəkəsinin olduğunu bildirən Görgün sistemin tək bir şirkətin məhsulu olmadığını, nəhəng milli sənaye ekosisteminin məhsulu olduğunu vurğulayıb.

“Bu sahədə 750-yə yaxın şirkət var. Ən azı 750 şirkətin töhfəsi var. Bu şirkətlərdən biri işi vaxtında və keyfiyyətlə yerinə yetirməsə, o sistem işləməyəcək”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Çelik-Kubbe  


Bizi "telegram"da izləyin