Ankara Nil Vadisində: Türkiyə Sudanda Yeni Geosiyasi Fürsat Axtarışında

2025/05/1746428196.jpg
Oxunub: 654     20:19     05 May 2025    
Sudanda 2 ilə yaxındır davam edən vətəndaş müharibəsində yeni bir həll fürsəti gündəmə gəlib. Efiopiya-Somali münaqişəsində vasitəçi olaraq əldə etdiyi müvəffəqiyyətlə vasitəçilik səriştəsini və potensialını nümayiş etdirən Türkiyənin Sudan məsələsinə müdaxiləsi Sudan xalqının gözündə böyük ümidlər yaradıb.

Çünki Türkiyə həll yolları istehsal etmək qabiliyyəti ilə yanaşı, münaqişənin hər iki tərəfinin gözündə yüksək etibara malik bir ölkədir. Sudandakı münaqişədə müxalif qiyamçı qrupa maliyyə və hərbi dəstəyi ilə tanınan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də Türkiyənin vasitəçiliyini dəstəklədiyini açıqlaması bu ümidi daha da gücləndirib.

Sudandakı vətəndaş müharibəsinin pərdəarxası

Sudanda 2019-cu ildə Ömər əl-Bəşir hökumətinin devrilməsindən sonra administrasiyaya nəzarəti böyük ölçüdə ələ keçirən hərbi qanad inkişaf etdirdiyi manevrlərlə mülki qanaddan tamamilə yan keçərək, ölkənin idarəçiliyində yeganə səlahiyyət sahibi oldu. Bununla belə, hərbi idarəçiliyin iki güclü generalı, Suverenlik Şurasının sədri və Baş Qərargah rəisi Əbdülfəttah əl-Burhan və Suverenlik Şurasının sədr müavini Məhəmməd Həmdan Daqalo arasında hakimiyyət bölgüsü məsələsində fikir ayrılığı yaranıb.

Burhan ordunun başçısı kimi, bir alt bölmənin komandiri olan Daqalodan ona tabe olmasını və iyerarxik nizama uyğun olmasını gözləyirdi. Bu kontekstdə o, Daqalonun rəhbərlik etdiyi və böyük ölçüdə təkbaşına fəaliyyət göstərən Çevik Dəstək Qüvvələrinin (ÇDQ) orduya inteqrasiya olunmasını və iyerarxik nizam çərçivəsində mövcudluğunu davam etdirməsini istəyirdi.

Bu tələblər ÇDQ-nin ənənəvi muxtar strukturuna böyük zərbə oldu və Daqalo üçün hakimiyyətin itirilməsi demək idi. Əslində bu, normal hərbi struktur daxilində baş verməli olan bir vəziyyət idi. Ancaq ÇDQ əvvəldən təhlükəsizlik birliyi olmaqdan kənara çıxdı və qanunsuz yollarla əldə etdiyi iqtisadi güc sayəsində orduya qarşı mübarizə apara bilən hərbi struktura çevrildi. Bu qüvvələrin başında duran Daqalo və qardaşı Əbdürrəhim Daqalo bu yeni quruluşda güclərini tamamilə itirəcəklərini anladılar və müqavimət göstərməyə başladılar. Hər iki tərəf öz mövqelərində israr etdiyi üçün bu gərginlik 2023-cü ilin aprelində silahlı münaqişəyə çevrildi.

2 ilə yaxındır davam edən daxili qarşıdurma nəticəsində ölkə demək olar ki, bütün sahələrdə iflasa uğramaq həddinə gəlib. Baş verən qarşıdurmalarda on minlərlə dinc sakin və hərbi qulluqçu həyatını itirdi. Ölkənin infrastrukturu tamamilə dağıdılıb, hərbi potensialı, sənaye obyektləri və ictimai binaları əsasən dağıdılıb. Həyat təhlükəsizliyi qalmayan on milyona yaxın insan evlərini tərk edib köç etmək məcburiyyətində qaldı. Hazırda ölkə tam humanitar fəlakət yaşayır.

Mövcud böhranda regional və qlobal aktorların rolu

Müharibənin bu qədər dağıdıcı və davamlı olmasında, şübhəsiz ki, Sudanla bağlı müxtəlif dizaynları olan müəyyən regional və qlobal aktorların mühüm rolu olub. Məlumdur ki, ABŞ və onun müttəfiqləri Sudanda mühafizəkar ictimai quruluşu layihələndirməyi və mülki idarəçiliyə keçid dövründə onların maraqlarına zidd olmayacaq administrasiyanın formalaşdırılmasına üstünlük verməyi planlaşdırırlar. Xüsusilə ABŞ Sudan hökumətinə embarqo tətbiq etmək və onu terroru dəstəkləyən ölkələr siyahısından çıxarmamaq kimi təhdidlərlə davamlı olaraq təzyiq edir.

ABŞ-nin orbitində xarici siyasət yürüdən BƏƏ-nin qiyamçı qüvvələrə maliyyə və silah dəstəyi verdiyi indi danılmaz faktdır. BƏƏ diplomatlarını ölkədən çıxaran Sudan hökuməti mətbuata verdiyi açıqlamalarda və Birləşmiş Millətlər Təşkilatı, Afrika Birliyi kimi beynəlxalq platformalarda BƏƏ-nin ölkəyə müdaxiləçi mövqeyini açıq şəkildə dilə gətirir və rəsmən sanksiyalar tələb edir. Həqiqətən də Sudan hökuməti martın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına şikayət edərək, BƏƏ-ni müharibəni planlaşdırmaqda və Çadın köməyi ilə qiyamçılara dəstək verməkdə ittiham edib. Sudanın qeyri-sabitliyində ən böyük paya malik olan BƏƏ-nin bu münasibəti beynəlxalq aləmdə reaksiya almağa başlayıb.

Sudan ordusu son üç ayda qiyamçı qüvvələr üzərində üstünlük əldə etsə də, bu şərtlər daxilində hər iki tərəfin qalib gəlməsi ehtimalı azdır. Bütün xarici dəstəyə baxmayaraq, qiyamçı ÇDQ-nin hakimiyyəti ələ keçirməsi və ya Darfuru bölərək, ayrıca hökumət qurmaq şansı getdikcə azalır. Onun regional və qlobal tərəfdarlarının Daqaloya olan ümidi gündən-günə azalır. Aydındır ki, indiki vəziyyət nə münaqişə tərəfləri, nə də onları dəstəkləyən qüvvələr üçün sərfəli olmayacaq. Bu vəziyyətdən xəbərdar olan BƏƏ beynəlxalq reaksiyanın təsiri ilə Sudanda həll yolunun tapılmasının qaçılmaz olduğunu qəbul etməyə başlayıb.

Türkiyənin vasitəçilik cəhdi

Sudan dövləti ilə mədəni əlaqələri olan Türkiyə Respublikası 2019-cu ildə baş verən hadisələrin əvvəlindən Sudanda baş verən hadisələrə Sudanın daxili işi kimi baxıb və tərəfləri heç bir müdaxilə olmadan ölkədə sülhü, sabitliyi təmin etməyə çağırıb. Bundan əlavə, bir çox ölkə səfirliklərini bağladığı halda Türkiyə Port Sudanda açdığı daha təhlükəsiz səfirlik binasında səfirlik xidmətlərini göstərməyə və Sudan xalqına humanitar yardım göstərməyə davam etdi. Bu dövrdə Sudan rəhbərliyi ilə ikitərəfli əlaqələrini davam etdirən Türkiyə Respublikası həm Sudan rəhbərliyinin, həm də ictimaiyyətin sıx tələbləri ilə tərəflər arasında vasitəçilik etmək üçün hərəkətə keçdi. Xarici işlər nazirinin müavini Burhanettin Duranın Sudana səfəri bu səyin ilk addımı hesab olunur.

Sudan böhranının həlli üçün ABŞ, Səudiyyə Ərəbistanı, Misir və Fransa kimi ölkələr tərəfindən bir çox təşəbbüslər irəli sürülüb, lakin sülhün təmin olunması istiqamətində heç bir irəliləyiş əldə olunmayıb. Burhan isə bütün dövr ərzində Türkiyənin vasitəçiliyinə “yaşıl işıq” yandırıb. BƏƏ-nin bu vasitəçiliyi dəstəkləməsi ölkədə sülhün bərqərar olacağına ümidləri yenidən alovlandırıb.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə Ankarada Efiopiya ilə Somali arasında əldə olunan razılaşma Afrika buynuzu bölgəsində hərtərəfli sülhün əldə olunması üçün bir fürsət kimi qiymətləndirildi və Türkiyənin beynəlxalq aləmdə vasitəçilik roluna inamı artırdı. Türkiyənin Afrika qitəsi ilə münasibətlərinə mehriban və qarşılıqlı faydalı yanaşması, beynəlxalq konyukturanın uyğunluğu, Türkiyənin tərəflər qarşısında yüksək nüfuzu və regionda Ərdoğana duyulan etimad və rəğbət bu inamı qidalandıran ən mühüm elementlərdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sudan   Geosiyasi-Fürsat  


Bizi "telegram"da izləyin