Günəş enerjisi sürətli templərlə artmağa davam edir. Son üç ildə günəşdən əldə edilən elektrik enerjisinin miqdarı ikiqat artıb. “Günəş enerjisi qlobal enerji keçidinin hərəkətverici qüvvəsinə çevrilib”, - deyə “Ember”in icraçı direktoru Fil Makdonald qeyd edir. Lakin burada buğdanı samanından ayırmaq vacibdir: isti hava 2024-cü ildə fosil yanacağının istifadəsini artırdı, lakin 2025-ci ildə oxşar sıçrayışın olması çox az ehtimal olunur.
Avropa qaz və nüvə enerjisini təmiz enerji kimi tanıyır, lakin bunları yaşıl gələcəyin əsas elementi kimi qəbul etmir.
Ayrı bir hesabatda “Kopernikus İqlim Dəyişmələri Xidməti” bildirir ki, 2025-ci ilin mart ayı rekord göstəriciyə malik olan ikinci ən isti ay olub və bu da rekord və ya rekorda yaxın temperatur göstəricilərinin ardıcıllığını davam etdirir.
“Ember” illərdir proqnozlaşdırır ki, iqlimi isidən karbon qazı emissiyaları azalmağa başlayacaq. Lakin bu hələ baş vermir, çünki dünyada elektrik enerjisinə tələbat artmaqda davam edir.
Ucuz və quraşdırılması nisbətən asan olan günəş panelləri son 20 ildə sürətlə populyarlaşır. “Ember”in məlumatına görə, 2012-ci ildən bəri günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin miqdarı hər üç ildən bir ikiqat artır. Bu sahədə lider Çindir, günəş enerjisi istehsalının artımının yarıdan çoxu ona aiddir. Hindistanın da günəş enerjisi istehsalı 2023-2024-cü illərə qədər ikiqat artıb. Sürətli artıma baxmayaraq, günəş enerjisi hələ də dünya enerji balansında nisbətən kiçik yer tutur – cəmi 7%. Bu isə yalnız Hindistanın istehlak etdiyi enerjiyə bərabərdir. Külək enerjisi 8%-dən bir qədər çox paya sahibdir, hidroenerji isə 14%-lə təmiz enerjinin ən böyük mənbəyidir. Bununla belə, həm hidroenerji, həm də atom enerjisi (onun payı 9%-dir) külək və günəş enerjisinə nisbətən çox yavaş artır.
Hesabatda deyilir ki, 1940-cı illərdən bəri ilk dəfə olaraq təmiz enerji mənbələrinin xüsusi çəkisi dünya üzrə elektrik enerjisi istehsalında 40%-i keçir. Doğrudur, o dövrlərdə tələbat xeyli aşağı idi və enerjinin əsas hissəsi hidroelektrik stansiyalar tərəfindən istehsal olunurdu. Bu gün isə bərpa olunan enerji mənbələrinin artımına baxmayaraq, elektrik enerjisinə olan tələbat daha sürətlə artır.
Beləliklə, təmiz enerjinin xüsusi çəkisi 40.9%-ə qədər artsa da, istixana qazlarının həcmi azalmağa başlamayıb. “Ember”in hesabatına görə, 2024-cü ildə elektrik enerjisinə qlobal tələbat 4% artacaq. Bu, xüsusilə isti illərdə kondisionerlərdən istifadənin artması ilə əlaqələndirilir. Bu da öz növbəsində elektrik enerjisi istehsalında fosil yanacağının – ilk növbədə kömürün (34%) və qazın (22%) istifadəsinin artmasına səbəb olub. Karbon qazı emissiyaları ötən il artaraq rekord həddə, 14.6 milyard ton təşkil edib. Bu artımın əsas hissəsi sürətlə inkişaf edən Asiya ölkələrindən, xüsusən Hindistan və Çindən qaynaqlanır. Bu ölkələrin artan iqtisadiyyatları getdikcə daha çox enerji tələbatını artırır.
Asif Cəfərov
Ordu.az