3SI-nin yaranması
2015-ci ildə Polşa və Xorvatiyanın təşəbbüsü ilə həyata keçirilən bu təşəbbüs Baltik, Adriatik və Qara dənizləri arasında yerləşən 13 Avropa İttifaqı (Aİ) ölkəsini əhatə edir. Almaniya, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları (ABŞ) və Yaponiyanın strateji tərəfdaş (müşahidəçi) statusu ilə iştirakı isə layihəyə Qərbin strateji dəstəyini simvolizə edir. Lakin bu coğrafi dəhliz bu gün təkcə infrastruktur xətlərinin birləşdiyi bir məkan deyil, həm də Çinin təsirinə və Rusiyanın təzyiqlərinə qarşı təhlükəsizlik zonası kimi yenidən tanımlanır.
3SI-nin dəyişən rolu
3SI Polşanın iki dünya müharibəsi arasındakı dövrdə arzuladığı köhnə “İntermarium” layihəsindən fərqli olaraq, siyasi və ya hərbi bir ittifaq deyil, Aİ üzvü olan region dövlətlərinin enerji, nəqliyyat və rəqəmsal əlaqə sahəsində iqtisadi inkişaf məqsədi ilə bir araya gəldiyi platforma olaraq meydana çıxdı. Bu məqsədləri həyata keçirmək üçün ortaq investisiya fondu yaradıldı və makro-regional layihələr dəstəklənməyə başladı.
3SI-nin əsas strateji sponsoru olan ABŞ üçün isə məsələ köhnə Varşava Paktını əvvəlcə Moskvaya, sonra Pekinə qarşı yenidən canlandırmaqdır. Təşəbbüsün 2016-cı ildə Dubrovnikdə keçirilən ilk sammitində layihənin yeni İpək Yolu ilə birləşdirilməsi məqsədilə o dövrün Çin Xarici İşlər nazir müavini Liu Haixinq və ABŞ prezidenti Barak Obamanın Milli Təhlükəsizlik üzrə müşaviri general Ceyms Cons da iştirak edirdi. Cons bu təşəbbüsün Avropada NATO-nun inkişafında oynaya biləcəyi rola diqqət çəkdi. 2017-ci ildə isə Varşavadakı 3SI Sammitində iştirak edən ABŞ prezidenti Donald Tramp “Bu, böyük geosiyasi, geostrateji və geoekonomik nəticələri olan həqiqi bir transatlantik layihədir” dedi. 2020-ci ildə ABŞ-nin Təşəbbüs fonuna 300 milyon dollar ianə etməsi və o dövrün Dövlət katibi Mayk Pompeonun 3SI ölkələrinin inkişafına bir milyard dollar investisiya ediləcəyini bəyan etməsi, ABŞ-nin Mərkəzi və Şərqi Avropa ilə əlaqələrini gücləndirməkdə maraqlı olduğunu göstərdi. Bu dəstək qətiyyən fədakarlıq deyil, daha çox ABŞ-nin dünyadakı hegemonik mövqeyini qorumaq üçün atılan geostrateji addımdır. Hazırda da Trampın bu dəstəyi davam etdirəcəyi gözlənilir.
ABŞ Çinin Orta və Şərqi Avropadakı artan təsirini ciddi bir təhlükə olaraq görür. Buna görə də, ABŞ-nin dəstəyi ilə 3SI bölgədə mövcudluğunu dərinləşdirərək, Çinin “Kəmər və Yol” və “14+1” kimi təşəbbüslərinə qarşı əhəmiyyətli bir balans elementi ola bilər. Təşəbbüs təhlükəsiz təchizat zəncirləri yaradaraq, enerji təhlükəsizliyi təmin edərək və regionda Çin investisiyalarını məhdudlaşdıraraq, Pekinin Qərbi və Şərqi Avropada təsirini azalda bilər.
Təşəbbüs üçün Rusiya da müəyyənedici və dəyişdirici rol oynadı. Polşa, Rumıniya və Baltik ölkələri kimi şərqdə yerləşən üzvlər Rusiya-Ukrayna Müharibəsindən sonra müdafiə xərclərini artırdı və NATO ilə inteqrasiyalarını dərinləşdirdi. 3SI bu müddətdə həm regional koordinasiyanın, həm də ABŞ ilə ikitərəfli əlaqələrin gücləndirilməsində bir ara platforma funksiyası daşıyır. Xüsusilə ABŞ investisiya fondu ilə bölgənin təkcə iqtisadi deyil, hərbi baxımdan da Transatlantik inteqrasiyasına dəstək verdi.
Bu inteqrasiya çərçivəsində qiymətləndirilməli bir detal kimi, ötən il olduğu kimi bu il də Ukrayna prezidenti Volodimir Zelenskinin “2025 Varşava Sammiti”nə dəvət edilmədiyini qeyd edək. Trampın bu dəstəyi Çin və Rusiya ilə əlaqələndirilə biləcəyi kimi, eyni zamanda Tramp administrasiyasının NATO-ya töhfəsinin zəif olduğunu düşündüyü Qərbi Avropanı kənara qoyması və artıq neft və qaz ixracatçısı olan ABŞ-nin Orta Avropaya enerji və texnologiya satması ilə də əlaqəlidir.
Lakin 3SI-nin transformasiyasında yalnız Rusiya-Ukrayna Müharibəsi deyil, Avropa içərisində baş verən parçalanmalar da təsirli oldu. “Brexit”dən sonra Aİ daxilində şərq-qərb fərqləri dərinləşərkən, Almaniya və Fransanın təhlükəsizlik məsələlərində yavaş hərəkət etməsi Polşa və Baltik ölkələrini öz alternativ təhlükəsizlik mexanizmlərini qurmağa təşviq etdi. Bu məqamda 3SI Aİ daxilində bir növ “Şərqi Avropa təhlükəsizlik koordinasiyası” rolunu oynamağa hazırdır.
Türkiyə: Kənardan mərkəzə bir oyunçu
Türkiyə 3SI-nin rəsmi üzvü deyil. Lakin Qara dənizin cənub sahilində yerləşən və regional təhlükəsizlik memarlığında mərkəzi rol oynayan bir ölkə kimi bu transformasiyanın həm kənarında, həm də mərkəzindədir. Ankara son illərdə Qara dəniz təhlükəsizliyi mövzusunda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Bundan əlavə, Yunanıstanın təşəbbüsə daxil olması ilə layihə Şərqi Aralıq dənizinə qədər uzanır və bu bölgədə də Türkiyə ilə təmasda olur.
Türkiyənin 3SI-yə rəsmi olaraq daxil olmaması onun təsirinin məhdud olduğu anlamına gəlmir. Əksinə, enerji dəhlizləri, logistika xətləri və hərbi əməkdaşlıq mövzularında Türkiyəsiz bir Şərqi Avropa təhlükəsizlik vizyonu natamam qalır. Xüsusilə Rumıniya, Bolqarıstan və Polşa ilə ikitərəfli müdafiə əlaqələri artarkən, NATO çərçivəsində Türkiyə bu bölgənin sabitliyində aktiv rol oynayır.
Gələcəkdə 3SI-nin təhlükəsizlik ölçüsü genişləndikcə, Türkiyənin bu struktura müşahidəçi və ya tərəfdaş statusu ilə daxil edilməsi daha konkret şəkildə müzakirə oluna bilər. Bu, həm Türkiyə-Aİ əlaqələrinə yeni bir sahə aça, həm də NATO-nun şərq cinahını daha inteqrə edə bilər.
Zəif nöqtələr, çağırışlar və infrastruktur
3SI-nin qarşısında duran əsas çağırış heterogen üzv tərkibidir. İqtisadi, siyasi, hətta təhlükəsizlik prioritetləri fərqlənən bu ölkələrin ortaq strategiya hazırlaması asan deyil. Bundan əlavə, Almaniya və Fransa kimi Aİ-nin qurucu üzvlərinin təşəbbüsə ehtiyatlı yanaşması strukturun Aİ daxilində legitimliyini məhdudlaşdıra bilər.
Bu məqamda, Türkiyə kimi xarici tərəfdaşlarla daha çevik, layihə əsaslı əməkdaşlıqlar inkişaf etdirmək 3SI-yə həm çeviklik, həm də strateji dərinlik qazandıra bilər. Xüsusilə Qara dənizin təhlükəsizliyi Rusiyanın dəniz gücünü məhdudlaşdırmaq və regional ticarət yollarını təmin etmək baxımından kritik olaraq qalır. Türkiyənin burada oynadığı balanslaşdırıcı rol 3SI üçün tamamlayıcı xarakter daşıyır.
Rusiyanın qaz kartından istifadə imkanları azaldıqca alternativ enerji xətlərinin əhəmiyyəti artır. Bu sahədə həm Azərbaycan qazının, həm də Şərqi Aralıq dənizi resurslarının Avropaya çatdırılmasında Türkiyə enerji dəhlizi rolu oynamağa davam edir. 3SI ölkələri LNG terminalları, elektrik şəbəkələri və rəqəmsal infrastruktur sahəsində bir-birinə daha çox bağlanarkən, Türkiyə də bu inteqrasiyanın təbii uzantısına çevrilir. Bu səbəbdən, təkcə təhlükəsizlik deyil, iqtisadi əməkdaşlıq baxımından da Türkiyənin bu struktura münasibətini gücləndirməsi həm Ankaranın regional mövqeyini möhkəmləndirər, həm də Aİ daxilində alternativ inteqrasiya modellərinə yol aça bilər.
Yeni təhlükəsizlik memarlığı axtarışında 3SI
Avropada təhlükəsizliyin gələcəyi artıq təkcə Brüssel mərkəzli qərarlarla müəyyən olunmur. Regional təşəbbüslər yeni təhlükəsizlik memarlığının əsas daşlarına çevrilir. 3SI iqtisadi inkişaf layihəsindən çıxıb, regional həmrəylik və strateji dayanıqlığın mərkəzinə çevrilir. Bu transformasiya NATO-nu tamamlayan, Aİ-ni müxtəlifləşdirən bir təhlükəsizlik çətiri təqdim edə bilər. Avropanın gələcəyi ortaq təhdid düşüncələri qədər ortaq həll platformalarından da asılı olacaq. 3SI bu axtarışda mühüm bir hissə olmağa namizəddir.
Bəzilərinə görə 3SI Varşavanın Aİ-dəki Fransa-Almaniya cütlüyünü bloklamaq üçün öz liderliyini irəli sürərək, Berlin və Parisə qarşı blok qurmaq cəhdi kimi də görülə bilər. Qərbi6 Avropadakı bəzi tənqidçilərə görə Polşa Qərbi Avropa ilə rəqabət aparacaq bu Təşəbbüsü qurmaq əvəzinə, Almaniya, Fransa, İspaniya və İtaliya kimi Aİ-nin əsas ölkələrinin yer aldığı qrupa qoşulmağı hədəfləməlidir. 3SI-nin mərkəzdənqaçma təsiri yaratmaması üçün Aİ daxilində uyğun bir zəminin bu təşəbbüsə yer açması və axtarılan yenidənqurma və ya siyasət memarlığında yetərli maraq göstərilməsi vacibdir.
Aİ-nin gələcəkdə yenidənqurulması, xüsusilə enerji və iqtisadiyyat sektorunda Türkiyənin Qərbli müttəfiqləri ilə münasibətlərini yeniləməyin bir yolu ola bilər. Bundan əlavə, əgər 3SI üzv ölkələri Aİ-yə daxil olmayan dövlətlərlə əməkdaşlığa açıq olarsa, bu təşəbbüs Türkiyə ilə Qərb müttəfiqləri arasında sinerjini artırmaq üçün bir vasitə kimi qiymətləndirilə bilər.
Sevinc Əliyeva
Ordu.az