ABŞ silah sistemlərinin 78%-i Çin minerallarından asılıdır? – HESABAT

2025/04/1745835293.jpg
Oxunub: 735     17:43     04 May 2025    
Çinin qlobal tədarükün böyük hissəsini təmin etdiyi kritik mineralların ixracına qoyduğu məhdudiyyətlərin ABŞ müdafiə sənayesinin tədarük zəncirinin təxminən üçdə ikisinə təsir göstərəcəyi qeyd olunub.

Müdafiə sənayesi informasiya şirkəti “Govini” tərəfindən hazırlanmış hesabatda Çinin ixracını məhdudlaşdırdığı qalium, germanium, volfram (tungsten) və tellur kimi kritik mineralların ABŞ-nin silah sistemlərinin 78%-ində istifadə edildiyinə diqqət çəkilib.

ABŞ müdafiə sənayesinin istehsal etdiyi 1900 silah sisteminin istehsal prosesi araşdırılan hesabatda bu sistemlərdə istifadə olunan kritik mineralların böyük bir hissəsinin Çindən tədarük edildiyi qeyd olunub.

Hesabatda müdafiə sənayesində istifadə edilən germaniumun 82,4%-nin, tellurun isə 91,2%-nin Çindən əldə edildiyi, antimuanın isə yalnız 19%-nin Çin xaricindən tədarük edildiyi ifadə olunub.

Hərbi donanmalarda sözügedən minerallara olan asılılığın Dəniz Piyadalarında 61,7%-ə, donanmada isə 91,6%-ə qədər yüksəldiyi qeyd olunub. Bu asılılığın müdafiə sənayesi tədarük zəncirlərinin siyasi və iqtisadi danışıqlarda bir təzyiq vasitəsinə çevrilməsi ilə yanaşı, xərcləri artıraraq istehsal təqvimlərinə də mənfi təsir göstərə biləcəyi vurğulanıb.

Hesabatda F-35 döyüş təyyarələrinin raket xəbərdarlıq sistemlərində istifadə olunan infraqırmızı fokus düzləmi matrislərinin hazırlanmasında antimuan, AN/SPY-6 radarlarının istehsalında qalium, nüvə çöküntülərinin aşkarlanması sistemlərində və “Javelin” raketlərinin infraqırmızı optikalarında germanium, zirehli tank mərmilərində volfram, RQ-21 “Blackjack” pilotsuz uçuş aparatlarının termoelektrik generatorlarında isə tellur elementindən istifadə edildiyi qeyd olunur.

Çinin ixrac nəzarəti tətbiq etdiyi 5 kritik mineralın müdafiə sənayesində istifadəsinin son 15 ildə 23,2% artdığına diqqət çəkilən hesabatda belə qeyd olunub: “Çinin kritik minerallara dair ixrac qadağaları və məhdudiyyətləri məlum bir sirri ifşa etdi: siyasi bəyanatlara baxmayaraq, ABŞ silah sistemlərinin əsas komponentləri üçün Çindən əsaslı şəkildə asılı vəziyyətdədir”.

Hesabatda Çin mənşəli bu çətinliyə qarşı yerli istehsal güclərinin artırılması və strateji ehtiyatların genişləndirilməsi təklif olunub. Çin ABŞ-nin çip sənayesi başda olmaqla texnologiya sahəsində tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq galium, germanium və antimuanın, eləcə də tarif artımlarına qarşı volfram, tellur, bizmut, molibden və indiumun ixracına nəzarət tədbirləri tətbiq etmişdi.

Pekin rəhbərliyi ABŞ-nin “qarşılıqlı tariflər” çərçivəsində tətbiq etdiyi tarif artımlarına cavab olaraq samarium, qadolinium, terbium, disprosium, lütesium, skandium, itrium və onların birləşmələrinin daxil olduğu 7 kateqoriyada nadir torpaq elementlərini ixrac nəzarət siyahısına daxil etmişdi.

17 qrupa daxil olan nadir torpaq elementlərinin təxminən 90%-ni istehsal edən Çin ixrac məhdudiyyəti ilə bu sahədəki qlobal üstünlüyünü iqtisadi bir rıçağa çevirmək niyyətini ortaya qoymuşdu.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin