ABŞ 10 ədəd KC-10 yanacaq doldurma təyyarəsini satışa çıxarıb

2025/04/1744799311.jpg
Oxunub: 600     12:28     21 Aprel 2025    
ABŞ Hərbi Hava Qüvvələri 2024-cü ilin sentyabr ayında xidmətdən çıxardığı 10 ədəd KC-10 “Extender” hava tankerlərini açıq artırma yolu ilə satışa təqdim edib.

Ordu.az xəbər verir ki, satışa çıxarılan bu təyyarələr hal-hazırda uçuşa yaralı vəziyyətdə deyil və ilkin satış qiyməti 500 min ABŞ dolları olaraq müəyyən edilib.

Təyyarələr ABŞ-nin Arizona ştatında yerləşən “Davis-Monthan” Hava Qüvvələri Bazasındakı “açıq hava muzeyinə” gətirilib və orada saxlanılır. KC-10 tankerləri 1981-ci ildən etibarən ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olub. “McDonnell Douglas” şirkətinin DC-10 mülki sərnişin təyyarəsi bazasında hazırlanan bu platforma həm “boom” (borulu), həm də “hose-and-drogue” (səbətli) yanacaq ötürmə sisteminə sahib idi. Təyyarələr NATO ölkələri də daxil olmaqla bir çox müttəfiqə universal hava tankeri kimi xidmət göstərib.

KC-10-lar 2024-cü ildə yerini daha müasir KC-46A “Pegasus” platformasına verərək rəsmi olaraq istismardan çıxarılıb. Lakin bir çox texniki komponenti hələ də istismara yararlı sayılır və gələcəkdə modernizasiya edilib yenidən xidmətə qaytarılması mümkündür.

Satışa çıxarılan bu təyyarələrdə yanacaq ötürmə sistemləri – həm “boom”, həm də “hose” mexanizmləri sökülüb. Təyyarələri əldə edəcək şəxslər və ya qurumlar, istəsələr onları sivil konfiqurasiyaya çevirə və FAA (ABŞ Federal Aviasiya Administrasiyası) tələblərinə uyğun şəkildə yenidən uçuşa yararlı hala gətirə bilərlər.

Qeyd edək ki, Hollandiyanın KLM Hava Yollarından alınan iki ədəd DC-10 təyyarəsi də əvvəllər bu cür modifikasiya edilərək Hollandiya Kral Hərbi Hava Qüvvələri tərəfindən hava tankeri kimi istifadə olunub.

Hazırda bazarda bu tip strateji tanker təyyarələrə ehtiyac duyan bir sıra ölkələrin və özəl hərbi xidmət şirkətlərinin bu satışa maraq göstərəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KC-10  


Bizi "telegram"da izləyin