Ordu.az xəbər verir ki, bu barədə məlumat REPKON USA tərəfindən rəsmi olaraq açıqlanıb. Satınalma nəticəsində şirkət ABŞ və NATO müdafiə sənayesi bazarlarında istehsal gücünü əhəmiyyətli dərəcədə artıracaq və ağır sənaye sahəsində genişmiqyaslı istehsal imkanlarına yiyələnəcək.
Qarlend əməliyyatları təxminən 38 hektar ərazidə yerləşir və müdafiə və aerokosmik sahələr üçün metal komponentlər istehsal edir. REPKON USA-nın prezidenti Brayan Van Brant bildirib ki, bu müəssisənin işçi heyəti yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir və şirkət onların komandaya qoşulmasından məmnundur.
Qeyd olunub ki, bu satınalma REPKON USA-nın son dövrlərdə həyata keçirdiyi bir sıra strateji genişlənmə addımlarından biridir. Şirkət daha əvvəl mühəndislik və proqram idarəetmə gücünü artırmaq məqsədilə “McCormick Stevenson Corporation” şirkətini də əldə edib. Həmin razılaşmanın 2025-ci ilin may ayında tamamlanması planlaşdırılır.
REPKON USA həmçinin fevral ayında BƏƏ-də keçirilmiş IDEX sərgisində “BAE Systems UK” və “REPKON Holdings A.Ş.” (Türkiyə) ilə birgə strateji Anlaşma Memorandumu imzalayıb. Memorandumda sursat istehsalı və energetik maddələr sahəsində əməkdaşlıq nəzərdə tutulur.
2024-cü ilin noyabrında şirkət ABŞ-da son onilliklərin ilk TNT istehsal zavodunun Kentukki ştatının Qrehem şəhərində inşası üçün 435 milyon dollarlıq müqavilə qazanıb. Bundan əlavə, Texas ştatının Teksarkana şəhərində 155 mm-lik artilleriya mərmiləri üçün məmulatların istehsalı üzrə istehsal xətti də şirkətə həvalə edilib.
Məlumata görə, REPKON USA-nın baş ofisi Florida ştatının Tampa şəhərində yerləşir və şirkət bu günə qədər 400-ə yaxın işçini əhatə edən geniş fəaliyyət sahəsinə malikdir.
Sevinc Əliyeva
Ordu.az