ABŞ Hərbi Hava Qüvvələrinin B-1 “Lancer” bombardmançısı nüvə silahı daşıyırmı?

2025/04/1744625909.jpg
Oxunub: 616     14:11     21 Aprel 2025    
ABŞ Hərbi Hava Qüvvələrinin B-1 “Lancer” strateji bombardmançı təyyarəsi əvvəllər nüvə silahı daşımaq üçün nəzərdə tutulsa da, hazırda yalnız konvensional silahlarla təchiz olunur.

Ordu.az xəbər verir ki, B-1 “Lancer” ilk olaraq Soyuq Müharibə dövründə ABŞ-nin nüvə təhdidinə qarşı strateji deterrent vasitəsi kimi hazırlanıb. Lakin 1990-cı illərin ortalarından başlayaraq, bu təyyarənin nüvə funksiyası rəsmi şəkildə ləğv edilib və yalnız adi sursatlarla istifadə olunmağa başlanıb.

ABŞ Prezidenti Corc Buşun göstərişi ilə 1990-cı illərdə təxminən 3 milyard dollar dəyərində modernizasiya proqramı həyata keçirilib. Bu çərçivədə B-1B təyyarəsinin nüvə daşıma imkanları fiziki və texnoloji baxımdan deaktiv edilib. ABŞ Hərbi Hava Qüvvələrinin sənədlərinə görə, 2007-ci ildən etibarən bu təyyarələrin nüvə missiyası rəsmi şəkildə dayandırılıb.

Nüvə imkanlarının deaktiv olunması iki mərhələdə həyata keçirilib: Birinci mərhələdə qanadaltı asqı nöqtələrinin nüvə raketləri ilə təchiz olunmasının qarşısını almaq üçün metal silindrik hissələr əlavə edilib, ikinci mərhələdə isə silah bölmələrindəki xüsusi kabellər çıxarılıb, beləliklə nüvə silahlarına siqnal ötürülməsi qeyri-mümkün hala gətirilib.

1991-ci Körfəz Müharibəsi zamanı B-1 “Lancer” təyyarələrinin istifadəyə verilməməsinin səbəbi də onların nüvə hədəflərinə hazır vəziyyətdə saxlanması ilə bağlı olub. Həmin dövrdə bu təyyarələr Sovet İttifaqı tərəfindən mümkün təhdidlərə qarşı ehtiyatda saxlanılıb və yüksək sürətli, alçaq hündürlüklü uçuş profilləri ilə radar sistemlərindən yayınmaq üçün hazırlanıb.

Bu gün isə B-1B “Lancer” bombardmançıları tam şəkildə konvensional silah daşıyıcısı kimi fəaliyyət göstərir. “Joint Direct Attack Munition” və digər uzaq məsafəli dəqiq sursatların inteqrasiyası ilə bu platforma ağır döyüş sursatlarını yüksək dəqiqliklə hədəfə çatdırmaq qabiliyyətinə malikdir.

Maraqlıdır ki, ABŞ Müdafiə Nazirliyi hələ də bu təyyarələr üçün “yenidən nüvə rolu” (nuclear rerole) planını aktiv saxlayır. STRATCOM (ABŞ Strateji Komandanlığı) ehtiyatda olan nüvə bombalarını təcili vəziyyətlərdə B-1B təyyarələrinə təkrar tətbiq etmək üçün hazır saxlayır. Hesablamalara görə, təxminən 63 təyyarəlik park üçün hər bir təyyarəyə 16 nüvə bombası düşərsə, ümumilikdə 1 000-dən artıq döyüş başlığı operativ hala gətirilə bilər.

Təyyarənin yüksək sürəti, dəyişkən geometriyaya malik qanad quruluşu, geniş sursat daşıma qabiliyyəti və uzun döyüş müddəti onu müasir döyüş strategiyaları üçün əlverişli platformaya çevirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-1-Lancer  


Bizi "telegram"da izləyin