Ordu.az xəbər verir ki, film ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı SEAL bölmələrinin real döyüş xatirələrinə əsaslanır və İraq müharibəsinin konkret bir qarşıdurmasını maksimal dəqiqliklə və realist tərzdə ekranlaşdırmağa çalışır.
Filmin prodüserləri bildiriblər ki, burada məqsəd dramatik effekt yaratmaqdan çox, döyüş meydanındakı xaos və insan psixologiyasını olduğu kimi göstərməkdir. Əsas rollarda gənc aktyorlar Cozef Kvin, Uill Poulter, Kit Konnor və D’Fero Vun-A-Tay çıxış ediblər.
“Warfare” filmi texniki baxımdan real döyüş vəziyyətlərinə uyğun çəkilib. Kinematoqrafiya və ssenari yazımı döyüş mövqelərinin təsvirində yüksək dəqiqliyə və taktiki ardıcıllığa əsaslanır. Ekspertlər filmin döyüş taktikaları və bölmə içi münasibətlərin təsvirinə görə yüksək qiymətləndirildiyini qeyd edirlər.
Rejissorlar bildirirlər ki, bu film təkcə əyləncə məqsədi daşımır, həm də müharibənin insan həyatına təsiri, travmalar və əxlaqi tərəfləri barədə düşünməyə vadar edir. Tənqidçilər isə filmin döyüş filmlərinə yeni baxış bucağı gətirdiyini vurğulayırlar.
Sevinc Əliyeva
Ordu.az