Moldova Milli Antikorrupsiya Mərkəzi seçkilər zamanı qanunsuz maliyyə vəsaitlərinin istifadəsi şübhəsi ilə əlaqədar Qutsulun saxlanıldığını açıqlayıb. Bu, o deməkdir ki, Qaqauziya lideri başqa ölkədən maliyyə alıb və onları prezident seçkilərində iştirak edən namizədlərdən birinin lehinə istifadə edib. Şübhələr var ki, bu vəsaitlər beynəlxalq axtarışda olan və Rusiya Federasiyasında gizlənən Şor tərəfindən təmin edilib.
Qaqauziya muxtariyyətinin başkan müavini Viktor Petrov “RİA-Novosti”yə bildirib ki, əvvəlki gün Moldova Milli Antikorrupsiya Xidməti muxtariyyət hökumətinin binasında axtarış aparıb və Yevgeniya Qutsulun Moskvaya səfərləri ilə bağlı sənədləri müsadirə edib. Keçən il Qutsul Rusiya prezidenti Vladimir Putinlə ən azı iki dəfə rəsmi görüş keçirib.
Bu görüşlərin nəticəsində Rusiya tərəfi qaqauz kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına icazə verib. Qaqauziyanın başkanı həmçinin Türkiyəyə bir neçə səfər edib, lakin türk rəsmiləri ilə görüşlər və razılaşmalar barədə məlumat yayılmayıb.
Sovet dövründə qaqauzlar Moldovada muxtariyyət əldə etməmişdi, bu, milli azlıqların hüquqlarına hörmət öhdəliyi çərçivəsində yaradılmışdı. Qaqauz muxtariyyəti isə mədəniyyət seçimi ilə Rusiyaya və Türkiyəyə yaxın idi və əgər Kişinyov Avrointeqrasiya istiqamətini qəbul etsə, Moldovanı “içəridən partlatmaq üçün vasitə” kimi nəzərdən keçirilirdi.
İndi sanki vaxt yetişib. Moldova Avropa İttifaqına üzv olmaq üçün namizəddir, keçirilən prezident seçkilərində avropapərəst Maya Sandu hakimiyyətdə qala bilib, lakin ölkəni daha bir sınaq gözləyir - qarşıda parlament seçkiləri var. Moldovanın Avropa seçiminin Türkiyə üçün əlverişli olub-olmaması bəlli deyil, lakin Ərdoğanın Qaqauziya muxtariyyətinə xüsusi diqqəti var. Moldovanın Avropa İttifaqına üzvlüyü qaqauz muxtariyyətinin ləğvinə gətirib çıxara bilər. Muxtar Qaqauziya Kişinyova qarşı Rusiya üçün təzyiq vasitəsidir.
Bu baxımdan, Maya Sandu-Yevgeniya Qutsul gərginliyi həm Moskva, həm də Ankara üçün əlverişlidir. İstisna edilmir ki, Qaqauziyanın başkanı İstanbula hansısa mesajı çatdırmağa gedirdi. Mümkündür ki, Moldova prezident seçkilərində Sandunun rəqibinə Türkiyə tərəfi də dəstək verib.
Qaqauziya hökumətinin binasından müsadirə edilən sənədlər nələri ortaya çıxara bilər? Moldovanın məqsədi aydındır: Moldova prezident seçkilərində Rusiyanın maliyyə müdaxiləsinin olduğunu və 300 mindən çox səsin “alındığını” sübut etmək. Ankara hələ Qutsulun saxlanılmasına reaksiya verməyib. Moskva isə bu “qanunsuzluğu” pisləyib və ATƏT-dən Moldovanı Qutsulu azad etməyə məcbur etməsini tələb edib. Lakin məhkəmə Yevgeniya Qutsulu həbs edəcəkmi? Moskva qaqauz üsyanını qızışdırsa nə olacaq? Hibrid müharibənin təzahürlərindən biri də “milli-azadlıq mübarizəsinə” dəstəkdir.
Asif Cəfərov
Ordu.az