Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri məlumat yayıb.
2023-cü ilin aprel ayından etibarən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) adlı yarımhərbi qüvvələr arasında toqquşmalar gedir.
Bu çərçivədə qarşıdurmalar ilk olaraq Sudanın paytaxtı Xartumda başlayıb. RSF qüvvələri döyüşlər başlayandan etibarən Xartumun mərkəzindəki hökumət və iş bölgəsinin şərqində, hava limanının daxilində yerləşdirilib.
Ötən həftə Sudan ordusu əhəmiyyətli qələbə ilə prezident sarayını ələ keçirib. Bu çərçivədə hökumət qüvvələri təxminən iki ildən sonra ilk dəfə prezident sarayına daxil olub.
Nəhayət, Sudan Silahlı Qüvvələrinin (SAF) komandanı Əbdül Fəttah əl-Burhan onun qüvvələrinin Xartum hava limanını RSF-dən geri aldığını açıqlayıb.
Prezident sarayında açıqlama verən əl-Burhan deyib: “Biz Xartumu azad etdik”. O, düşmən qüvvələrin paytaxtdan çıxarıldığını qeyd edib.
Adının açıqlanmasını istəməyən bir hərbi mənbənin AFP xəbər agentliyinə verdiyi məlumata görə, SAF qoşunları Xartumun cənubundakı RSF-nin bölgədəki son əsas qalası olan strateji Cəbəl Evliya ərazisini mühasirəyə alıblar.
“Reuters”in verdiyi xəbərə görə, şəhərin hər yerindən gələn şahidlər və fəallar RSF döyüşçülərinin əvvəllər nəzarət etdikləri məhəllələrdən cənuba, Cəbəl Evliyaya doğru geri çəkildiyini bildiriblər.
Ordu, həmçinin Xartumda Mavi Nil çayını əhatə edən Manşiya körpüsünün hər iki sahilini mühafizə edib. Paytaxtın cənubunda yerləşən Cəbəl Evliya körpüsü RSF-nin nəzarətində olan ərazidən yeganə keçid məntəqəsi olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az