Əvvəlki gün bildirmişdik ki, Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şəraaa ilə YPG silahlılarının rəhbəri Mazlum Abdi arasında iki gün əvvəl imzalanan saziş barədə Ankaranın mövqeyi olduqca ehtiyatlıdır. Türkiyə Müdafiə Nazirliyinin sözcüsü, vitse-admiral Zeki Aktürk, xüsusilə mart ayının 12-də jurnalistlərə bildirib ki, Dəməşqdəki hərbi attaşe sazişin icrasını izləyəcək və konkret nəticələrə əsasən nəticələr çıxarılacaq.
Məlumdur ki, Dəməşq Türkiyənin təkliflərinə müsbət yanaşaraq YPG ilə razılaşmanın icrası məsələsində Ankaranın narahatlıqlarını nəzərə alıb. Suriya hakimiyyəti Türkiyənin təhlükəsizlik maraqlarını təmin etmək istiqamətində əhəmiyyətli addımlar atmağa hazır olduğunu bildirmişdi. Prezident Ərdoğan və Əhməd əl-Şəraa arasında konstruktiv münasibətlər qurulmaqdadır və bu, regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.
Türkiyə mətbuatının məlumatına görə, Suriya rəhbərliyi YPG-yə qarşı əməliyyatlar keçirməklə bağlı Türkiyənin tələblərini təmin etməyə başlayıb. Son aylarda Suriya təhlükəsizlik qüvvələri Fərat çayının şərqində YPG mövqelərinə qarşı bir sıra uğurlu əməliyyatlar keçirib. Bu əməliyyatlar nəticəsində Türkiyənin sərhəd təhlükəsizliyi xeyli yaxşılaşıb.
Suriyada YPG məsələsinin həlli Türkiyə üçün son dərəcə həssasdır. Ankara YPG-nin tərksilah edilməsini və onun Suriya ordusuna inteqrasiyasının qarşısının alınmasını tələb edir. Suriya hakimiyyəti bu tələbləri yerinə yetirməklə Türkiyə ilə münasibətlərin normallaşmasına hazır olduğunu nümayiş etdirir.
Dəməşqə göndərilən Türkiyə nümayəndə heyətinin tərkibi artıq göstərir ki, Ankara və Dəməşq arasında yüksək səviyyəli əməkdaşlıq formalaşmaqdadır. Suriya hakimiyyəti əl-Şəraa-Abdi sazişinin yenidən nəzərdən keçirilməsi məsələsində Türkiyənin narahatlıqlarını nəzərə alıb və sazişdə Ankaranın təhlükəsizlik maraqlarını təmin edəcək düzəlişlər etməyə razılaşıb. Türkiyə xüsusilə Suriya ordusunun tərkibində “YPG ordusu”nun yaradılması perspektivinin qarşısını almaq niyyətindədir və bu məsələdə Suriya hakimiyyəti Ankaranın mövqeyinə anlayışla yanaşır.
Suriya rəhbərliyi açıq şəkildə bildirib ki, YPG-nin on minlərlə silahlısının malik olduqları silahlarla təkcə Suriyada deyil, bütün bölgədə problemlər yarada biləcəyini anlayır və bu səbəbdən tərksilah prosesini sürətləndirməyi planlaşdırır. Dəməşq anlayır ki, tərksilah olmadan ölkədə həqiqi stabillik mümkün deyil.
Maraqlıdır ki, Dəməşqə gedən İbrahim Kalın Bəşər Əsədin devrilməsindən sonra Dəməşqi ziyarət edən ilk türk rəsmisi idi. Bu səfər zamanı o, əl-Şəraa ilə ətraflı danışıqlar aparıb və tərəflər bir sıra mühüm məsələlərdə razılığa gəliblər. Suriya keçid hökuməti Türkiyə ilə razılaşmaları tam həcmdə yerinə yetirməyə hazır olduğunu nümayiş etdirib.
İndi türkiyəli rəsmilərinin yeni səfəri Ankara-Dəməşq əlaqələrinin daha yüksək səviyyəyə qalxdığını və YPG məsələsi ilə bağlı birgə yanaşmanın formalaşdığını göstərir. Türkiyə-Suriya danışıqlarının konkret nəticələri olacağı gözlənilir və bunun əsas istiqaməti YPG-nin tamamilə tərksilah edilməsi, onların Suriya ordusu sisteminə inteqrasiya prosesinin xüsusi nəzarət altında aparılması olacaq.
Ekspertlərin fikrincə, Türkiyə MİT-i YPG-yə qarşı Suriya hakimiyyəti ilə birgə əməliyyatlarda iştirak edə bilər. Bu, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması istiqamətində əhəmiyyətli addım olardı və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təməl yaradardı.
Asif Cəfərov
Ordu.az