Aİ-də mayeləşdirilmiş təbii qaz idxalı azalır, lakin ABŞ və Rusiyadan asılılıq qalır

2026/06/1780734471.jpg
Oxunub: 251     12:24     06 İyun 2026    
Avropa İttifaqında mayeləşdirilmiş təbii qazın (MTQ) idxalı azalmaqda davam etsə də, birlik ölkələrinin ABŞ və Rusiyadan enerji asılılığı hələ də yüksək olaraq qalır.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, İranla müharibənin başlanmasından sonrakı ilk 100 gün ərzində Avropa İttifaqında MTQ idxalında ümumi azalma qeydə alınıb. Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) məlumatlarına əsasən, 2026-cı ilin mart-may ayları arasında Aİ ölkələrində mayeləşdirilmiş təbii qaz idxalı 1,2 faiz azalıb.

Böyük Britaniyada isə azalma daha kəskin olub və təxminən 20 faiz təşkil edib. Nəticədə ümumilikdə Avropa regionunda MTQ idxalı təxminən 3 faiz aşağı düşüb.

Bununla yanaşı, bəzi ölkələrdə əks tendensiya müşahidə olunub. Almaniya ötən illə müqayisədə mayeləşdirilmiş təbii qaz idxalını 72 faiz artıraraq Aİ ölkələri arasında ən yüksək artım göstəricisini nümayiş etdirib. İtaliya və Belçika da qaz alışlarını artıran ölkələr sırasında yer alıblar.

Hesabata görə, Avropa İttifaqının əsas tədarükçülərdən asılılığı da davam edir. Araşdırılan dövrdə ABŞ Aİ-nin ümumi MTQ idxalının təxminən 60 faizini təmin edib və öz payını əvvəlki illə müqayisədə daha da artırıb. Eyni zamanda Əlcəzairdən tədarük 11 faiz, Rusiyadan 25 faiz, Norveçdən isə 84 faiz artıb. Qətərdən idxalda isə azalma qeydə alınıb.

Analitiklərin qiymətləndirməsinə görə, enerji böhranı səbəbindən Avropa İttifaqının enerji daşıyıcılarına çəkdiyi əlavə xərclər təxminən 60 milyard avro artıb. Maraqlıdır ki, bu vəsaitin yalnız kiçik hissəsi. təxminən 2 milyard avro elektrikləşdirmə layihələrinə yönəldilib.

Ekspertlər hesab edirlər ki, bərpa olunan enerji mənbələrinin inkişafı böhranın təsirlərini müəyyən qədər yumşaldır. Onların sözlərinə görə, 2025-ci ildə “təmiz” enerji hesabına Avropa İttifaqı yanacaq idxalına çəkilən xərcləri azaltmağa nail olub. Xüsusilə günəş enerjisinin istehsalında əldə olunan artım ciddi maliyyə qənaəti yaradıb.

Bununla belə, bir çox Avropa ölkəsində elektrik enerjisinin qiyməti hələ də təbii qazın dəyərindən asılı olaraq qalır. Bunun səbəbi bazar mexanizminin son qiyməti ən bahalı enerji mənbəyinin əsasında formalaşdırmasıdır.

Analitiklər vurğulayırlar ki, nəqliyyatın, istilik sistemlərinin və sənaye sektorunun elektrikləşdirilməsinin sürətləndirilməsi uzunmüddətli perspektivdə Avropanın idxal olunan yanacaqdan asılılığını azaltmağa imkan verəcək əsas amillərdən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin