Livanda ölkənin ikinci beynəlxalq hava limanı rəsmi olaraq açılıb

2026/05/1777989366.jpg
Oxunub: 232     20:40     06 İyun 2026    
Livanda ölkənin ikinci beynəlxalq hava limanı rəsmi olaraq fəaliyyətə başlayıb və yaxın həftələrdə sərnişin qəbuluna başlaması gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Təntənəli açılış mərasimi ölkənin şimal-qərbində, Suriya sərhədindən uzaq olmayan “Rene Muavvad” adına hava limanında keçirilib. Tədbirdə Livanın Baş naziri Nəvaf Salam da iştirak edib. Onun təyyarəsi yenilənmiş hava limanına eniş edən ilk təyyarələrdən biri olub.

İndiyədək Livanın yeganə beynəlxalq hava limanı Beyrutdakı “Rafik Həriri” adına hava limanı idi. Son illərdə bu hava limanı qonşu Suriyadan gələn çoxsaylı sərnişin axınına da xidmət göstərdiyindən yüksək yüklənmə ilə fəaliyyət göstərirdi.

Yeni hava limanı ölkənin şimalındakı Akkar vilayətinin sahilyanı Kleyat qəsəbəsində, Beyrutdan təxminən 100 kilometr, Suriya sərhədindən isə cəmi beş kilometr məsafədə yerləşir. Bu bölgə Livanın ən az inkişaf etmiş ərazilərindən biri hesab olunur və uzun illər dövlət investisiyalarından kənarda qalıb.

Açılış mərasimində çıxış edən Baş nazir Nəvaf Salam bildirib ki, layihə yalnız nəqliyyat deyil, həm də sosial-iqtisadi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, söhbət investisiya layihəsindən deyil, balanslı inkişafın və regionlar arasında ədalətin təmin edilməsinə yönəlmiş addımdan gedir.

Nəqliyyat naziri Faiz Rasamni isə bildirib ki, hava limanı fəaliyyətə başladıqdan sonra Türkiyənin İstanbul və Mersin şəhərlərinə, həmçinin BƏƏ-nin Dubay şəhərinə uçuşlar həyata keçiriləcək.

Gələcəkdə Afina, Qahirə və Səudiyyə Ərəbistanının Mədinə şəhəri ilə də hava əlaqəsinin qurulması planlaşdırılır. Hava limanı 1989-cu ildə Beyrutda baş vermiş partlayış nəticəsində öldürülən Livanın seçilmiş prezidenti Rene Muavvadın şərəfinə adlandırılıb. O, prezident seçildikdən cəmi bir neçə gün sonra həyatını itirmişdi.

Qeyd olunur ki, Livan vətəndaş müharibəsinin ən gərgin dövrlərində parlamentin Rene Muavvadı prezident seçdiyi iclas məhz həmin hava limanının ərazisində keçirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Hava-limanı  


Bizi "telegram"da izləyin