“The Telegraph”: Almaniya F-35-lərin uzaqdan bağlana biləcəyindən qorxur

2025/03/1741845771.jpg
Oxunub: 621     19:47     15 Mart 2025    
ABŞ ilə 8,3 milyard avroluq müqavilə imzaladıqdan sonra gələn il dünyanın ən texnoloji cəhətdən inkişaf etmiş 35 döyüş təyyarəsini almağa hazırlaşan Almaniyada narahatlıq var.

Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Almaniya rəsmiləri qorxurlar ki, Rusiya ilə münaqişəyə daxil olma halında Donald Tramp administrasiyası F-35-ləri uzaqdan idarə edərək, onları istifadəyə yararsız hala sala bilər.

“Financial Times”a (FT) danışan müdafiə eksperti Riçard Aboulafia ABŞ-nin proqram təminatında kiçik dəyişikliklər etməklə, F-35-lərin fəaliyyətini dayandıra biləcəyini, lakin bu təyyarələrdə belə uzaqdan söndürmə düyməsinin olduğuna dair hələlik konkret sübut olmadığını deyib.

Lakin 2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayandan sonra Kiyevin ən böyük dəstəkçilərindən biri olan ABŞ prezident dəyişikliyi ilə hərbi yardımı və kəşfiyyat paylaşımını kəsib ki, bu da almanlara təsir edib.

ABŞ-nin Ukraynaya verdiyi F-16-ların havaya qalxmaması ilə bağlı xəbərlər narahatlıqları daha da artırıb.

Almaniyanın silah şirkəti “Hensoldt”un kommunikasiya direktoru Yoahim Şranzhofer bildirib ki, bu təyyarələr radar sistemlərinə dəstəyin kəsilməsi səbəbindən fəaliyyətini dayandırıb.

Ölkəsinin “Bild” qəzetinə danışan Şranzhofer F-35-ləri uzaqdan fəaliyyət göstərə bilməyəcək vəziyyətə salmaq xüsusiyyətinin olması ehtimalı haqqında deyib: “Bu, sadəcə olaraq şayiə deyil”.

Şranzhofer missiya planlaşdırma sistemi vasitəsilə təyyarələrin havaya qalxmasının tamamilə qarşısının alına biləcəyini vurğulayıb.

Kral Birləşmiş Xidmətlər İnstitutundan (RUSI) Castin Bronk FT-yə bildirib ki, müharibə halında bir çox Avropa dövlətlərinin orduları rabitə, radioelektron mübarizə və silah-sursat təchizatında ABŞ-dən çox asılıdırlar.

Münhen Təhlükəsizlik Konfransının keçmiş prezidenti Volfqanq İşinqer də Trampın Ukraynaya dəstəyini geri götürməsinin Almaniyanın müdafiə məsələlərində Vaşinqtona olan inamını sarsıtdığını deyib: “Əgər ABŞ Almaniyanın alacağı F-35-lərlə Ukraynaya etdiklərini edərsə, razılaşmanın ləğvi gündəmə gələ bilər”.

Almaniyada müdafiə büdcəsini artıran “Rheinmetall” əvvəlki həftələrdə iki avtomobil fabrikində silah və sursat istehsalına başlayacağını açıqlamışdı.

Son illər Avropanın silah alışında ABŞ-yə arxalanması da diqqət çəkir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni dərc etdiyi hesabata görə, Avropanın bir çox ölkəsi Ukrayna müharibəsindən sonra müdafiə xərclərini artırmaq qərarına gəlib, qitənin silah idxalı isə 2020-2024-cü illərdə 155 faiz artıb.

2015-2019-cu illərdə qlobal silah idxalının 11 faizi Avropanın payına düşdüyü halda, 2020-2024-cü illərdə bu nisbət 28 faizə yüksəlib.

Avropadakı NATO üzvlərinin silah idxalı 2020-2024-cü illərdə əvvəlki 5 illə müqayisədə 105 faiz artdığı halda, bu silahların 64 faizi ABŞ tərəfindən təmin edilib. Bu nisbət 2015-2019-cu illərdə 52 faiz olub.

2015-2019-cu illərdə 35 faiz olan ABŞ şirkətlərinin qlobal silah ixracatındakı payı 2020-2024-cü illərdə 43 faizə yüksəlib.

Tarixin ən bahalı hərbi layihəsi olaraq xarakterizə edilən F-35 proqramı bir çox problem və gecikmə yaşasa da, 1100-dən çox təyyarə istehsal edilib.

NATO-dan istədiyi raketdən müdafiə sistemini ala bilməyən və Rusiyadan S-400 sistemi alan Türkiyə bu proqramdan kənarda qalıb. Ankara nə təyyarələri, nə də ödədiyi pulu almayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   F-35  


Bizi "telegram"da izləyin