Şərqi Aralıq dənizində yeni dinamika: Cənubi Kipr-Suriya Əlaqəsi və “Mavi Vətən” Perspektivi

2025/03/1741758858.jpg
Oxunub: 867     15:38     17 Mart 2025    
Cənubi Kipr Rum Administrasiyasının (CKRA) Xarici İşlər naziri 20 fevral 2025-ci ildə Dəməşqdə Suriya Ərəb Respublikasının müvəqqəti lideri və Xarici İşlər Naziri ilə mühüm görüş keçirdi. CKRA-nın rəsmi saytında görüşlə bağlı Kipr məsələsinin və dəniz hüququnun vurğulandığı ilə bağlı açıqlama verildi. Bu təmas Şərqi Aralıq dənizində geosiyasi tarazlıqlar baxımından əhəmiyyətli hadisə kimi diqqət çəkir.

CKRA-nın Suriyanın beynəlxalq cəmiyyətə inteqrasiyasını dəstəklədiyini açıqlaması bir tərəfdən Dəməşq rəhbərliyinə Qərb və Avropa İttifaqının təsirini artırmağı hədəfləyərkən, digər tərəfdən Şərqi Aralıq dənizindəki enerji bölüşdürülməsi və dəniz səlahiyyət zonaları mövzularında zəmin hazırlama cəhdi kimi qiymətləndirilə bilər. Mavi Vətən doktrinası çərçivəsində Türkiyə və Şimali Kipr Türk Respublikası (ŞKTR) üçün bu hadisənin strateji mənası yaxşı anlaşılmalıdır.

Suriyanın Mövqeyi və ŞKTR

Türkiyəli jurnalist Səfa Karahasan Suriyanın CKRA ilə təmasına dair belə qiymətləndirmə verib: “Suriyanın Rum Xarici İşlər nazirini “Kipr Respublikasının Xarici İşlər naziri” kimi qəbul etməsi təbiidir. BMT-nin adada rəsmən tanıdığı quruluş 1960-cı il Kipr Respublikasıdır və bu respublikanın qurucusu və ortağı da türklərdir. Əlbəttə, emosional reaksiyalar verilə bilər. Lakin “Suriya rəhbərliyi ŞKTR-i satdı” və ya “Rumları tanıdı” kimi ifadələr reallıqdan uzaq olar. Suriya digər türk dövlətləri kimi diplomatik əlaqələrini davam etdirmək məcburiyyətindədir”.

Burada kritik məqam Suriyanın Şərqi Aralıq dənizindəki geosiyasi tarazlıqları necə idarə edəcəyidir. Türkiyənin Suriyadakı vətəndaş müharibəsi prosesində və sonrasında oynadığı rol nəzərə alındıqda, Dəməşq rəhbərliyinin Ankara ilə münasibətlərini nəzərə almadan regional siyasət həyata keçirməsi mümkün deyil. Nəticədə, Türkiyənin hərbi və diplomatik gedişləri olmasaydı, Suriyada bugünkü hakimiyyətin ayaqda qalması daha çətin olacaqdı.

Bu kontekstdə, Suriyanın Türkiyəni qarşısına almadan tarazlı bir siyasət izləməsi qaçılmazdır. CKRA ilə təmaslarını artırması Ankaranın Şərqi Aralıq dənizindəki maraqlarını görməzdən gəldiyi anlamına gəlmir. Lakin Dəməşq Türkiyə ilə yenidən güclənən əlaqələrini təhlükəyə atmadan, həssas bir diplomatik xətdə hərəkət etmək məcburiyyətindədir.

Xüsusilə son illərdə Türkiyənin Suriya ilə nəzarətli bir normallaşma prosesinə girdiyini nəzərə aldıqda, bu cür təmasların uzunmüddətli perspektivdə ŞKTR-in də oxşar əlaqələr qura bilməsi üçün qapı aralaya biləcəyi deyilə bilər. Belə ki, Suriya ilə birbaşa təmas qurulması halında, ŞKTR prezidentinin də Dəməşqə səfər etmə ehtimalı gündəmə gələ bilər və gəlməlidir.

Mavi Vətən və Geosiyasi Strategiya

Türkiyə, Mavi Vətən strategiyası çərçivəsində Şərqi Aralıq dənizində dəniz səlahiyyət zonaları və enerji resursları üzərindəki hüquqlarını qorumağa yönəlmiş qətiyyətli mövqe nümayiş etdirir.

Suriyanın diplomatik təmaslarını artırması, CKRA-nın ŞKTR və Türkiyəyə qarşı qurduğu koalisiyaya Suriya Ərəb Respublikasını daxil etmə cəhdləri kimi görülə bilər. Bu, bölgədəki enerji bölüşdürülməsi məsələsində yeni əməkdaşlıqlar qurma təşəbbüsü kimi dəyərləndirilə bilər. Lakin Türkiyənin Liviya ilə imzaladığı Dəniz Səlahiyyət Zonaları Sazişi və bölgədə aktiv mövcudluğu bu cür addımları tarazlaşdıracaq gücə malikdir.

Türkiyə və ŞKTR baxımından bu hadisə yalnız diplomatik gediş kimi deyil, uzunmüddətli strateji addımın bir hissəsi kimi nəzərdən keçirilməlidir. Suriyanın Şərqi Aralıq dənizində Türkiyə və ŞKTR-i kənarlaşdıran bir tənliyə daxil olması çox ehtimal olunmasa da, bu cür diplomatik açılımlar bölgədəki güc tarazlıqları baxımından diqqətlə izlənilməlidir.

Nəticə olaraq, CKRA-nın Suriya ilə təmas qurması Türkiyə və ŞKTR-ə qarşı birbaşa təhdid kimi qəbul edilməməlidir. Lakin Şərqi Aralıq dənizindəki enerji və dəniz səlahiyyət zonaları mübarizəsində Türkiyənin qətiyyətli mövqeyini davam etdirməsi və ŞKTR-in beynəlxalq arenada daha çox tanınmasının zəruri olduğu aydındır.

Türkiyənin Mavi Vətən doktrinası təkcə hərbi deyil, diplomatik və iqtisadi gedişlərlə də dəstəklənməlidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   Suriya   Mavi-Vətən  


Bizi "telegram"da izləyin