Qadın minatəmizləyənlər: “Övladlarım bu sahədə çalışdığıma görə çox qürurludurlar” REPORTAJ (FOTOLAR)

2024/03/34-5133401301.jpg
Oxunub: 1224     11:12     23 Mart 2024    
Azərbaycan ərazilərinin minalardan təmizlənməsində xanımları da görmək olur. Təbii ki, hər zaman olduğu kimi bu addım da cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri, bunun normal hal olduğunu desə də, mütləq əksəriyyət qadınlardan minatəmizləyən olmaz fikirlərini önə çəkdilər. Aparılan işlər isə neqativ düşüncədə olanlara sözün əsl mənasında bir ibrət oldu deyə bilərik.

Ordu.az saytı olaraq bu sayımızda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində çalışan xanımlarımızla olan söhbətlərimizi təqdim edirik.


Ərazilərin minalardan təmizlənməsi işinə qoşulan xanımlardan biri də Nərmin Mustafayevadır. Deyir ki, minaxtaran elanını eşidəndə çox sevinib. Çünki, hələ uşaqlıqdan riskli işlərə marağı olub. Düşünüb ki, bu sahə əslində elə onun işidir. Müəyyən edilən qaydalardan keçdikdən sonra artıq 9 aydır ki, minatəmizləmə faliyyətilə məşğuldur. Minatəmizləmə fəaliyyətinə başlayandan bir neçə gün sonra ərazidən ilk piyada əleyhinə minanı tapmaq da ona nəsib olub.

“İlk dəfə qadın minatəmizləmə qrupuna yazılanda elə düşünürdüm ki, həyəcanlı olacam. Amma düşündüyüm kimi olmadı. Burada olan qadınların da eynilə mənim kimi necə ürəkli və bu işi sevərək gəldiklərini görəndə adam bir az da motivasiya alır. Ona görə də həm təcrübə poliqonunda, həm də real təmizləmə sahələrində işə başlayarkən o həyəcanı hiss etmədik. Əksinə gördüyün işin nəticəsini görəndə işinə daha da məsuliyyətlə bağlanırsan”.


N. Mustafayeva deyir ki, ilk minanı aşkar edəndə çox sevinib. Torpaqdan tapılan hər bir partlayıcı özündən qat-qat böyük ərazinin bir təhlükədən təmizlənməsi deməkdir. Bu təmizlənmədə də onun əməyinin olmasına görə özüylə qürur duyur.

“Bizim minatəmizləmə qrupumuz ilk əmək fəaliyyətinə Ağdamın Baş Qərvənd kəndindən başladı. İlk minanı da fəaliyyətimizdən bir neçə gün sonra tapdıq. Qaydalara uyğun olaraq ərazinin araşdırılmasını aparırdım. Detektorun səsini eşidəndə ilk olaraq metal qırıntısı olduğunu düşündüm. Çünki, bu ərazilərdə belə qırıntılara çox rast gəlinir. Amma diqqətlə araşdırmağa başladım. Yeri təmizləyəndə bunun mina olduğunu gördüm. Tapdığım mina isə piyada əleyhinə “R 001” minasıydı. Qadın minatəmizləmə qrupunda ilk müsbət nəticə əldə etdiyim üçün çox sevincli idim” deyə N. Mustafayeva bildirib.


Qadın minatəmizləmə qrupunda çalışan xanımlarımızın əksəriyyəti ailəli xanımlardır. Hər nə qədər ailədə qazanc gətirənin yalnız kişi olduğu düşüncəsi çox yayılsa da, hər zaman Azərbaycan xanımları öz əmək fəaliyyətləri ilə bu qazanca öz töhfələrini verməyə çalışıblar. Qadınların əmək fəaliyyəti hər nə qədər riskli iş olursa-olsun, öhdəsindən layiqincə gəlməyi və hətta ən yüksək nəticələr əldə etməyi belə bacarıblar.

Qadın minatəmizləmə qrupunda ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyətində çalışan xanımlardan biri də Sehran Babayevadır. Müsahibimiz deyir ki, əslən Ağdam rayonunun Abdal-Gülablı kəndindəndir. Hazırda isə məcburi köçkün kimi, Xındırıstan kəndində yerləşən uşaq bağçasının binasında məskunlaşıb. Uzun illər yaşadığı məcburi köçkün həyatı ona mübariz olmağı və həyatda uğurlar əldə etməyi öyrədib. Kəndlərinin işğaldan azad edilməsi onu çox sevindirməklə yanaşı, doğma evinə köçəcəyi günün də yaxın olmasına inamını möhkəmlədib. Sehran xanım torpaqlarımızın “gözəgörünməz” düşməndən təmizlənməsində mübarizə aparmağı, təkcə özü və ailə üzvülərinin deyil, eyni taleni yaşayan yüz minlərlə soydaşlarımızın öz evlərinə tez qayıtmalarına öz əməyi ilə dəstək vermək istəyir.


“Biz hazırda Ağdam ərazisində minatəmizləmə fəaliyyəti ilə məşğuluq. Ərazilərin təhlükəli olması, mina və partlamamış hərbi sursatlarla çirkləndirildiyini bilirik. Lakin bu hal bizi qorxutmur. Əksinə biz öz işimizi çox qürurla davam etdiririk. Əsas məqsədimiz isə ondan ibarətdir ki, soydaşlarımız ermənilərin viran qoyduğu evlərinə dönərək burada yenidən həyatı canlandırsınlar”.


Gördükləri işin təhlükəli və ciddi məsuliyyəti olan iş olduğunu və əmək fəaliyyətlərini bu risklər alatında davam etdirən qadınlardan onların hər birinin öz işinə xüsusilə can yandırmasından böyük fərəh hissi ilə danışan Sehran xanım ailəli və 4 övladı olduğunu deyir. Onun bu işindən təkcə özü deyil, elə övladları da fəxr edirlər. “Ailəliyəm 4 övladım var. Onlardan ikisi oğlan, ikisi isə qızdır. Böyük övladımın 25 yaşı var. Kiçik oğlumun isə 8 yaşı var. Mən bu sahəni seçmək üçün qərarımı evdə bildirəndə təsadüfən efirdə mina partlaması nəticəsində xəsarət alanların olamsı xəbəri verilirdi. Buna görə də uşaqların qəribə nəzərlərlə mənə baxdığını gördüm, amma qərarımın qəti olmasını deyəndə, övladlarım da normal qarşıladılar. Amma hiss edirdim ki, narahatlıqlarını büruzə vermirlər. Ancaq indi övladlarım bu sahədə çalışdığıma görə çox qürurludurlar. Əslində belə də olmalıdır. Çünki, övladlarım yaxşı bilirlər ki, onların anası ən doğma analarının sinəsini düşmən izlərindən təmizləyir”.


Günün sonuna doğrudur. Minatəmizləmə sahələrində işlərini yekunlaşdıran xanımlarımız tabeliklərində olan əşyaları toplayıb sahəni tərk edirlər. Amma sabah yenidən bu sahəyə gələcəklər, əsas istəkləri isə “Ana Vətən” torpaqlarının tez bir zamanda təmizlənməsidir.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Mina   Qadın   Ağdam   ANAMA  


Bizi "telegram"da izləyin