Ermənistan ordusunun arsenalında olan OTRK-lar - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2020/10/333-1602162191.jpg
Oxunub: 15031     15:51     13 Oktyabr 2020    
Ermənistanın silahlanmasında mövcud olan silah sistemlərinin Azərbaycan audiotoriyası üçün daim aktual olduğunu nəzərə alan Ordu.az redaksiyası, bu dəfə işğalçı ordunun silahlanmasında yer alan Operativ Taktiki Raket Kompleksləri (OTRK) barədə araşdırma apararaq nəticələrini oxuculara təqdim etmək qərarına gəldi. Bəzən bu raketləri bəzi Azərbaycan KİV-ləri yanlışlıqla əməliyyat taktiki raket kompleksi adlandırır, bu isə kompleksin təyinatını tam əks etdirmir.

Hazırda Ermənistan Silahlı Qüvvələrinin arsenalında 4 ədəd 9K720 "İskəndər-E", 8 ədəd 9K72 "Elbrus" və 4 ədəd "Toçka-U" tipli OTRK-lar mövcuddur. "Elbrus" və "Toçka-U" kompleksləri SSRİ-də hazırlanıb və istehsal edilib. Həmçinin "İskəndər" də SSRİ-də hazırlanıb, istehsalı isə Rusiyada həyata keçirilib.


Ermənistanın ödənişsiz olaraq Rusiyadan əldə etdiyi "İskəndər" komplekslərinə eyni şərtlərlə yalnız Belarus maraq göstərib. Əlcəzairin isə bu kompleksləri almaq niyyəti, sadəcə kağız üzərində qaldı.

Digər ənənəvi Sovet/Rusiya slahlarını əldə edən ölkələrin maraq dairəsindən kənarda qalan komplekslər barədə Ordu.az vasitəsilə məlumat verildiyi üçün təkrara yol vermədən "Elbrus" və "Toçka-U" kompleksləri barədə fikirlərimizi Sizinlə paylaşırıq. Maraqlananlar aşağıdakı linkdə "İskəndər" OTRK və onun imkanları ilə yaxından tanış ola bilərlər.

9K72 "Elbrus"

Yaranması və ilk sınaqları

1957-ci ilə qədər 88-ci ETİ-nin konstruktor bürosunda hazırlanan maye yanacaqlı raketə 8K14 indeksi verildi. Raketin ilk sınaq buraxılışı 12 dekabr 1959-cu ildə Kapustin Yar poliqonunda baş verdi.



9K72 "Elbrus" ("Scud-B") taktiki raket komplekslərində ballistik raketlərin 8F44M-1 döyüş başlıqlarından istifadə olunur. "Elbrus" OTRK canlı qüvvəni, idarəetmə mərkəzlərini, aerodromları və digər vacib düşmən hədəflərini məhv etmək üçün nəzərdə tutulur. 50-300 km atəş məsafəsinə malikdir.

50 il əvvəl hazırlanan kompleks mənəvi və fiziki cəhətdən tam köhnəlib. Tək o faktı demək kifayətdir ki, 1980-ci illərin sonlarından etibarən "Elbrus" üçün ehtiyat hissələr və komponentlər istehsal edilmir.

Ermənistana ixracı

Ermənistan 9K72 "Elbrus" OTRK-larını və onlar üçün 32 ədəd maye yanacaqlı, R-17 qəlpəli-fuqas raketlərini 1993-96-cı illərdə Rusiyadan əldə edib. Bu komplekslər üçün ekipajlar və mütəxəssislər Rusiya Federasiyasının Kapustin Yar poliqonunda hazırlanıb. Bu, Rusiya Dövlət Dumasının 2 aprel 1997-ci il tarixli iclasında general L.Ya.Roxlinin çıxışı zamanı məlum olub. Ermənistana əvəzsiz silah ötürmə ənənəsi bu günə qədər fasiləsiz olaraq davam edir.


Raket bölməsinin mümkün quruluşu

Ernənistanda 8 ədəd kompleksin olması, işğalçı ölkənin 2 ədəd raket divizionuna malik olduğunu, bu divizonun hər birində 4 döyüş batareyası, hər batareyanın isə 1 ədəd atıcı qurğuya malik olduğu ehtimal edilir.

9K72 "Elbrus" kompleksində R-17 (istehsal indeksi 8K14, ABŞ Müdafiə Nazirliyi və NATO-da "SS-1c Scud B" (qısaca "Scud B") kimi təsnifatlandırılan raketdən istifadə edilir. İxrac təyinatı R-300 olan təkpilləli raket sovet zabitləri tərəfindən qeyri-rəsmi olaraq "kerosinka" adlandırılırdı.

Kompleksin tərkibi

9K72 "Elbrus" OTRK-nın tərkibi aşağıdakılardan ibarətdir:

- 8K14 raketləri;
- Atıcı qurğu;
- Döyüş başlıqları;
- Qaldırma-nəqliyyat avadanlıqları;
- Yanacaq doldurma vasitələri;
- Sınaq avadanlıqları;
- Köməkçi avadanlıqlar.

Taktiki-Texniki Xüsusiyyətləri


Atəş məsafəsi: 50-300 km;
Start kütləsi: 5862 kq;
Raketin yanacaqsız kütləsi: 2076 kq;
Uzunluğu: 11164 mm;
Korpusun diametri: 880 mm;
Stabilizatorun diametri: 1810 mm;
9P117 raketinin atıcı qurğu ilə kütləsi: 37 t;
Maksimum uçuş məsafəsi: 500 km;
9P117 atıcı qurğusunun heyəti: 8 nəfər;
Hədəfdən yayınma radiusu: 450 m (ilkin P-11 versiyasında 3000 m).


Döyüş tətbiqi

1962-ci ildə istifadəyə verildikdən sonra bu komplekslər növbə ilə SSRİ, Varşava Müqaviləsi və digər sosializm düşərgəsinə daxil olan ölkələrin Quru Qoşunlarının raket briqadalarının silahlanmasına qəbul edildi. Sovet-Çin münasibətlərinin pisləşməsi səbəbindən onlar Çinə verilmədi. Raketlərin əsasən R-17E və ya R-300 modifikasiyaları ixrac edildi. KXDR, Pakistan və İranın orta mənzilli raketlərini yaratmaq üçün R-17 texnologiyasından istifadə etdiyi iddia edilir.


1973-cü il müharibəsi zamanı Misir tərəfindən az miqdarda P-17-lər İsrailə qarşı uğursuzluqla istifadə edildi.

1979-1989-cu illərdə Əfqanıstanda döyüş əməliyyatları apararan SSRİ 9K72 divizionu mindən artıq buraxılış həyata keçirdi. Bu raketlər elan ediləndən daha qısa məsafələrə, əsasən 60 km məsafəyə atılırdı. Raket hədəf bölgəsinə yaxınlaşdıqda mühərrik söndürülürdü, raketin çənlərində yarım ton əsas yanacaq və ən azı iki ton oksidləşdirici qalırdı, bu isə qəlpəli-fuqas döyüş başlığının partlayışına müsbət təsir edirdi.

Sovet qoşunları geri çəkildikdən sonra P-17-lər Əfqanıstan ordusu tərəfindən istifadə olunmağa davam etdi. 20 aprel 1991-ci ildə atılan üç raket hədəfdən yayınaraq Əsədabad şəhərindəki bazara düşdü, nəticədə təxminən 300 nəfər mülki əhali həlak oldu və 700 nəfər yaralandı.

Bir sıra dövlətlərə istismara verilən 9K72 kompleksi çox sayda lokal müharibələrdə tətbiq edilib.

1973-cü ildə Misirin raket bölmələri İsrailin Sinaydakı hədəflərinə bir neçə 8K14 raketi atdı. İtki qeydə alınmadı.

İraqda 8K14 bazasında yaradılan "Əl Hüseyn"və "Əl Abbas" ballistik raketlərinin döyüş başlıqlarının kütləsi 250 və 500 kq-a qədər azaldıldı. Yükü azaltmaqla və təkmilləşdirilən güc qurğuları sayəsində bu raketlər maksimum 550 və 850 km uçuş məsafəsinə əldə etsələr də, 8K14-dən əldə edilən tuşlama sistemlərinin bərbad dəqiqliyi vəziyyəti bir qədər də pisləşdirdi.


1980-1988-ci illərdə, İran-İraq müharibəsi zamanı, P-17 və onun variantları "şəhərlər müharibəsi"ndə hər iki tərəfdən böyük yaşayış məntəqələrinə qarşı zərbələrdə istifadə edildi. Dağıntı və itkilər qeydə alındı.

"Səhra Fırtınası" əməliyyatı zamanı İraq bu raket sistemlərini dəfələrlə ABŞ ordusuna, Küveyt, İsrail və Səudiyyə Ərəbistanındakı mülki hədəflərə qarşı istifadə etdi. Bu qarşıdurma zamanı R-17 raketlərinə qarşı ABŞ və İsrail hava hücumundan müdafiə sistemlərinin effektivliyi məlum oldu. ABŞ-ın MIM-104 "Patriot" havadan müdafiə sistemi xüsusilə fərqlənirdi.

1994-cü ildə Yəməndə baş verən Vətəndaş Müharibəsi zamanı hər iki münaqişə tərəfi bu raketlərdən istifadə etdi.

1999-cu ilin sentyabr ayında, yəni İkinci Çeçenistan Müharibəsi zamanı 60-cı quru qoşunlarının raket qüvvələrinin döyüş tətbiqi təlim mərkəzinin bazasında (42202 saylı hərbi hissə, Kapustin Yar, 71-ci sahə) Qafqazdakı döyüşlərdə iştirak etmək üçün 97211 saylı hərbi hissə (630-cu əlahiddə raket divizionu, komandiri polkovnik-leytenant İ. İ. Zaxarçenko) yaradıldı. 9K72 raket kompleksi ilə silahlanan divizion Çeçenistan ilə sərhəddə yerləşən keçmiş Russkaya kəndinin ərazisində yerləşdirildi. 1 oktyabr 1999-15 aprel 2001-ci ilədək davam edən döyüş əməliyyatları zamanı divizion Rusiya silahlanmasında mövcud olan və istifadə müddəti bitən 250 ədəd 8K14 raketlərini Çeçenistan ərazisinə atdı.

Raket atışları başa çatdıqdan dərhal sonra divizion atıcı qurğu və digər texnikaları saxlanma bazasına təhvil verdi və 2001-ci ilin aprelin sonunda Kapustin Yar poliqonunun 71-ci sahəsinə yerləşdirildi. 2005-ci ildə 630-cu əlahiddə raket divizionu Rusiya Federasiyasında 9K720 "İskəndər" kompleksini əldə edən ilk bölmə oldu.


Yəməndə Səudiyyə Ərəbistanı ilə Husilər arasında müharibədə qiyamçılar tərəfindən Krallıq ərazisindəki hədəflərə bir neçə dəfə "Elbrus" raketləri atılıb. Rəsmi Ər-Riyad, raketlərin "Patriot" havadan müdafiə sistemi tərəfindən ələ keçirildiyini bildirib. Fransa və İran mənbələri isə əslində Husi qiyamçılarının Səudiyyə Ərəbistanına 12 ədəd "Elbrus" raketi atdığını, bunlardan yalnız 3-nün HHM tərəfindən vurulduğunu, qalanların isə nəzərdə tutulan hədəflərin yaxınlığında və ya yaşayış olmayan boş ərazilərdə yerə düşdüyünü yazırdı.

İstifadəçiləri

Ermənistandan başqa Rusiya, Belarus, Vyetnam, Misir, Suriya, Yəmən, Şimali Koreya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Suriya və Türkmənistan ordusu bu komplekslərə malikdir. Onlardan "Hizbullah" silahlı qruplaşması da istifadə edir.

1988-ci ildən etibarən Votkinsk zavodunda 8K14 (8K14-1) raketlərinin istehsalı dayandırılıb. 1990-cı ildən sonra isə yeni komplekslərin yığılması həyata keçirilməyib.

Raketin texniki yararlılıq müddətinin 22 il olduğunu nəzərə alsaq (bəzi giroskopik cihazlar isə ən geci 20 illik istismardan sonra dəyişdirilməlidir), deməli Votkinsk zavodunda istehsal edilən ən sonuncu raketin belə texniki yararlılıq müddəti 8 il əvvəl başa çatıb. Buna görə də bir çox ölkələr, o cümlədən Ukrayna, Almaniya (ADR), Macarıstan, Bolqarıstan, İran, Polşa və Ruminiya bu kompleksləri silahlanmadan çıxarıb.

Ermənistanda modernləşmə

İstehsalçı 9K72 "Elbrus" OTRK-sını bütün dünyada etibarlılığını sübut etmiş və döyüşün taleyini həll edən kompleks kimi təqdim etməyə çalışsa da, bunu təsdiqləyəcək faktlara rast gəlinmir. Qlobal iqtisadi böhran səbəbindən, bir çox ölkələr, o cümlədən supergüclər belə istismar müddəti başa çatan və ya köhnələn silah sistemlərini istismardan çıxarmaq və yeniləri ilə əvəz etməkdən imtina edir, mövcud olan kompleksləri modernləşdirməyə üstünlük verirlər. 9K72 "Elbrus" OTRK daim hədəfdən yüksək yayınma radiusuna görə tənqidlərə məruz qalırdı. Ermənistanın da bu faktorları əsas götürərək bəzi "qlobal" layihələrə başlamaq qərarı əslində təəccüblü hesab edilməməlidir. Çünki, artıq bütün "ilk ixtiralar" məhz bu ölkədə baş verir.


2013-cü ilin oktyabr ayında "Haykakan Banak" hərbi-elmi jurnalında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini polkovnik M.O. Babacanyana istinad edilərək Ermənistanın müdafiə sənayesinin "Müasir texnologiyalardan istifadə etməklə 9K72" Elbrus" operativ-taktiki raket kompleksini daxili imkanları hesabına modernləşdirdiyi" barədə məlumat dərc edildi.

Məlumatda deyilirdi ki, ölkə sənayesinin imkanları ilə 9K72 "Elbrus" operativ taktiki raket komplekslərinə aid raketlərin, döyüş başlıqlarının və 9P117M atıcı qurğularının xüsusi elementlərinin modernləşdirilməsi üçün geniş miqyaslı tədbirlər həyata keçirilib. Görünür ki, erməni tərəfi modernləşdirmə fəaliyyətlərinin tam məqsədini və bu işlərin həcmini ya tam təsəvvür etmir, ya da bilərəkdən imkanlarını olduğundan artıq göstərməyə çalışır.

Raket kompleksinin modernləşdirilməsi ilk növbədə idarəetmə sistemindən başlamalıdır. Bu proseslər kompleksin zaman göstəricilərinin azaldılmasına, təmir və istismar səmərəliliyinin artırılmasına, eyni zamanda sözügedən silahların texniki xüsusiyyətlərinin, o cümlədən istismar müddətinin uzadılmasına imkan yaratmalıdır. Modernləşdirmə zamanı idarəetmə sisteminin və cihazlarının nəhəng texniki xidmət bazası tam avtomatlaşdırılmalı və kompüterlər tətbiq edilməlidir. OTRK-nın modernləşdirməsi mütləq hava şəraitindən asılı olmayaraq ərazidə (start mövqeyində) təmir işlərinin aparılmasına imkan verməlidir.

Ermənistan tərəfi modernləşmə sayəsində raketin məsafəyə görə 450 metrlik hədəfdən yayınmasını orta hesabla 120 metrə qədər azaltdığını bildirdi. Raketin modernləşməsinə aid istehsal sexindən video kadrlar nuşayiş etdirilsə də, nəinki raketin 120 metr hədəfdən yayınmasını, hətta onun buraxılmasını sübut edən görüntülər təqdim edilmədi. İstehsalçı ölkənin özü belə təlimlərdə OTRK-dan elektron buraxılışlara üstünlük verir, lakin Ermənistan tərəfi isə bu detalı heç zaman gündəmə gətirmir.


Təbii ki, 2013-cü ildə Ermənistan müdafiə sənayesinin istehsalçıdan 3.5 dəfə daha dəqiq OTRK dəqiqliyinə nail olması, sadəcə növbəti erməni təbliğatı və onun gülünc nəticəsidir. Əgər həqiqətən də belə bir dəqiqlik əldə olunsaydı, bu komplekslərdən istifadə edən ölkələr Ermənistanda modernləşdirmə üçün növbəyə düzülməli idilər. Elə Rusiyanın özü də...

Raketin uçuş məlumatları qədim yük maşınlarının bazasında yerləşən TR-550 qrafik cihazının cədvəlindən istifadə edərək müəyyənləşdirilir. Kompleksin hədəf koordinatlarını əldə etdikdən sonra raketin buraxılması üçün hesablama müddəti heç bir halda qənaətbəxş hesab edilə bilməz. 60 yaşlı bu cihaz hesablama üçün əhəmiyyətli müddət tələb edir. Bu müddət ərzində isə hədəfin yer dəyişməyəcəyinə (2008-ci ildə Rusiya Gürcüstan artilleriya divizionunun yerləşdiyi ərazinin koordinatlarına aid hesabatları başa çatdırıb, "İskəndər" raketindən atəş açana qədər, gürcü özüyeriyən batareyası ərazini tərk etmişdi) heç kim zəmanət verə bilməz. Bu zaman göstəricilərin azaldılmasına istehsalçının nail ola bilmədiyi halda, buna indiyə qədər bir ədəd raket mühərriki və ya tuşlama sistemi istiehsal etməyən Ermənistanın nail olduğu heç inandırıcı görünmür.

9K79 "Toçka-U"


Ermənistan Silahlı Qüvvələrinin silahlanmasına daxil olan digər bir operativ kompleks 9K79 "Toçka-U" OTRK-dır. NATO təyinatı SS-21 "Scarab A" olan kompleks "Orta və yaxın mənzilli raketlər" haqqında müqavilədə OTR-21 olaraq təsnifatlandırılır.

Hazırlanması

SSRİ-nin KBM müəssisəsində 1968-ci ildən inkişaf etdirilən kompleksin sınaqları 1971-1974-cü illərdə keçirilib. Digər OTRK-lar ilə eyni təyinata malik kompleks 1975-ci ildə SSRİ-nin silahlanmasına qəbul edilib.

Kompleksin raketləri isə Votkinsk Maşınqayırma Zavodu və "Barrikada" İstehsalat Birliyi tərəfindən hazırlanıb. Diviziyanın taktiki raket kompleksi kimi inkişaf etdirilən "Toçka" OTRK 1980-ci illərin sonlarından bəri ordu birləşmələrinə çatdırılmağa başladı. 1975-ci ildə Sovet Ordusu tərəfindən rəsmi olaraq silahlanmaya qəbul edilən kompleksin raketlərinin kütləvi istehsalına 1973-cü ildə başlanıb.

Passiv radiolokasiyalı özütuşlanan başlıqlı "Toçka-R" versiyası 1983-cü ildə istismara verildi. Atış məsafəsi 120 km-ə qədər artırılan qatı yanacaqlı 9K79-1 "Toçka-U" (NATO təyinatı - "Scarab B") 1986-1988-ci illərdə dövlət sınaqlarından keçirildi.

1989-cu ildə qoşunlara çatdırılan kompleksin raketləri Votkinsk Maşınqayırma Zavodunda (digər mənbələrə görə Qazaxıstan Petropavlovsk Ağır Maşınqayırma Zavodunda) istehsal edildi.



Atıcı qurğular üçün VAZ-5921 markalı xüsusi şassi və VAZ-5922 nəqliyyat doldurma maşınlarının istehsalı Bryansk Ağır Maşınqayırma Zavodunda, atıcı qurğuların montajı isə "Barrikada" İstehsalat Birliyində həyata keçirildi. Raket kompleksinin komponentlərinin istehsal prosesində Sovet İttifaqının bir çox müəssisələri iştirak etdi.

Döyüş avadanlıqları və sursatları

9K79 kompleksinin inkişafı və istismarı illərində geniş çeşiddə döyüş avadanlıqları yaradılıb. Onların arasında həm xüsusi (nüvə və kimyəvi), həm də adi döyüş başlıqlarına malik raketlər mövcuddur. Raketlər 9N39, 9N64, AA-92, 9N123F, 9N123K, 9N123F-R (9N123F-P2, 9N123F-P3),9N123Q2-1 və s. döyüş başlıqları ilə təchiz edilə bilər. Ermənistanın silahlanmasında mövcud olan 9M79F (9M79-1F) raketlərinin 9N123F qəlpəli fuqas başlıqlarla təchiz edildiyi ehtimal edilir.

Döyüş başlığının kütləsi 482 kq, TQ-20 partlayıcı maddəsinin kütləsi 162.5 kq, qəlpələrin sayı 14.5 min, məhvetmə sahəsi 2-3 hektardır. Hədəfə yaxınlaşarkən raket döyüş başlığının partlayış enerjisindən ən səmərəli istifadəsini və sursatın hədəflə 90 °-ə yaxın görüşmə bucağını təmin etmək üçün manevr edir.

9N123F döyüş başlığının maksimum məhvetmə sahəsini əldə etmək üçün raket yer səthindən 20 metr yüksəklikdə partladılır.

Atıcı qurğu



9P129 atıcı qurğusu üçoxlu və üzən VAZ-592 avtomobil şassisi üzərində quraşdırılıb. Ön və arxa cüt təkərlər idarəetmə qabiliyyətlidir, bu da nisbətən kiçik (7 metrlik) dönmə radiusunu təmin edir. Atıcı qurğunun tərkibi onun tamamilə müstəqil istifadəsini təmin edir. Onun tərkibinə daxildir:

- yerüstü idarəetmə-buraxılış avadanlığı;
- raketin optik kanal boyunca hədəf almasını təmin edən nişangah sistemi;
- uçuş məlumatlarının quraşdırılması konsolu;
- topogeodezik istinad avadanlığı;
- R-173 radiostansiyası;
- filtrasiya və havalandırma qurğusu;
- atıcı qurğunun heyəti dörd nəfərdən: heyət rəisi, heyət rəisinin müavini (o həm də böyük hesablayıcı operatordur), mexanik-sürücü, və operatordan ibarətdir.


Kompleksin tərkibi


"Toçka-U" kompleksinin tərkibinə aşağıdakılar daxildir:

- müxtəlif növ döyüş başlıqlarına malik 9M79-1 raketləri ("Toçka"kompleksi üçün - 9M79);
- 9P129-1M atıcı qurğusu;
- 9Т128-1nəqliyyat-yükləmə vasitəsi;
- 9Т238 nəqliyyat vasitəsi;
- 9V819-1 avtomatlaşdırılan nəzarət-sınaq maşını;
- 9V844M texniki xidmət maşını;
- 9F370-1 ehtiyat avadanlıqlar maşını;
- Təlim vasitələri:
- 9F625M stimulyatoru;
- raketlərin tam ölçülü maketləri;
- 9M79-UT təlim məşq raketləri və onların döyüş başlıqları.

Modifikasiyaları

- 9K79 "Toçka" kompleksin standart versiyasıdır;
- 9K79-1 "Toçka-U" standart 9K79 "Toçka" bazasında və onun raketlərindən istifadə edən və təkmilləşdirilən versiyadır;
- 9K79M "Toçka-M" dərin modernləşdirilmənin başa çatmayan uğursuz layihəsidir.


Taktiki-Texniki Xüsusiyyətləri

Atəş məsafəsi:
minimum: 15 km;
maksimum: 120 km;
Raket sürəti: 1100 m/s;
Start kütləsi: 2010 kq;
İşləmə müddəti: 18-28 san;
Maksimum məsafəyə uçuş müddəti: 136 san;
Raket uzunluğu: 6407 mm;
Raket diametri: 650 mm;
Qanad açılımı: 1440 mm;
Döyüş başlığının kütləsi: 482 kq-a qədər;
Buraxılışa hazırlıq müddəti:
1 saylı hazırlıq vəziyyətindən 1: 2 dəq;
səfər vəziyyətindən 16 dəq;
Atıcı qurğunun tam kütləsi (raket və heyət ilə): 18145 kq;
Raketin kütləsi: 2010 kq;
Raket blokunun kütləsi: 1528 kq;
Yanacaq kütləsi: 1006 kq;
Uçuş sürəti: 1036 m/s;
Maksimum trayektoriya hündürlüyü: 26000 m;
Mümkün yayınma radiusu: 250 m.


Bir raketlə atıcı qurğunun maksimum hərəkət sürəti:



magistral yolda: 60 km/s;
torpaq yolda: 40 km/s;
yolsuzluqda: 15 km/s;
suda: 8 km/s.
Ehtiyat məsafə (tam yüklü): 650 km;
Döyüş maşınlarının texniki resursu: 15000 km;
Zəmanət müddəti: 3 ili səhra şəraitində olmaqla 10 il;
Heyəti: 4 nəfər.

Bölmələrin strukturu

Təşkilati olaraq kompleks 2-3 diviziondan ibarət briqadanın bir hissəsi kimi təmsil olunur. Hər bir raket divizionunda 2-3 batareya, hər batareyada isə 2-3 atıcı qurğu ola bilər.

Ermənistan ordusunun silahlanmasında 4 ədəd 9K79-1 "Toçka-U" OTRK-nın olduğunu nəzərə alsaq, deməli düşmən ordusunda hər birində 2 ədəd atıcı qurğu olmaqla, 2 batareyadan ibarət 1 raket divizionunun mövcud olduğu ehtimal edilə bilər.

İstifadəçiləri


Bu kompleks Rusiyadan başqa Azərbaycan, Ermənistan, Belarus Bolqarıstan, Yəmən, Qazaxıstan, KXDR, Suriya, Ukrayna, Polşa, Özbəkistan və Çexiyanın silahlanmasında yer alırdı. Çexiya, Almaniya (ADR), Polşa və s. kimi ölkələr bu kompleksləri Silahlı Qüvvələrinin silahlanmasından çıxarıb.

Azərbaycan və Ermənistana tədarük edilən komplekslərin sayı və modifikasiyası eynidir.

Döyüş tətbiqi

"Toçka" OTRK-nın ilk döyüş istifadəsi 1994-cü ildə, Yəmənin cənub və şimal qoşunları arasındakı müharibə zamanı baş verdi. Şimali Qafqazdakı əməliyyatlarda, Çeçenistan və Gürcüstana qarşı müharibədə komplekslər fəal şəkildə istifadə edilib.

Ukrayna ordusu tərəfindən 2014-2015-ci illərdə ölkənin şərqindəki silahlı qarşıdurmada, xüsusilə Saur-Moqila uğrunda döyüşlərdə istifadə edilib.

Suriya Ordusu da bu komplekslərdən 2013-cü ildən istifadə edir. Hazırda husilər tərəfindən Yəməndəki Səudiyyə koalisiya qoşunlarına qarşı istifadə olunur.

2014-cü il dekabrın əvvəlində, Suriya ordusu İdlib vilayətindəki Maarat əl-Numan yaxınlığındakı Vadi əl-Deifa rayonun mühasirəsi zamanı suriyalı üsyançılara "Toçka" kompleksindən ən azı bir ədəd raket atıb.

20 avqust 2015-ci ildə Yəmənin işğalı zamanı Əli Abdullah Salehə sadiq olan Respublika Qvardiyası (Yəmən) Səudiyyə bazasını hədəf alaraq bu kompleksdən atəş açıb.

4 sentyabr 2015-ci ildə husilər Maribdəki Safir bazasına "Toçka" raketi atıb. İtki qeydə alınmayıb.


26 aprel 2016-cı il tarixində Suriya ordusu Hələbin qərbindəki Mülki Müdafiə Mərkəzindəki üsyançılara qarşı kompleksdən istifadə edib.

14 iyun 2016-cı il tarixində Suriya ordusu Şərqi Qutadakı Suriya müxaliflərini Əl-Rəhman və Ceyş əl-Fustat məntəqəsində atəşə tutdu. Bir neçə adam yaralandı.

20 mart 2018-ci il tarixində Suriya ordusu tərəfindən Türkiyənin Hatay vilayəti istiqamətindəki Yayladağı sərhəd bölgəsinə atılan raket heç kimə zərər yetirmədi.

23 iyul 2018-ci ildə Suriya ordusu İsrail ilə sərhəd yaxınlığında iki "Toçka" raketi atdı. "Toçka" raketinin biri İsrailin buraxdığı "David Sling" ələkeçirmə raketi tərəfindən ələ keçirildi, ikincisi isə İsrail sərhədinə çatmadan Suriyanın öz ərazisinə düşdü.

Nəticə

İki eyni vəzifə üçün nəzərdə tutulan raketi nəzərdən keçirdik. İstismar müddəti artıq başa çatan "Toçka-U" kompleksinin əsas çatışmazlıqları hədəfin atəş zamanı raketin uzununa oxundan 15 dərəcəlik sektorda yerləşməsindən və raketin hədəfdən böyük radiusda yayınmasından ibarətdir. Maşınların təkrar raketlə yüklənməsi 30 dəqiqəyə qədər müddət tələb edir, bu isə rəqibin asanlıqla yerini aşkarlaya biləcəyi kompleksə qarşı cavab atəşi üçün kifayət qədər böyük müddətdir.

Ermənistanda 2018-ci ilin sonunda sınaqları keçirilən "Toçka-U" raketlərinin atəş məsafəsi 120 km olsa da, onları təxminən 60 km hədəflərə qarşı istifadə etdilər. Xatırlayırsınızsa, məqalənin əvvəlində 1979-1989-cu illərdə SSRİ tərəfindən Əfqanıstan sərhəddində istifadə edilən raketlərin də məhz bu məsafəyə atıldığı qeyd edilib. Deməli bu raketlərin optimal istifadə məsafəsi, dəqiqliyi nəzərə alınmadan, məhz 60 km-dir. Ermənistan tərəfi hədəflərin məhv edilməsinə dair görüntüləri əvvəllər olduğu kimi, təqdim etmədi. İstənilən halda bu raket kompleksi istifadə etdiyi qatı yanacağa görə 9K72 "Elbrus" OTRK-dan daha üstün bir texnologiya hesab edilib. Maye yanacaqla çalışan mühərriklərə malik raketlər 3 km-ə qədər hədəfdən yayınma, zəif atəş tempi ilə bərabər çox sayda digər “kapriz”lərə də malikdir.

Bu komplekslər Ermənistan tərəfindən işğal altında olan Qarabağa 2016-cı ilin aprel ayının 3-də göndərilsə də, məlum Aprel döyüşlərində istifadə edilməyib. Bu addım sadəcə nümayiş məqsədi daşıyıb, çünki geri çəkilən ordunun əlində olan bütün güc və vasitələrdən istifadə etməklə itirilən əraziləri bərpa etməsi vacib idi, deməli bu komplekslərin və onarın raketlərinin resursunun bitməsi, erməni hərbi rəhbərliyini onların rəqib hədəflərinə gedib çatması imkanlarına şübhə ilə yanaşmağa vadar edib.

9K72 "Elbrus" komplekslərinə gəlincə isə erməni KİV-lərində onların yerli mütəxəssislər tərəfindən modernləşdirməsi və bundan sonra təlimlərdə tətbiqinə aid materiallara və xəbərlərə rast gəlinir. Daim silahlarının modernləşməsindən, onların üstün xüsusiyyətlərindən bəhs edən işğalçı ölkə mediası, nədənsə OTRK-ların müasir HHM sistemləri tərəfindən ələ keçirilməsi barədə danışmağa heç həvəs göstərmir.

İstismar müddətinin başa çatmasını nəzərə almasaq, əlindəki silah sistemlərinin içində ən vacibi olan OTRK-nı modernləşdirdiyi və ondan raket atışlarının keçirildiyi illüziyasını yaradan Ermənistan ordusunun rəhbərliyi hədəflərin hansı dəqiqliklə vurulduğunu, bu sınaqların harada keçirildiyi barədə nə məlumat verir, nə də gürüntüləri nümayiş etdirmir.

60 il əvvəl hazırlanan 9K72 kompleksi artıq istismara yararlı olmadığı üçün bir çox ölkələr tərəfindən silahlanmadan çıxarılıb. İri həcmli kompleksin raketi maye yanacaq ilə çalışır, bu isə bir neçə yanacaq doldurma, idarəetmə, sınaq, xidmət və s. üçün avadanlıqlar tələb edir. Onun modernləşdirilməsini nə istehsalçı, nə də digər ciddi müdafiə potensialına malik istifadəçi ölkələr, məsələn Ukrayna, Almaniya, Macarıstan, Bolqarıstan, İran, Polşa, Ruminiya və s. məqsədəuyğun hesab etməyib.

Deməli "gözüaçıq" Ermənistan müdafiə sənayesi bu dəfə də ən azından 9K72 "Elbrus" komplekslərinin istismarına son verən ölkələrdən daha üstün potensiala malik olduğunu iddia edir.

Təəccüblü heç nə yoxdur: həmişə olduğu kimi, erməni hamıdan daha "ağıllı", daha "mütərəqqi" olduğunu nümayiş etdirib. Lakin bir şeyi unudurlar: Hər bir insanın bəlli bir ömrü, imkanları olduğu kimi silahların da potensialı məhduddur. 90 yaşlı insana təzə ayyaqabı sürətlə hərəkət imkanı verə bilməz. 60 yaşlı raketin də bu sahədə təcrübəsi olmayanlar tərəfindən modernləşdirməsi effektiv ola bilməz. Ümumiyyətlə dünyada maye yanacaqlı raketdən istifadə edən barmaqla sayılacaq qədər ölkə qalıb, onların modernləşdirilməsi isə artıq heç kimin ağlına gəlmir. Yaxşı ki, bu "mütərəqqi" ermənilər var, yoxsa dünyanın müdafiə sənayesi sektoru tam batardı.

Ermənilərin keçirdiyi raket sınaqları ən yaxşı halda texnikanın daimi yaşayış məntəqəsini tərk edərək təlim ərazisindəki mövqelərdə yerləşdirilməsi ilə məhdudlaşır. Sınaqlar təhlükəsiz məsafədən təyyarə və ya PUA vasitəsilə izlənilməli, qeydə alınmalı və sonra isə təhlil edilməlidir. Zərbə endiriləcək hədəfin özü (ölçüləri də qeyd edilə bilər) mümkün yayınma ehtimalı nəzərə alınmaqla genişləndirilən kontur daxilində yerləşdirilməlidir. Yerüstü kameralar isə kənardan həm raketin uçuş və enmə trayektoriyasında aeroballistik manevrlərini, həm zərbə anını, həm də zərbənin vurduğu zərərin miqyasını qeydə almalıdır. Lakin 9K72 "Elbrus" komplekslərinin praktiki raket buraxılışlarına və ya onun detallarına aid görüntülərə açıq mətbuatda rast gəlinmir.

Həm də Ermənistanın ərazisi 300 km məsafədə raket uçuşu üçün uyğun deyil. Dəqiqliyi ilə şübhə doğuran və yayınması ilə rekorda imza atan Rusiya OTRK-sının sınaq atışı mütləq erməni yaşayış məntəqələrinin üzərindən həyata keçirilməlidir. Bunun nə qədər riskli olduğu isə hələ 30 il əvvəl Əfqanıstanın timsalında hər kəsə məlumdur.

İstehsalçı OTRK-ları bəlli bir istiqamətdə döyüş balansını tam tərsinə dəyişə bilən bir silah kimi təqdim etsə də, bu komplekslər nə keçmiş SSRİ ərazisində, nə də Yaxın Şərq və Mərəzi Asiyada tətbiqi zamanı öz təyinatını təsdiq edə bilməyib.

İstehsalçı OTRK atəşi nəticəsində beş metr dərinlikdə və təxminən yüz metr diametrdə bir krater meydana gəldiyini iddia etsə də, reallıqda bunlar müşahidə olunmur. Ən azından Gürcüstan ərazisinə düşən raketlər bundan qat-qat zəif təəssürat bağışladı.

Hədəflərdən böyük yayınma radiusuna malik olması isə adətən hədəfdən daha çox bəzən kilometlərlə kənarda yerləşən obyektlərə tuş gəlməsi ilə yadda qalıb. Müasir HHM sistemlərinə qarşı həssaslığı və atəşin qeyri-dəqiqliyi isə nəinki bu komplekslərin, hətta onların yeni modellərinin istifadəsinin məqsədəuyğun olmadığını göstərir.

Digər SSRİ/Rusiya silah sistemləri kimi bu komplekslərin də ən təhlükəli tərəfi odur ki, OTRK-ların NATO-ya qarşı çəkindirmə silahı kimi yaradılmasına baxmayaraq, Kreml bu komplekslərin fərdi və milli maraqlarında, hətta rəsmi olmayan silahlı qruplaşmalara, işğalçı rejimlərə və s. çatdırılmasında tərəddüd etmir. Onlardan postsovet məkanında Rusiyanın mövqeyi ilə razı olmayan RF subyektlərinə və qonşu ölkələrə qarşı birbaşa və ya digər ölkənin, bəzən isə tanınmayan qondarma qurumlar vasitəsilə istifadə olunur, bu faktlar isə nə Kreml, nə də onun əlaltıları üçün nəticəsiz ötüşməyəcək.

Mənbələr

function.mil.ru
wikipedia
Ordu.az-İsgəndər
oruzhie.info
https://missilery.info/missile/8k14
https://vpk-armenii.livejournal.com/2080.html
dfnc.ru
http://militaryrussia.ru/blog/topic-191.html
https://ru.qwe.wiki/wiki/OTR-21_Tochka

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   OTRK   Təxribat  


Bizi "telegram"da izləyin