“Martın 1-də Qarabağdan gələn hərbi qulluqçuları özüm müşayiət etmişəm” – GİZLİ MƏQAMLAR

2019/05/big_c-1559111349.jpg
Oxunub: 3604     10:12     29 May 2019    
“Qarabağdan gələn hərbçiləri daşıyan bir neçə avtomobildə Ermənistan Müdafiə Nazirliyinə aid olan nömrə nişanları olub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri 2008-ci ildə Ermənistan Gorus qarnizonunun hərbi polis rəisi olan, Dövlət Nəzarəti Xidməti rəisinin müşaviri Aşot Vanyan deyib.

Onun sözlərinə görə, 2008-ci il martın 1-də saat 17:00 radələrində təlimat verilib ki, Ermənistana daxil olan maşın karvanı İrəvana gedir.

“2008-ci il martın 1-də Qarbağdan Ermənistana hərbi qulluqçulardan ibarət daxil olan maşın karvanını şəxsən qarşıladım. Həmin gün saat 17:00 radələrində təlimat verildi ki, Ermənistana daxil olan maşın karvanı İrəvana gedir. Gorus qarnizonuna aid yolun müəyyən hissəsində sadəcə kalonun hərəkətini müşayiət etmək, bəzi yerlərdə isə təhlükəsiz hərəkəti təmin etməyə dair tapşırıq verildi.

Dəqiq rəqəmi xatırlamasam da, təxminən 50-100 avtomobildən ibarət Qarabağdan gələn hərbçiləri daşıyan kalon Gorus qarnizonundan keçdi. Avtomobil karvanı Qarabağdan İrəvana doğru hərəkət edirdi. Bəziləri deyir ki, qoşun gəlməyib. Lakin mən həmin kalonu şəxsən müşayiət etmişəm”, - deyə Vanyan bildirib.

O qeyd edib ki, Qarabağdan Ermənistana daxil olan hərbçilərin bir hissəsi də Gorusdakı hərbi hissələrdən birində gecələyiblər.

“Qarabağdan gələn hərbçiləri daşıyan bir neçə avtomobildə Ermənistan Müdafiə Nazirliyinə aid olan nömrə nişanları olub. Bu barədə cinayət işinin ittiham bölümündə də xatırladılır. Gorusda dislokasiya olunan hərbi hissələrdən birində Ermənistan Müdafiə Nazirliyinə məxsus avtomobillərin “ՊՆ” seriyalı nömrələrinin toplandığı və Qarabağa aparıldığı barədə məlumatlar vardı. Bunlar Qarabağdan Ermənistana bu nömrələrlə daxil olan hərbi avtomobillər idi”, - deyə o qeyd edib.

“1 Mart” cinayət işi üzrə Ermənistanın ikinci prezidentinin vəkili Aram Orbelyan müsahibə verməkdən imtina etsə də, Qarabağdan Ermənistana hər hansı hərbçinin gətirildiyini təsdiq edən heç bir material olmadığını qeyd edib.

Robert Köçəryan da məhkəmə zamanı qeyd edib ki, Qarabağdan Ermənistana həmin tədbirlər ərəfəsində bir nəfər belə gətirilməyib. Köçəryan, nədən söhbət getdiyinə dair daha sonra açıqlama verəcəyini qeyd edib.

Buna baxmayaraq, Köçəryanın işi üzrə ittihamın yekun rəyində qeyd edilib ki, “1 Mart”da Qarabağdan İrəvana 1000 nəfərədək müqaviləli hərbi qulluqçulardan və zabitlərdən ibarət tabor gətirilib.

Keçən il Ermənistanda çevriliş baş verənədək, Aşot Vanyan Ermənistan hərbi polis rəisinin müavini olub. Onun vəzifədən azad edilməsinə, rəhbərin verdiyi qanunsuz əmri icra etməməsi səbəb olub. Hazırda Ermənistan Dövlət Nəzarəti Xidməti rəisinin müşaviridir.

Bu məlumatları hüquq mühafizə orqanlarına ötürübmü, deyə verilən suala Vanyan belə cavab verib.

“Doğrusunu desək yox. Çünki mən deyənlər o qədər açıq-aydın həyata keçirilirdi ki, bu barədə hamının məlumatlı olduğunu hesab edirəm. Lakin son zamanlar eşitmişəm ki, bunlar faktiki olaraq heç də hamıya məlum olan hadisələr deyil. Ermənistan vətəndaşı, zabit olaraq bunları deməyə borcluyam. Mən bunu görmüşəm və özüm bu avtomobil karvanının İrəvana doğru təhlükəsiz hərəkətinin təmin edilməsinin iştirakçısı olmuşam”, - deyə Vanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   Qarabağ  


Bizi "telegram"da izləyin