Çoxlarının “bir neçə kiçik təpə” və yaxud da “balaca ərazi” deyib, keçdiyi torpaqlarda düşmənin mifləşdirdiyi və o mifə özünün də inandığı “səddi” bir neçə yerdən yaran yollar çəkilib. Həmin yollardan keçən əsgər isə ölüm kimi düşməninin başında tikilən, üçrəngli bayrağımızın dalğalandığı posta keşik çəkməyə gedir.

Əlbəttə düşmənin başının üstündə sözünü heç də təsadüfi işlətmədim. Burada yerləşən mövqelərimizin hamısı hündürlük baxımdan düşmənin başının üstündədir. Talış kəndi ətrafında bir xeyli göz oxşayan mənzərə var. Lakın onları kateqoriyalara bölsək, ən füsunkar görünən çiçəklərin əhatəyə aldığı, kəsilmiş tikanlı məftilin fonunda darmadağın olmuş düşmən postunun görünməsidir.

Hələ mən üç il əvvələ qədər ermənilərin əmin-arxayınlıqla, çal-çağırla yaşadığı işğal altında olan Azərbaycan kəndi Talışda heç bir yaşayışın olmamasını qeyd etmirəm... Təbii ki, özgə torpağında yaşamaq marağına düşən düşmən anlamalıydı ki, özgə torpağına sahiblənməyin bədəli mütləq ödəniləcək. Özü də bu bədəl ölümə səbəb olacaq... Əminliklə vurğulamaq olar ki, kadrlarda gördüyünüz çiçəkləri daha dərinliklərdə lentə alacağıq. O çiçəkləri ki, onu da, onun bitdiyi torpaqları da şanlı Azərbaycan ordusunun qəhrəman əsgərləri, onların işğalçı orduya atacağı güllələr azad edəcək...

Elgün Gəncimsoy
Ordu.az