Britaniyalı ekspert: "Paşinyan Sarkisyan kimi qərar verəcək mövqeyə sahib deyil"

2019/04/maxre-1554116444.jpg
Oxunub: 11384     14:59     01 Aprel 2019    
"Bakı üçün Serj Sarkisyanla müqayisədə Nikol Paşinyanla razılaşmaq daha çətin olacaq".

Ordu.az xəbər verir ki, bu barədə Karnegi fondunun Qafqaz üzrə ixtisaslaşmış britaniyalı eksperti Tomas de Vaal “Exo Kavkaza” radiostansiyasına verdiyi müsahibədə, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Pashinyan arasında Vyanada keçirilən ilk rəsmi danışıqlara toxunarkən bildirib.

Ekspert hələ də prosesdə irəliləyiş olacağına inanmadığını, həmçinin cəbhədəki itkilərin əhəmiyyətli dərəcədə aşağı düşməsi fonunda müsbət dəyişikliyin olduğunu qeyd edib.

"Paşinyan qərar verməyəcəyini bildirir və yalnız Qarabağın (qondarma qurum-red.) qərar verəcəyini xatırladır. Yəni Paşinyan, Sarkisyan kimi qərar verəcək yeganə şəxs olduğuna dair kəskin mövqeyə sahib deyil", - deyə Vaal vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında ilk dəfə görüşüblər.

Görüşdə Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   İşğal   Danışıqlar  


Bizi "telegram"da izləyin