Qarabağ üzərində ballistik raket dilemması – ANALİZ

2018/08/456456_1535546779_6142191640.jpg
Oxunub: 3847     20:33     29 Avqust 2018    
Cari il iyunun 11-də KİV-lər Belarus-Azərbaycan silah sazişinin yekunlaşdığını xəbər verdi və tədarük edilmiş “Polonez” YARS-larını nümayiş etdirdi. Prezident İlham Əliyev Belarus-Çin hərbi sənaye kompaniyası tərəfindən istehsal edilmiş texnikanı yeni briqada bazasında təftiş etdi. Nümayiş zamanı azı beş ədəd atış vasitəsi göründü. Onların hər biri 300 kilometrdən çox mənzilə sahib 8 ədəd 301 mm-lik A200 yüksək dəqiqlikli raketlərlə təchiz edilmişdi. Yeni artilleriya briqadası həmçinin LORA (Uzaq Mənzilli Artilleriya Sistemi) hər cür hava şəraitinə uyğun həssas ballistik raket sistemi ilə də silahlanıb. “İsrael Aircraft Industries” firması tərəfindən istehsal edilən bu raketlərin zərbə məsafəsi isə 300 kilometrə qədərdir. Bu sistemlər daha sonra iyunun 26-da Bakıdakı hərbi paradda da nümayiş etdirildi.

Yaxın zamanlara qədər Azərbaycan Ermənistanın aeroportlar, geniş depolar, fabriklər kimi məhdud hərbi-strateji sabit hədəflərə sahib olduğunu düşünərək önəmli strateji ballistik raket imkanına əhəmiyyət vermirdi. O, ballistik raket arsenalındansa, Ermənistandan gələ biləcək təhdidi zərərsizləşdirmək üçün ballistik raketdən müdafiə qabiliyyətinə fokuslanmışdı.


2011-ci ildə Azərbaycan İsraillə iki ədəd EL/M-2080 “Green Pine” radar sistemi, 9 “Barak-8” raketdən müdafiə və havadan müdafiə sistemlərinin tədarükünə dair 700 milyon dollar dəyərində müqavilə imzaladı. “Green Pine” “İsrael Aircraft Industries”in (IAI) altqurumu olan “Elta” tərəfindən istehsal edilir. Əgər bu mobil radarlar Azərbaycanın cənub-şərqində yerləşdirilsə, onlar İrandan atıla biləcək uzaq mənzilli raketlərə qarşı qabaqcıl xəbərdarlıq imkanı təmin edə və İranın raket sınaq atışlarını izləyə bilər. “Green Pine” radarları və “Barak-8” raketləri açıq şəkildə ballistik raketdən müdafiə sistemlərinin hissələrini təşkil edir və Ermənistanın “Toçka-U”, “Skad-B”, “İsgəndər-E” qısa mənzilli ballistik raket sistemlərinə qarşı əks-balans yaradır.

Əlavə olaraq Azərbaycan 2011-ci ildən etibarən Rusiyadan tədarük etməklə artıq S-300 PMU-2 sistemlərindən ibarən iki diviziyaya (16 bölük) sahibdir.


Həssas idarəolunan raket ləvazimatlarına sahib Ermənistan bu yaxınlara qədər hələ də açıq strateji və texniki üstünlüklərdən faydalanırdı. İrəvan Rusiyadan ən azı bir batalyon 280 kilometr maksimum mənzilə sahib qabaqcıl “İsgəndər-E” raketi əldə etdi (?). Bu sistemlər ilk dəfə 2016-cı ilin sentyabrında Ermənistanın müstəqilliyinin ildönümü ilə əlaqədar təşkil olunmuş hərbi paradda nümayiş etdirildi. Bu nümayiş həmin ilin aprelində baş verən gözlənilməz gərginlik zamanı ərazi və hərbçilərini itirən Ermənistanda mövcud olan ictimai qınaqdan dolayı təşkil edilmişdi.

Ermənistanın öz raket qabiliyyətləri konteksindəki “böyük strategiyası” bəsitdir. Ermənistan ordusu və qondarma qurumun “müdafiə qüvvələrini” ehtiva edən “Birləşdirilmiş Erməni Silahlı Qüvvələri”nin ballistik raket komponenti Azərbaycanı Qarabağa qarşı müharibəni başlatmaqdan çəkindirmək üçündür. Lakin bu günə qədər də Ermənistanda yerləşdirilən “İsgəndər-E” kompleksinin harada yerləşdiyi məlum olmasa da, onun erməni hərbçilərinin idarəsi və baxımı altında olmadığı şübhəsizdir.


Ermənistanda “İsgəndər-E” eyforiyası, Azərbaycanda ballistik raket asimmetriyasını balanslaşdırmaq, hətta bu sahədə opponentinin qabiliyyətini üstələmək istəyi yaratdı. Bakı özünün raket dilemmasını İsrailin LORA operativ-taktiki ballistik raketlərini və Belarusun “Polonez” YARS-larını almaqla həll etdi. O, eyni zamanda Rusiya, Pakistan və Ukrayna ilə alternativlər üzərində danışıqlar aparır. Buna baxmayaraq Azərbaycan-Belarus silah müqaviləsi həm siyasi, həm də texniki çətinliklərlə mübarizə aparmalı oldu.

2017-ci ilin sonlarında Belarus və Azərbaycan mətbuatı hər iki ölkənin Müdafiə Nazirliklərinə yaxın mənbələrə istinad edərək, Bakının yuxarıda sözügedən sistemlərin alınması üzrə Minsklə 170 milyon dollarlıq müqaviləni imzalamağa çox yaxın olduğunu xəbər verdi. Məsələ, Çin istehsalı M20 operativ-taktiki raketinin Azərbaycanın ballistik raket imkanları və Ermənistanı balanslaşdırma sahəsindəki boşluğunu aradan qaldıra biləcəyi üzərində müzakirələrin aparılmasında idi.

Nəticədə Azərbaycan ilk olaraq A200 artilleriya raketlərilə birlikdə iki batareya ölçüsündə (10-dan çox atıcı) paket sifariş etdi. Bunlar artıq ölkəmizə çatdırılıb, geri qalan M20 sursatının isə bu ilin sonunda tədarük edilməsi gözlənilir.


Bu nəticənin gözləntisiylə Ermənistan TOR-M2 yer-hava raket sistemlərinin alınması məqsədilə Rusiya ilə danışıqlara başladı. Əlavə olaraq, Azərbaycanın LORA və “Polonez” sistemlərinə qarşı Ermənistan HHQ-sini Su-30SM təyyarələri ilə gücləndirəcəyi barədə təbliğat xarakterli məlumatlar yaydı.

İlk baxışdan hər kəsə məlum idi ki, Belarus-Azərbaycan silah sazişi KTMT daxilində rəsmi kollektiv müdafiə və təhlükəsizlik öhdəliyi olan Ermənistan və Belarus arasındakı əlaqələrə mənfi təsirsiz ötüşməyəcək. Minsk və Bakı arasında siyasi və hərbi yaxınlaşma isə yeni xəbər deyil.

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan arasında cəbhə xəttində baş verən gərginlik zamanı Minsk qeyd-şərtsiz ölkəmizin haqq işinə tərəfdar olduğunu bəyan etdi.

Bununla yanaşı, Belarus Azərbaycana 11 ədəd Su-25 təyyarəsi çatdırdı. 2005-2011-ci illər ərzində Bakı həmçinin Belarusdan 12 özüyeriyən “Pion” haubitsası, 150-yə yaxın T-72B əsas döyüş tankı, 60-a qədər BTR-70 zirehli transportyor və 90-dan çox 122 mm-lik D-30 haubitsası əldə edib. Üstəlik 2014-cü ildə Azərbaycan Belarusdan 2 batalyon 9K37M Buk-MB yer-hava raket sistemi və radio-elektron müharibə avadanlıqları da tədarük etdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   LORA   Polonez   İsgəndər  


Bizi "telegram"da izləyin