Dövlət Sərhəd Xidmətini mətbuat mərkəzindən
Ordu.az-a verilən məlumata görə, “Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir Lənkəran sərhəd dəstəsində keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş və Dahi Öndərin büstü önünə gül dəstələri düzmüşlər.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, Dahi Öndərin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından və qazanılmış uğurlardan danışmışlar.
Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilmiş, bunun da xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanmışdır.
Lənkəran rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etmiş, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildirmişlər.
Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafatlandırılmışlar.
Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən film nümayiş etdirilmişdir.
Ordu.az