Moskvada "Suriya təcrübəsi": İddialı paraddan sonrakı təəssüratlar - FOTOLAR

2018/05/123123_9156267744.jpg
Oxunub: 2906     21:14     11 May 2018    
Böyük Qələbənin 73-cü ildönümü münasibətilə Rusiyada keçirilən parad olduqca maraqlı və çox iddialı alındı. Burada 33 parad hesabında 13000 hərbçi, 159 ədəd xüsusi texnika və 75 hava vasitəsi iştirak edib. Ötən illərdən fərqli olaraq, havanın əlverişsiz olması bu il paradda avsiasiya bölmələrinin tam iştirakına imkan vermədi. Paradın piyada hissəsi ümumiyyətlə normal keçdi. Dünya nəhənginin Baş Meydanının asfalt örtüyünün nahamar olması, sıra addımları ilə addımlamağı çətinləşdirirdi. Geniş panoramda və ya yuxarıdan çəkilən görüntülərdə parad heyətlərindən ibarət "qutuların üzdüyü" açıq görünürdü. Yandan çəkilən kadrlar daha ideal təsir bağışlayırdı.

Yeni mərasim forması 1943- cü il Stalin və Rusiya İmperator ordusunun zabit korpusunun geyimlərini xatırladırdı. Bu məsələlərə ayrı-ayrılıqda vaxt ayırmadan paradın ağır texnikalar nümayiş olunan mexanikləşdirilən kolonlarının keçidinə diqqət edək.


Mexanikləşdirilən kolonda bu dəfə də kifayət qədər yeni məhsullar nümayiş etdirilib. Hər bir yeni texnika növü 2-3 fərqli modifikasiyadan ibarət idi. Sıralarda müxtəlif növ texnikaların hərəkəti ənənəvi zireh "qutu"larının parad görüntüsünü nisbətən zəiflədirdi. Burada hamının gözlədiyi kimi, T-14 "Armata" və təkmilləşdirilən döyüş xüsusiyyətlərinə malik Т-72BZ UBX tankları nümayiş olundu. "Armata" barədə məlumat əvvələr dərc edildiyinə görə, T-72 BZ UBX tankı barədə qısaca məlumat verək. 2016-cı ildən istehsal edilən versiya 1130 at gücündə B-92C2F mühərriki, barmaqlıqlı ekranlara, hərtərəfli "Relikt" dinamik mühafizəsinə və bir sıra digər yeni modullara sahibdir.

Bu dəfə də paradda ağır BMP (TBMP) T-15 "Armata" ("Barbaris") görünmədi. Onun parada cəlb edilməməsi TBMP-dən imtina ilə bağlı deyil, hazırda sınaqlar davam etdirilir, əlavə olaraq onlar üçün iki ədəd yeni 57 mm "Baykal" və "Epoxa" yüksək və orta ballistik toplar hazırlanıb. Bu modullardan hansının platformaya uyğun gələcəyini sınaqlar göstərəcək. T-14 və T-15 zirehli texnikalardan ibarət 3 taborluq döyüş dəsti, 2-ci Tamansk qvardiya motoatıcı diviziyasının alaylarından biri üçün artıq sifariş edilib.

Tank "qutusunda" əsas yeniliklərdən biri də "Ramka 99" layihəli BMPT "Terminator" adlandırılan tankların döyüş dəstəyi maşınları idi. Seriya istehsal konfiqurasiyasında "Terminator" yeni gücləndirilən zirehə, "Ataka-T" TƏİRK konteynerlərin zirehlənməsinə, 30 mm topa, yeni mühərrikə və şassi elementlərinə sahib olub. Artıq serial konfiqurasiyada istehsal edilən ilk 12 ədəd eksperimental maşından bir ədədi qısa müddətə Suriyaya səyahət də edib. Aktiv döyüşlərdə iştirakı məlum olmasa da, hazırda dəbdə olan "Suriya təcrübəsi" qrafasına uyğun "bir quş" qoyulub. Bəli, əslində Suriya kimi çətin hərbi əməliyyatlar teatrında hər bir növ texnika üçün real döyüş fəaliyyət təcrübəsi çox vacibdir.


Lakin sual oluna bilər ki, Rusiya Silahlı Qüvvələrinin mövcud konfiqurasiyada BMPT-yə ehtiyacı varmı? Düzdür bu BMPT-də mühafizə gücləndirilib, atəşi idarəetmə sistemi yaxşıdır. Bu xüsusiyyətlər 50 tonluq T-15 "Armata" ağır BMP platformasının əsasında daha məqsədəuyğun şəkildə həyata keçirilib. T-15 "zireh ovçusu" 30 mm top əvəzinə 57 mm top ilə silahlanıb, desant daşıya bilir. Burada hərbi sənaye kompleksinin maraqları da nəzərə alınmalıdır.

Əslində bu texnikaların kiçik partiyasını Suriyada real döyüş vəziyyətində sınamaq və ya böyük bir partiyasını Əlcəzairə satmaq da pis ideya deyil. Zirehli texnikanın döyüş bölgəsində istifadə təcrübəsi öz-özlüyündə qiymətsizdir. Piyadaların texniki avadanlığı yeni tırtıllı orta (diktor onları nədənsə "ağır" adlandırdı-red.) BMP B-11 "Kurqanets" və təkərli BMP K-17 "Bumeranq", BMP-3 və BTR-82A ilə təqdim edildi. Burada xüsusi bir yenilik yox idi. Hərçənd, BMP-3 əvəzinə "Sodema" çoxkanallı termal kameraya sahib BMP-3M nümayiş etdirmək də mümkün idi, lakin ictimaiyyət bu fərqi çətin ki, hiss edərdi.

Desantçılar BMD-4M "Sadovnitsa" və BTR-MDM "Rakuşka" maşınlarında keçdilər. Bu maşınlardan toplam 200-dən artıq sayda nümunələri hərbi hissələrdə istismar olunur. "Kornet-D1" TƏİRK təqdim olunan modelinin görünüşünün bəzi detallarına görə seriya konfiqurasiyasına çox yaxınlaşdığı məlum olur.


Raket və Artilleriya Qoşunları 2S35 "Koalisiya-SV" və 2S19M2 "MSTA-SM" (OKR "Dilemma-2") özüyeriyən artilleriya qurğuları, "Smerç" YARS və "İskəndər-M" OTRK ilə təmsil olunurdu. Bu sistemlər daha əvvəllər də təqdim edilib. Suriyada istifadə edilən və Paradda təmsil olunan texnikalar arasında "arbalet" döyüş moduluna sahib "Tiqr-M" zirehli avtomobilləri ilə bərabər daha yüksək mina qorunmasına sahib К-53949 4х4 "Tayfun" zirehli maşınları da yer alırdı.

Suriyada son hava hücumlarının qarşısının alınmasında əsas rollardan birini oynayan "Buk-M2" və "Pantsir-S2" zenit raket kompleksləri yeni "Tor-M2" ilə yanaşı nümayiş olundu. Lakin paraddan sonrakı gecə Suriyada İrana məxsus olduğu iddia edilən 30 obyektə, o cümlədən YARS və "Pantsir" kompleksinə qarşı İsrail HHQ-yə məxsus 28 ədəd F-15 və F-16 qırıcılarının 70 ədəd raketlə hava hücumu həyata keçirməsi və İsrail tərəfinin heç bir itki vermədən bazaya qayıtması yenə də beyinlərdə HHM komplekslərinin imkanları ilə bəzi suallar yaradır. Qeyd edək ki, "Pantsır" ZRK İsrail istehsalı olan "Spike" NLOS TƏİRK ilə vurulub.

Yeni "Buk-M3" kompleksini isə bu dəfə də təqdim etməyib, bir il sonraya söz verdilər. Arktik ərazilərdə istifadə olunacaq texnikaları digər avtomobilin yük bölümündə daşınan zirehsiz TTM-1901-40 qar maşını təmsil etdi. "Uran-9" (döyüş) və "Uran-6" (istehkam) tipli robot texnikaları da digər avtomobilərin üstündə paradı keçdi. Yəqin ki, "Uran-9"a tam etibar etmirlər. "Uran-6" isə sürətinin asta olduğuna görə digər vasitələrlə eyni səviyyədə hərəkət edə bilmir. Təyarədən buraxıla bilən "Korsar" və helikopterdən buraxılan "Katran" PUA-ları da yük avtomobillərində daşındılar. Yəqin ki, onların da hər uçuş saatına düşən qəzaların sayına görə, Qızıl Meydan üzərindən uçmasına üstünlük verilmədi.


Aviasiya hissəsində isə nisbətən yaxşı alındı. Əsas olan Su-57 və "Kinjal" hipersəs raketli MiQ-31K qırıcılarını nümayiş etdirdilər.

Bir çoxları paradda AM-1 kvadrosikllərin və UAZ "Patriot" maşınlarının iştirakına etiraz etdilər. Səbəb isə özünü hərbi super güc hesab edən ordunun istənilən bazarda satılan kvadrosikl ilə paradda güc nümayiş etdirməsinin absurd hesab edilməsi idi. UAZ "Patriot" zəif reputasiyası ilə "Yars-S" raket kompleksinin ətrafındakı yerləri doldurmağa bəlkə də layiq deyildi. Layiq olsaydı, o da Suriyaya heç olmasa səyahətə göndərilərdi. Digər tərəfdən görünüş baxımından da göz oxşayan mənzərə deyildi. Ümumiyyətlə, hərbi hissələrdə geniş istifadə edilməyən texnikanın hərbi paradda təmsil olunması düzgün deyil.

Məlumat Y.Vyatkinin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qələbə-paradı   Silahlar  


Bizi "telegram"da izləyin