Ukraynanın qılınc və qalxanı: 2017-ci ildə müdafiə sənaye kompleksinin əsas nailiyyətləri – ARAŞDIRMA (IV Yazı)

2018/05/1_1525421705.jpg
Oxunub: 4436     16:26     04 May 2018    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Biz 2017-ci ilə qədər Ukraynanın hərbi sənaye kompleksinin əsas nailiyyətlərinin nəzərdən keçirilməsinin dördüncü hissəsini dərc edirik. Bu nəticələr "Ukroboronprom" konserninin yüzdən artıq şirkətinin, Ukrayna müdafiə müəssisələri liqasının onlarla müəssisəsinin, müstəqil müdafiə sənayesi zavodlarının 2017-ci ilə qədər olan istehsal nəticələrini analiz olunması ilə əldə olunub. İctimai mənbələrdən toplanan məlumatları toplanaraq analiz edilib. Analizdən Ukraynanın Rusiyanın təzyiqləri altında belə aktiv şəkildə hərbi-texniki potensialını inkişaf etdirdiyi və ölkənin müdafiə qabiliyyətini artırdığı məlum olur. İşğal altındakı ərazilərin azad olunması üçün güclü bir ordu lazımdır, çünki "xeyirxah sözlə edə bilmədiyini silahla etmək daha asan olur".

Bu məqalədə dövlətin güclü dəmir yumruğunu yaradan Ukrayna hərbi-sənaye kompleksinin (HSK) zirehli müəssisələrinin nailiyyətlərinə nəzər salmaq niyyətindəyik.

Bu silsilə yazıların son iki hissəsində biz zirehli və aviasiya sənayesinin fəaliyyətinin nəticələrini nəzərdən keçirdik. İlk hissədə isə radiolokasiya, rabitə və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin təhlilinə həsr olundu. Bu dördüncü hissədə isə müdafiə sənayesinin yüksək dəqiqlikli sistemlər, kiçik atıcı silahlar və gəmiqayırma sənayesinin əsas nailiyyətləri təqdim ediləcək.

Yüksək dəqiqlikli silahlar

Budapeşt Memorandumu adlanan sənədi imzalaması nəticəsində Ukrayna dünyanın üçüncü böyük nüvə gücü olmaqdan imtina etdi və ordusunun nüvə raketlərindən tərkisilah olunmasını həyata keçirdi. Cari reallıqlar çərçivəsində effektiv silah və güclü raketdən müdafiə sistemləri yaradaraq dövlət təhlükəsizliyini təmin etmək ən vacib strateji əhəmiyyətli vəzifələrdən biridir. 2017-ci il ərzində bu istiqamətdə bir çox işlər görülüb, ilk növbədə yeni ballistik raketlərin və yeni raket yanacağının istehsalına başlanılıb.

2017-ci ildə "Artem" dövlət səhmdar holdinq şirkəti Türkiyənin "Repkon" şirkətinin rəqəmsal idarəetmə proqramına sahib RFFM 330-138-300 yayma avadanlığının quraşdırıldığı yeni sənaye binasından istifadə etməyə başladı.


Yeni texnoloji xətt, "Olxa" layihəsinin həyata keçirilməsi də daxil olmaqla, 300 mm-ə qədər diametri olan raketlərinin unikal sərt korpuslarının istehsalı üçün nəzərdə tutulub. Bundan əlavə, "Artem" DSHŞ-nin güclü press avadanlıqlarının müasirləşdirilməsi və yenilənməsi səbəbiylə 152 mm çaplı artilleriya sursatlarının korpusunun istehsalı üçün layihəyə start verildi.


Raket korpuslarının istehsalı "Artem" DSHŞ şirkəti tərəfindən, Türkiyənin "Repkon" şirkətinin rəqəmsal idarəetmə proqramına sahib RFFM 330-138-300 yayma avadanlığında həyata keçirilir. Ötən il "Yujnoe" və "Luç" dizayn büroları tərəfindən hazırlanan Ukraynanın yeni "Olxa" raket kompleksinin uğurlu sınaqları davam etdirildi. Sınaqlar zamanı ballistik xüsusiyyətlər dəqiqləşdirildi, tuşlama sistemi yoxlanıldı, raket korpusunun möhkəmliyi, yeni bərk yanacağın səmərəliliyi və hədəfin döyüş başlığı ilə məhv edilməsinin etibarlılığı yoxlanıldı.


2017-ci ilin dekabrın 22-də Odessa vilayətində yerləşən poliqonda "Olxa" raket kompleksinin sınaqları

Raket sistemi 9K58 "Smerç" yaylım atəşli raket sisteminin (YARS) bazasında yaradılıb. Əsas üstün xüsusiyyətlərindən biri uçuşda raketin traektoriyasını dəyişdirmək imkanı olan tuşlama sisteminə sahib olmasıdır. Atıcı qurğuda hər biri fərdi hədəflərə yönəldilə bilən 300 mm çaplı 12 ədəd raket yerləşir. Raketin kütləsi təxminən 900 kq, döyüş hissəsi isə 250 kq-dır. "Olxa"nın maksimum məhvetmə diapazonu müxtəlif məlumatlara görə 120-dən 170 km-ə qədərdir. 2017-ci ilin mayında keçirilən sınaqlar zamanı Odessa vilayətindəki poliqondan buraxılan "Olxa" raketləri Xerson vilayətindəki hədəfi 15 m yayınma ilə vuraraq köhnə, lakin dəqiq "Toçka-U" taktiki raket sistemlərini geridə qoydu. Məlumat üçün bildirək ki, "Olxa" YARS "Toçka-U" OTR sistemlərini əvəz etmək üçün nəzərdə tutulub.

"Olxa" reaktiv sisteminin silahlanmaya qəbul edilməsi 2018-ci ilin ilk yarısında gözlənilir. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinova görə, 2018-ci ilin martında, yəni bu ay içində keçiriləcək dövlət sınaqlarından sonra "Olxa" raketlərin Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyacları üçün seriya istehsalına başlanacaq. Həmin andan rəqiblər kifayət qədər aydın anlamalıdır ki, həm Ukrayna ilə sərhəd ərazilərdə, həm Donbas ərazisində, həm də müdafiənin dərinliyində onların hərbi qüvvələrinin istənilən fəaliyyətləri daim Ukrayna ordusunun dəqiq atəş nəzarəti altında olacaq.

Ukrayna müdafiə sənayesinin raket yaradılması üzrə qapalı dövrünü başa çatdırmaq üçün tələb olunan sərt raket yanacaq istehsalını mənimsəməsi xüsusi ilə qeyd olunmalıdır. Bu fakt, Ukraynaya yüksək dəqiqlikli raket istehsalı texnologiyasına sahib olan məhdud sayda dünya ölkələri içərisində olma statusunu qazandırır.


Yerli sərt raket yanacaq istehsalı bütün digər silahların ömrünü artırmağa imkan verir. Bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin ümumi müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

"Xarkov aviasiya müəssisəsi" "Zaporojie"nin "Motor Seç" şirkəti ilə birlikdə "Luç Kiyev Konstruktor Bürosu"nun sifarişi ilə "Neptun" gəmi əleyhinə raketin yaradılması layihəsinin həyata keçirməkdə davam edir. "Neptun" raketləri əsasən Rusiyanın Qara dəniz donanmasının ibarət olduğu 5000 tona qədər su tutumu olan rəqib gəmilərini məhv etmək üçün istifadə olunacağı güman edilir. Xüsusiyyətləri ilə X-35 gəmi əleyhinə raketlər sinfinə daha yaxındır və konteynerdən buraxılacaq. "Neptun" raket sisteminin üç modifikasiyasının - gəmidən, havadan və yerdən buraxıla bilən versiyalarının istehsalı nəzərdə tutulur.


2018-ci ilin yanvarın 30-da yerdən buraxılan "Neptun" raketinin uğurlu sınaqları həyata keçirildi. Sınaqlar zamanı, yeni raket sisteminin bütün əsas sistemlərinin uçuş xüsusiyyətləri yoxlanılıb. Ukraynanın dəniz sərhədlərinin müdafiəsi üçün "Neptun" raketi əsasında gəmi əleyhinə sahil kompleksinin yaradılması üzrə layihənin həyata keçirilməsi davam edir. Layihənin əsas elementlərindən biri "Mineral-ME" gəmi hədəf aşkaretmə və hədəf göstərmə radiolokasiya sistemi və onun yenilənən versiyası olan "Mineral-MEB" kompleksi olacaq. Hər iki kompleks Kiyevin "Kvant- Radiolokasiya" Elmi Araşdırma İnstitutunun ixtirasıdır. Bu radolokatorların üstünlüklərindən biri də dəniz və sahil platformalarına əsaslanmasıdır.

"Mineral-ME" RLS normal refraksiya zamanı aktiv rejimdə suüstü hədəfləri 35 km məsafədə, yüksək və çox yüksək refraksiya zamanı 250 km, passiv rejimində isə 450 km-ə qədər məsafədə hədəfləri aşkar edə bilir. Aktiv RLS rejimində 30, passiv aşkaretmə rejimində isə 50 qədər hədəf paralel izlənə bilir. Bu kompleksin yaradılması düşmən gəmilərinə qarşı səmərəli olacaq, Qara dəniz istiqamətindən hücum cəhdlərinə qarşı real təhlükə törədə biləcək, eyni zamanda qonşuları Dəniz mühasirəsi ideyasından imtina etməyə vadar edəcək.

Raket kosmik sənayenin qabaqcıl müəssisələrindən biri olan Dneprepetrovskda yerləşən Yanqel adına "Yujnoe" konstruktor bürosu 2017-ci ildə Ukrayna ordusunun ehtiyacları üçün ən azı yeddi əhəmiyyətli layihənin həyata keçirilməsi ilə məşğul olub. Bu siyahıya ilk növbədə "Qrom-2" əməliyyat taktiki raket kompleksinin (ƏTRK), 150 km (perspektivdə 250 km qədər) məhvetmə radiusuna malik iki yeni HHM raketinin, hava və yer bazalı yüksək dəqiqlikli qanadlı raketlərin yaradılması layihələrini aid etmək olar.

"Qrom-2" layihəsi haqqında məlumatlar əsasən məxfi saxlanılır, ehtimal olunur ki, layihə "Sapsan" ƏTRK layihəsi əsasında və ona paralel olaraq reallaşdırılır. "Sapsan" ƏTRK layihəsinin inkişafı 2006-cı ildə prezident V.Yuşenkonun aktiv dəstəyi ilə başlayib. 2013-cü ilin avqust ayında çox mərhələlərini başa vuran və yüksək sürətlə həyata keçirilən bu layihə, o zaman Ukraynanın müdafiə naziri olan Lebedev tərəfindən dayandırıldı.


Açıq mətbuatda "Qrom-2" və "Sapsan" komplekslərinin taktiki və texniki xüsusiyyətləri haqqında rəsmi informasiya çox azdır. "Sapsan" ilkin layihədə 50- 280 kmməsafədə həm tək, həm də qrup halında sabit hədəfləri məhv etmək üçün nəzərdə tutulurdu. Bir pilləli ballistik raketin döyüş başlığının kütləsi 480 kiloqramdır. Raketin döyüş başlığı monoblok və kaset sxemindən istifadə edir. Gövdənin radar və optoelektronik naviqasiya sistemləri ilə təchiz olunan idarəetmə kompleksi analoqlarından fərqlənir. Raketin 7.2 metr uzunluğunda olan konteyner ilə kütləsi 3.5 ton təşkil edir. Məhvetmə sahəsi təxminən 10.000 kvadrat metrdən çoxdur.

"Qrom- 2" ƏTRK-nın yaradılması Səudiyyə Ərəbistanına yeni raket sistemlərinin tədarükü üzrə müqavilənin həyata keçirilməsi çərçivəsində həyata keçirilir. Bu raket sisteminin ixrac modifikasiyasının məhvetmə məsafəsi, 1998-ci ildə qəbul edilən Raket Texnologiyalarının yayılmamasına nəzarət haqqında imzalanan müqaviləyə əsasən 300 km-dən çox olmamalıdır. Özüyeriyən atıcı qurğu, ballistik raketlərin avtonom olaraq buraxılması üçün iki ədəd atıcı nəqliyyat konteyneri ilə təchiz olunur.


Bundan əlavə, "Qrom-2" balistik raketlərlə yanaşı, qanadlı raketlərini buraxmaq üçün uyğunlaşdırılır. Avtomatlaşdırılan atıcı qurğunun baza hissəsi "Xarkov nəqliyyat avadanlığı zavodu" və "Xarkov Maşınqayırma və Konstruktor Bürosu" tərəfindən hazırlandı. Bu qurğu "10x10 təkər formulasına sahib 5 oxlu ilk Ukrayna şassisi hesab olunur. Xüsusilə qeyd etmək lazımdır ki, bunun şassisi sayəsində Ukrayna özünəməxsus ƏTRK yaratmaq üçün tam istehsal dövriyyəsinə sahib olub.


"Qrom-2" özüyeriyən atıcı qurğusu

Raket kompleksinin hazırlanması son mərhələdədir, nəzarət və idarəetmə sisteminin, hidravlikanın, mexanikanın və nəqliyyatın sınaqları praktiki olaraq tamamlanıb. Sərt yanacaqlı reaktiv mühərrik sınaqdan keçib. Kompleksin eksperimental sınaqları 2018-ci ildən ortalarına qədər başlaya bilər.


OTRK "Qrom-2" atəş sınaqları

Ukrayna Ordusu üçün "Qrom-2" ƏTRK məsafə məhdudiyyəti tətbiq olunmur.

Bu səbəbdən onun məhvetmə məsafəsi iddia edilən 280 km-dən çoxdur və 450-500 km-ə qədər çata biləcəyi ehtimal olunur. Gözlənildiyi kimi, yaxın illər ərzində bu raket sistemi Ukrayna ordusu tərəfindən qəbul olunacaq. Bu komplekslər dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə səbəb olacaq.

Digər bir çəkindirmə silahı "Yujnoe Dizayn Bürosu" tərəfindən yaradılan "Korşun-2" səsəqədər sürətli qanadlı raketidir. Bu raket sistemində "Sapsan" ƏTRK layihəsinin həyata keçirilməsində mövcud olan yeniliklərdən istifadə olunub. "Korşun-2" hazırlanması X-55 sovet raketinin texnologiyasına əsaslanır. X-55 raketlərində Zaporojyenin "Motor Seç" şirkəti tərəfindən R95-300 bazasında inşa edilən MS400 ikikonturlu turboreaktiv mühərrikindən istifadə olunacaq. "Korşun" raketlərinin döyüş çəkisi və məhvetmə radiusu "Sapsan" və "Qrom-2" ƏTRK-nin eksport modelləri ilə bənzərdir və müvafiq olaraq 480 kq və 280 km təşkil edir.

Qanadlı raketin səsəqədər sürəti (0.7-0.8 Max) və çox aşağı yüksəklikdən uça bilməsi, əksər hava hücumundan müdafiə sistemləri üçün raketi praktiki olaraq görünməz edir.


Aqressorun tam çəkindirilməsi üçün Ukraynanın raket qoşunları ilk növbədə 1500- 2000 km məsafədə fəaliyyət göstərə bilən, imkanlarına görə ABŞ-ın BGM-109 "Tomahawk" raketlərinə uyğun gələn raketlərlə təchiz olunmalıdır. "Korşun-2" raketlərinin də oxşar tələblərə cavab verməsi gözlənilir. Bu tip qanadlı raketlərin silahlanmaya qəbul edilməsi Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Şübhəsiz ki, R-36M2 "Voevoda" kimi (NATO təsnifatında SS-18 "Satana") Sovet qitələrarası ballistik raketlərinin əksəriyyətinin hazırlanmasını həyəta keçirən "Yujnoe" KB-nin güclü potensialı hesabına yaradılan bu yüksək dəqiqlikli silahlar Ukraynanın nüvəsiz çəkindirmə qalxanının əsas komponenti olacaq.

Ukrayna müstəqil olaraq tank əleyhinə idarəolunan raket kompleksləri (TƏİRK) istehsal edə bilən azsaylı dövlətlər sırasına daxil olub. 2017-ci ilin avqust ayında "Luç Kiyev Konstruktor Bürosu"nun istehsalı olan "Korsar" yüngül daşınan raket kompleksi silahlanmaya qəbul edildi. Ukrayna ordusunun bölmələri 50-dən çox bu tip raket kompleksini qəbul edib.


"Korsar" TƏİRK lazer tuşlama mexanizminin köməyi ilə, hədəfləri 2.5 km məsafədə məhv edir, bu isə ABŞ-ın FGM-148 "Javelin" TƏİRK-in məhvetmə məsafəsinə uyğundur. Hədəfə tuşlanma idarəetmə kanalının təhlükəsizliyi üçün aşağı enerji təminatı səviyyəsində aparılır. Kompleksin əsas üstünlüklərindən biri kiçik ölçüləridir ki, bu da onun daşınmasına və köməkçi avadanlıq olmadan "çiyindən" atəş açmağa imkan verir. Hazırlanan mövqeləri müdafiə etmək üçün kompleksin xüsusi bir qurğudan da istifadə etməsi nəzərdə tutulur.

Hədəflərin yüksək dəqiqliklə məhv edilməsini "lzyumski cihazqayırma zavodu"nun istehsalı olan PN-KU nişangahı təmin edir. 2.5 km məsafədə yayınma 250 mm-dən çox deyil.

"Luç" KB "Korsar" TƏİRK üçün 105 mm-lik RK-3K və RK-3OF tirli iki növ idarəolunan raketlər hazırlayaraq istehsal edir.


RK-3K, zirehli sabit və hərəkətli obyektləri məhv etmək üçün istifadə olunur. Raket dinamik qorunma istisna olmaqla, ən azı 550 mm qalınlığında zirehə nüfuz edə bilir.

RK-3OF raketi isə yüngül zirehli obyektləri, mühəndis istehkam qurğularını (DOT, DZOT) və düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Yüksək partlayıcı qüvvəyə malik qəlpəli fuqas başlığı 50 mm qalınlığında zirehli plitələrdən daxilə nüfuz edə bilir.

Bundan əlavə, 2017-ci ildə "Luç" KB USQ-nə "Stuqna-P" TƏİRK üçün özünün mükəmməlliyi ilə seçilən 300 ədəd RK-2 raketlərini təslim edib. Bu komplekslər 130 mm- lik raketləri ilə 5000 m məsafədə dinamik qorunmaya malik hədəfləri və mühəndis istehkam qurğularını məhv etməyə imkan verir. "Stuqna-P" dinamik qoruma nəzərə alınmadan ən azı 800 mm zirehə nüfuzetmə ilə dünyada heç bir tanka həyatda qalma sansı vermir. Kompleks PN-i lazer şüası ilə tuşlanan yarım avtomatik rejimdə çalışır və uzaqdan idarəoluna bilir. Kompleksin çəkisi 15 kq-dır.


2017-ci ilin dekabrında ABŞ, Ukraynaya FGM-148 "Javelin" TƏİRK vermək üçün prinsipial bir qərar qəbul etdi. Donald Tramp administrasiyası 47 milyon dollarlıq 210 tank əleyhinə raketi, 35 ədəd atıcı qurğu ilə əvəzsiz olaraq USQ-yə verilməsi qərarını dəstəkləyib. Bu jest ABŞ-ın Ukrayna ordusunun ümumi müdafiə qabiliyyətini yüksəltmək və Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək niyyətinin nümayiş etdirilməsidir. İlkin mərhələdə bu silahları tətbiq edə bilən peşəkar heyətlər hazırlanacaq, sonra isə ehtiyac yarandıqda USQ zəruri miqdarda bu komplekslər ilə tam təmin ediləcək. Bütün bu vasitələr təcavüzkar birləşmələrin hücum potensialını əhəmiyyətli dərəcədə azaldır və onları cilovlayır.

Daşınan üçüncü nəsil FGM-148 "Javelin" kompleksləri zirehli vasitələri, aşağıdan uçan helikopterləri, dronları və digər hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Kompleks günün istənilən vaxtında istifadə edilə bilər. Atıcı qurğunun raketlə birlikdə çəkisi 22,3 kq-dır. 127 mm çaplı raket "atdım-unutdum" funksiyasını tətbiq etməyə imkan verən infraqırmızı tuşlama başlığı ilə təchiz olunub və 700 mm qalınlığında dinamik qorunmalı zirehli hədəflərə belə nüfuz edə bilir.

Raketin maksimum uçuş sürəti 290 m/s, atəş hazırlıq vaxtı isə 30 saniyəyə qədərdir.


"Javelin"lərlə təchizata baxmayaraq, Ukrayna ordusu öz yüksək dəqiqlikli silahlarının inkişafına sərmayə qoymalıdır. "Korsar" tank əleyhinə komplekslər daha effektiv və daha ucuzdur, xüsusiyyətlərinə görə Amerika istehsalından heç də geri qalmır. "Javelin", yerli "Korsar" və " Stuqna"dan fərqli olaraq istilik kontrastı olmayan, məsələn mühəndis qurğularını məhv edə bilmir.

Gəmiqayırma

Baş verən müharibə nəticəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin böyük bir hissəsi ələ keçirildi. Onlardan yalnız az bir hissəsini geri qaytarmaq mümkün olub. Hələ də Ukraynaya məxsus "Ternopil", "Lusk", "Xmelnitski" sualtı qayıq əleyinə korvetləri, "Pridniprovye" və "Kremençuk" raket korvetləri, "Konstantin Olşanski" böyük desant gəmisi, "Slavutiç" böyük kəşfiyyat və idarəetmə gəmisi, "Zaporojie" sualtı qayığı və çox sayda müxtəlif təyinatlı qayıqlar, gəmilər, mina gəmiləri Krım sahillərində qalmaqdadır. 2014-cü ildə "Ujgorod" sualtı qayıq əleyhinə korveti söküldü. Ukrayna HDQ-ni itirməsi ilə bərabər "Ukroboronprom" Dövlət Konserninin bir hissəsi olan "Dəniz" Feodosiya gəmiqayırma şirkətinin istehsal gücündən də məhrum edilib. Krımın itirilməsi nəticəsində bu şirkətin dotlarında müvafiq olaraq, 95 və 60 faizlik hazırlıq dərəcəsi olan "Lvov" və "Luqansk" adlı iki korvetin yerləşdiyini də qeyd etmək lazımdır.

Ukrayna donanmasının döyüş gücü əsasını əsasən korvetlərdən ibarət idi, onların da əksəriyyətinin itirilməsi ümumi HDQ-nin döyüş potensialına dramatik təsir göstərdi. Ukrayna Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması, yeni çoxfunksiyalı korvetlərin və müxtəlif növ döyüş qayıqlarının tikintisi üçün proqramın fəal həyata keçirilməsinə ehtiyac var. Bu məqsədlə 2017-ci ilin noyabrında Ukraynanın Nazirlər Kabineti dövlət müdafiə proqramının maliyyələşdirilməsi çərçivəsində 58250 layihəli "korvet" sinifli gəmilərin tikintisinə əlavə 31,92 milyard qriven vəsait ayırdı. Bu qərar Nikolaev Qara dəniz gəmi inşaatı zavodunda 2014-ci ilin yazında inşaatı dondurulan və bu seriyadan ilk gəminin tikintisini davam etdirmək mümkün oldu.

58250 layihəsi Nikolaev "Araşdırma və Gəmiqayırma Layihə Mərkəzi" (IPTSK) dövlət müəssisəsi tərəfindən hazırlanıb. 2650 ton su tutumuna malık korvetlər daha çox freqatlara yaxındır: artilleriya silahları, hava hücumundan müdafiə sistemləri, raket əleyhinə müdafiə sistemləri, gəmi və sualtı qayıq əleyhinə raketlər. Bununla yanaşı "Neptun" raketləri də kifayət qədər ciddi arsenal hesab olunur.


Maksimum uzunluğu - 112 m (100 m KVL üçün), eni-13,5 m, sürəti-55 km/saat, üzmə məsafəsi-4000 mil, avtonom üzmə müddəti-30 gündür. Bu tip gəmilərdə 110 nəfər heyət üzvü döyüş xidməti aparacaq ki, layihə üzrə 4 korvet inşa ediləcək və ilki 2022-ci ildə Ukrayna HDQ-yə təslim ediləcək.

Gəmi və korvetlərin inşaatı üçün böyük maliyyə vəsaitləri və uzun müddət tələb olunur. Döyüş katerlərinin tikintisi ilə bağlı vəziyyət bir az fərqlidir. 2017-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin silahlanmasına 58155 layihəli "Gürzə-M" sinifindən 4 ədəd kiçik zirehli artilleriya kateri daxil oldu: U-176 "Vıshqorod", U-177 "Kremençuk", U-178 "Lubnı" və U-179 "Nikopol".


Bu katerlər dəniz sərhədlərinin mühafizəsi, sahildən 50 milə qədər məsafədə dəniz sularında patrul xidmətinin və döyüş növbətçiliyinin təşkili, sahildə yerləşən və ya dənizdə üzən qurğuların mühafizəsi, desant və sərhəd bölmələrinə yardım etmək üçün nəzərdə tutulub. Qayıqların uzunluğu 23 m, eni-4,8 m, su tutumu-50,7 ton, maksimal sürəti-28 dəniz mili, üzmə məsafəsi-700 mil, avtonom üzmə müddəti-5 gündür. Heyət 5 nəfərdən ibarətdir.


Ukraynanın HDQ-nin "Qetman Saqaidaçnı" flaqmanı zirehli "Gürzə" katerlərinin əhatəsində

Katerlər "Kvant-Radiolokasiya" Kiyev Tədqiqat İnstitutunun əvvəllər ixrac edilən "Delta M" müasir radarları ilə təchiz olunur. Katerin silahlanmasında iki uzaqdan idarəolunan kompleks mövcuddur.

BM-5M.01 "Katran-M" dəniz döyüş modulu 30 mm-lik ZTM1 avtomatik topu, 30-mm avtomatik qumbaraatanı, 7.62 mm PKT, 2 ədəd lazer tuşlama sistemli "Baryer" TƏİRK ilə silahlanan BM-3 "Storm" zirehli nəqliyyat vasitələri modulunun modifikasiyasıdır.

2017-ci ildən kiçik zirehli artilleriyakaterlərinin tikintisi ilə yanaşı xüsusi məqsədlər üçün bir ədəd köməkçi gəmi və iki ədəd 58181 layihəli "Kentavr" desant hücum katerinin də tikintisi davam edir.


"Kentavr"lar "Gürzə"dən rərqli olaraq təyyarələr üçün nəzərdə tutulan S-8 idarəolunmayan raketlərdən atəş açacaq YARS ilə təchiz olunacaq. Dəniz və sahil sularında patrul xidmətindən başqa bu katerlər 32 nəfərdən ibarət desant bölməsini daşıya bilər və onlarla birgə əməliyyatda iştirak edə bilər. Bu layihənin gəmiləri atəş dəstəyi verə bilər, dəniz minaları qura bilər, düşmənin döyüş katerlərini məhv edə bilər və xüsusi əməliyyatlarda sürətli vasitə kimi istifadə edilə bilər.

2017-ci ildə Nikolayev "Araşdırma və Gəmiqayırma Layihə Mərkəzi" 58260 layihəli "Lan" raket katerinin seriya istehsalı üzrə çalışmalarını davam etdirib. Əvvəlcə 3 ədəd hazırlanacaq katerin birincisinin HDQ-yə 2019-ci ildə daxil olması planlaşdırılır.

Ukrayna layihəsi əsasında 4 ədəd artilleriya katerinin Vyetnam HDQ üçün inşa edildiyini də qeyd etmək lazımdır. Uzunluğu-54,20 m, eni-9.30 m olan raket katerinin su tutumu 445 tondur. Sürəti ən azı 32 dəniz mili, üzmə məsafəsi isə 2000 mildir.

Kater 57-76 mm və 30-35 mm-lik artilleriya qurğusu və radioelektron basdırma kompleksi ilə silahlanıb. Düşmənin istənilən gəmisini məhv etməyə qadir olan iki ədəd "Neptun" gəmi əleyhinə kompleks və 8 ədəd raketlə təmin olunacağı gözlənilir. 58520 layihə çoxməqsədli korvetləri və "Lan" raket katerləri Ukraynanın HDQ-nın əsas zərbə qruplaşmasını təşkil edəcəyi məlumdur.

Ümumilikdə, 2020-ci ilə qədər 30 ədəd müxtəlif döyüş gəmiləri və qayıqları tikintisi vasitəsilə Ukrayna HDQ-nin gücünün artırılması planlaşdırılır.

Ukrayna döyüş gəmilərin sayını qorumaq üçün bütün zəruri təmir və xidmət işlərini tam və vaxtında aparmaq vacibdir.

2017-ci ildə Ukrayna donanmasının flaqmanı "Qetman Saqaidachnı" freqatının dok təmiri həyata keçirildi. Bundan başqa "Balta" maqnitsizləşdirmə gəmisinin cari təmiri həyata keçirildi, 20 il dənizə çıxmayan "Çiqirin" təlim kateri isə əsaslı təmir edildi. U170" Skadovsk" artilleriya kateri, U541 "Smela" təlim kateri və U700 "Neteşin" dalğıc gəmisi də keçən il təmirdən çıxan gəmilər arasındadır.


BG63 "Pavel Derjavin" patrul gəmisi təmirdən sonra

"Ukroboronprom" Dövlət Konserni gördüyü tədbirlər sayəndə 2011-ci ildə son dəfə məhsul buraxan "Sudmaş" Xerson zavodunun istehsal gücünül canlandırmaq üçün bir sıra tədbirlər həyata keçirdi. Eyni zamanda Nikolaev gəmiqayırma zavodunun həll olunmayan əhəmiyyətli maliyyə problemləri hələ də qalmaqdadır.

2017-ci ilin avqust ayında Odessa limanının struktur bölməsi olan "Ukrayna" gəmi təmiri müəssisəsində BG63 "Pavel Derjavin" patrul gəmisinin də təmiri başa çatdı.

Atıcı silahlar

2017-ci ildə USQ-nin silahlanmasına AK-74 avtomatlarının dərin modernləşdirilməsi hesab olunan 5,45/7,62 mm "Malyuk" ("Vulcan-M" xüsusi avtomatı) hücum silahları qəbul edildi. "Bull-pap" sxemindən istifadə nəticəsində silahın kompaktlığı qorunaraq ağırlıq mərkəzi dəyişdi. Nəticədə atəşin hədəfdən yayınması azalıb. Tüfəng "InterProInvest" şirkəti tərəfindən hazırlanıb, seriya istehsalı "Krasilovski Aqreqat zavodu"nun müəssisələrində həyata keçirilir.


Avtomat 5,56x45 mm çaplı NATO mərmiləri ilə də sınaqdan keçirilib. Silah bütün dövlət sınaqlarını və eksperimental əməliyyatları, o cümlədən Şərq Cəbhəsi də daxil olmaqla, ordu birlikləri tərəfindən təcrübədən keçib. Ukraynanın güc və hüquq-mühafizə orqanlarının ehtiyacları üçün kütləvi istehsal edilməsi gözlənilir. Uzunluğu - 712 mm, xəzinə tutumu - 30 ədəd mərmi, nişanalma məsafəsi - 1000 m, çapıından (5,45/7,62 mm) asılı olaraq birbaşa sinə hədəfınə qədər məsafə - 460/340 m, güllənin başlanğıc sürəti - 900/715 m/s, boş xəzinə ilə çəkisi - 3,2/3,3 kq.

NATO ölkələri ilə səmərəli inteqrasiya və əməkdaşlığın mübahisəsiz sübutlarından biri kimi ABŞ "Aeroscraft" şirkəti ilə M16А2 avtomatik tüfənglərinin qısa variantı olan M4-WAC-47 avtomatik tüfənglərinin birgə istehsalını göstərmək olar.


Karabin Ukraynada ABŞ hökumətinin lisenziyası əsasında istehsal olunur. Onun əsas üstünlüklərindən biri müxtəlif cihazlar üçün uyğunlaşdırılmasından, müxtəlif məqsədlərdən ötrü müxtəlif uzunluqda və çapda lülələr quraşdırılmasından ibarətdir. Ukraynada istehsal olunan M4-WAC-47 karbininin ilk partiyası yaxın gələcəkdə ordu və hüquq-mühafizə orqanlarının bölmələrində sınaqdan keçirilməlidir. Döyüş və istismar xüsusiyyətlərinin yoxlanılmasının müvəffəqiyyətli keçdiyi halda yeni ABŞ-Ukrayna silahları silahlanma üçün qəbul ediləcək və kütləvi istehsala keçəcək. Bu layihənin həyata keçirilməsi Ukrayna Silahlı Qüvvələrinə və Müdafiə Sənayesinə NATO standartlarına asanlıqla keçməyə imkan verəcək. 5.56x45 mm NATO, 5.45x39 mm və 7.62x39 mm mərmilərdən istifadə olunacaq. Effektiv atəş məsafəsi 600 m, xəzinənin tutumu 30 mərmi, çəkisi 3,1 kq-dır.

Əlbəttə ki, Avro-Atlantik strukturlara inteqrasiyanın genişləndirilməsi üçün əsas amil və zəruri şərt kimi yalnız mövcud olan silahlar deyil, həm də alyansın standartlarına cavab verəcək sursat zavodunun tikintisi aparılmalıdır.

2017-ci ildə Ukrayna Silahlı Qüvvələri "Mayak "ASC-nin istehsalı olan VPR-308 və VPR-338 snayper tüfənglərini qəbul etdi. Birincidə NATO standartlı 7,62х51 mm, ikincidə isə 8,6х70 mm .338 Lapua Magnum mərmilərdən istifadə edilir. Bu silahın inkişafı üçün əsas baza rolunu Ukraynanın "Zbroyar" firmasının Z-008 tüfəngləri oynadı.


Tüfənglər kiçik ölçülü hədəfləri, müxtəlif maddi vəsatləri, rabitə vasitələrini, dayanacaqda olan təyyarə və helikopterləri məhv etmək üçün nəzərdə tutulur. VPR-308 və VPR-338 tüfəngləri bir birindən çapından başqa çəkisi ilə də fərqlənir: mərmisiz 7 və 9.8 kq olan silahlar uyğun olaraq 900 və 1300 metr atəş məsafəsində effektivdir. Dəqiqədə 15 ədəd atəş tezliyinə malikdir. Tüfənglər yüksək dəqiqliyinə sahibdir və atəş dəqiqliyinə görə bəzi qərb analoqlarından daha üstündür. Bundan əvvəl tüfənglər ilk dəfə Milli Qvardiyanın arsenalında yer aldı.

Ukraynanın Silahlı Qüvvələrin silahlanmasına "Zbroyar" şirkətinin Z-10 (UR-10) snayper tüfəngləri daxil oldu. Bu, özü doldurulan yarım avtomatik tüfəngdir və AR-10 tipli amerikan avtomatik tüfənginin analoqu hesab edilə bilər.


Tüfəng müxtəlif məsafələrdə intensiv şəkildə atəş açmağa imkan verir və xüsusi əməliyyatlar üçün ən yaxşı silah hesab olunur. Tüfəngin dizayn xüsusiyyətləri onu iki komponentə sökülməsinə imkan verir ki, bu da daşınma zamanı zəruri kompaktlığı təmin edir. Çapı - 7,62х51 mm (NATO), mərmi .308 Winchester, hədəfi məhvetmə məsafəsi - 400- 800 m, maksimum atəş məsafəsi - 2000 m-ə qədər, boş çəkisi - 4.4- 5.5 kq. xəzinənin tutumu 10 mərmidir.

Vinnitsa "Fort" EİB Ukraynanın kiçik silah istehsalını və onların güc nazirliklərinə çatdırılmasını davam etdirdi. Müəssisənin istehsal etdiyi ən effektiv, kompakt və erqonomik dizayna malik silah nümunəsi "Fort 221" hücum tüfəngi və onun qısaldılan "Fort 224" versiyası oldu.


"Fort" silahları İsrailin müasir Tavor Assault Rifle-21 (TAR-21) tüfənglərinin lisenziyalı bir versiyasıdır. Tüfəng lülə üzünluğunu dəyişmədən silahın ölçüsünü əhəmiyyətli dərəcədə azaltmağa imkan verən "bull-pap" sxeminə uyğun dizayn edilib. Praktikada bu silah əla funksional etibarlılığı və istifadə rahatlığını sübut etdi. 5.56x45 mm NATO və 5.45x39 mm çapından istifadə olunur, atəş məsafəsi 500 m qədər, boş xəzinə ilə çəkisi 3.9 kq, xəzinə tutumu isə 30 mərmidən ibarətdir.

Müəssisənin istehsal etdiyi kiçik silahların əla bir nümunəsidə də ordu birliklərinin atəş gücünü artırmaq üçün nəzərdə tutulan "Fort 401" yüngül əl pulemyotu hesab oluna bilər. Bu silah Saxal ordusunun piyada bölmələrində istifadə edilən İsrailin "Negev" əl pulemyotunun lisenziyalı versiyasıdır.


Bu pulemyotun əsas üstünlüklərindən biri, həm standart qutulardakı lentalar, həm də yumşaq hücum xəzinələrindən mərmilərlə təchiz oluna bilməsidir. 5.56x45 mm NATO və 7.62x51 NATO mm çaplı mərmilərdən istifadə olunur, mərmisiz çəkisi - 8.1 kq-dır. Mərmi çapından asılı olaraq (5.56x45 və 7.62x51 mm): xəzinənin tutumu 150 və 100 ədəd mərmidir, atəş məsafəsi uyğun olaraq 500 və 1000 metrdir.

2017-ci ilin dekabrında Donald Tramp Administrasiyası "Barrett Firearms Manufacturing" istehsalı olan Barrett M107A1 snayper tüfəngləri ilə USQ-ni təmin etmək üçün lisenziyanı təsdiqlədi. ABŞ tərəfindən dəyəri ödəniləcək təhizatın ümümi dəyəri 41,5 milyon dollar təşkil edir.


Bu tüfəng ABŞ Ordusu ilə silahlanmasında da mövcuddur. Piyada və snayper əleyhinə səmərəli silah kimi uğurla istifadə olunur. Çapı-12,7x99 mm, .50 BMG mərmilərindən istifadə olunur. Zirehdələn mərmilər 30 mm zirehli təbəqəyə nüfuz edə bilir. Tüfəngin uzunluğu 1450 mm, lüləsi 737 mm-dir. Məhvetmə məsafəsi 1800 metrdir, maksimum atəş məsafəsi 2000 metrdir. Mərmisiz çəkisi 14 kq, xəzinə tutumu 10 mərmidir. İlk dəfə bu tüfənglər 2015-ci ildə düşmən qruplarının müdafiə xəttindən sızmasının və DKQ-nin hücumlarını önləmək üçün USQ-nin birləşmələri üçün alındı. Bu silahlar həmin qrupların sızmasını tam önləyə bilməsə də, onu həyata keçirənlər tərəfindən ödənilən dəyərin dəfələrlə artmasına səbəb oldu.

Xarkovun XADO "Chemical qrup" şirkəti 14.5x114 mm mərmi üçün "Snipex" 14.5 yeni iriçaplı yarım avtomatik tüfəng hazırlayıb. Bu silah nümunəsi də əhəmiyyətli bir atəş enerjisinə sahibdir və uzaq məsafələrdə yüksək dəqiqlikli atəş açmaq üçün nəzərdə tutulub.


İriçaplı "Snipex"14.5 tüfənginin perspektiv modeli

Bü tüfəngin də ölçülərini azaltmaq, texniki xidmət şərtlərini maksimum asanlaşdırmaq və istismar rahatlığını təmin etmək üçün "bull-pup" sxemindən istifadə etmək nəzərdə tutulur. Ümumi uzunluğu 1870 mm, lülə uzunluğu isə 1320 mm-dir. Hesablanan effektiv məsafə 5000 m-ə qədər, atəş məsafəsi 7000 m-ə qədərdir. Güllənin ilkin sürəti 1000 m/s-dir. Ümumi kütləsi təxminən 30 kiloqramdır.

Şübhəsiz ki, bu sinifdən olan ağır hərbi silahlar Donbasda seperatçılarla mübarizə aparmaq üçün lazımdır. Onlardan istifadə yalnız piyada bölmələrinin döyüş taktikası və ümumilikdə döyüş əməliyyatları fəlsəfəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola bilər.

Silsilə məqalənin beşinci və son hissəsində 2017-ci ilə qədər Ukrayna müdafiə sənayesinin silah və hərbi texnika sahəsində əsas perspektiv inkişafları nəzərdən keçirəcəyik və yekun nəticələri diqqətinizə çatdırmağa cəhd edəcəyik.

Yazıda informnapalm.org saytının materiallarına geniş yer verilib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Gəmi   Atıcı-silahlar   HDQ   Olxa   Qrom-2  


Bizi "telegram"da izləyin