Prezidentin saytında dərc olunan şəkillərə görə, müəssisədə “Tufan” seriyasının S-205 bort nömrəli 5-ci gəmisi suya düşürülməyə hazır, S-206 bort nömrəsi alacaq 6-cı gəmisi bağlı anqarda ellinq üzərində dayanaraq gövdəsi və tikililəri hazır yığılmış şəkildədir. Bununla da “Tufan” seriyasının inşası başa çatdırılmaq üzrədir. Növbə daha mürəkkəb və iki dəfə böyük subasımı olan, kilvater xəttində 15 metr daha uzun olan “Saar72” tipli korvetin inşasıdır. Mətbuatın verdiyi məlumata görə, iki ədəd həmin tipli gəminin inşası barədə də müqavilə bağlanıb. Düzdür, həmin gəminin bünövrəsi şəkillərdə göstərilməyib, lakin hiss olunur ki, ölkə predzidenti təkcə eyni seriyadan 5-ci “Tufan” gəmisinin təhvil verilmə mərasimi səbəbinə görə müəssisəyə gəlməyib. Dövlət rəhbərimiz bu seriyalı gəmilərin inşası zamanı müəssisədə olaraq, onların inşası gedişi ilə maraqlanmışdı. Bir gəminin təhvil mərasimində də iştirak etmişdi.
Bu gəmilərin döyüş qabiliyyəti və silahlanması haqqında əvvəlki yazımızda məlumat vermişik. Həmin yazıya qayıdaraq müxtəsər şəkildə demək olar ki, bu sahil mühafizə gəmiləri güclü silahlanmaya malikdir. Ən güclü və uzaqvuran silahı İsrailin səkkizatışlı buraxıcı qurğulu “Rafael” MLS NLOS gəmi raket kompleksidir ki, onlar hədəfi vurma məsafəsi 25-30 km olan idarəolunan “Spayk-NLOS" raketləri ilə təhciz olunub. Gəmidə bu raketlərin döyüş ehtiyatı 20 ədəddir. Həm də gəmidə bak (göyərtənin burun hissəsi) artilleriyası kimi gəminin idarəetmə mərkəzindən (kapitan körpücüyündən) məsafədən idarəolunan 2A14 tipli yırğalanmaya qarşı stabilləşdirilmiş 23 mm-lik avtomatik topdan istifadə olunur. Bundan əlavə gəmidə 2 ədəd 12,7 mm-lik M2HB pulemyotları ilə təhciz olunmuş məsafədən idarə olunan “Rafael Mini Typhoon” qurğuları, əllə idarə olunan turellərdə (silahın bərkidilib, döndərmək üçün istinaq qovşağı) yerləşdirilmiş 2 ədəd 12,7 mm-lik, 2 ədəd 7,62 mm-lik pulemyotlar var. Gəminin arxa hissəsində yüngül helikopterin uçuş-enmə meydançası var. Gəmidə müasir İsrail istehsallı radioelektron qurğuları quraşdırılıb. Bunlar hədəfi aşkar etmə və atəşi idarə etmə funksiyaları kombinə olunmuş İAİ Elta SGRS EL/M-2228X (bu gəminin başqa ölkələrə məxsus daha köhnə modifikasiyalarında hər iki funksiya üçün ayrı-ayrı iki radar istifadə olunur) radarı; “Rafael Toplite” tipli optik-elektron aşkarlama və atəşi idarəetmə kompleksi və passiv maneələr atan “Rafael Wizard” kompleksidir. Bundan əlavə gəmidə naviqasiya radarı və çox ehtimal ki, buksirdə dartılan yarı batmış akustik aşkarlama stansiyası var.
Gəmi ilə bağlı məlumatlardan başqa, sərhəd qoşunları komandanı Elçin Quliyev öz zabit kollektivi ilə birlikdə ölkə prezidentinə sərhəd qoşunlarının və ordumuzun silahlanmasında olan bir çox silah komplekslərini təqdim edib, onların funksiyaları və imkanları haqqında məlumat verib.
Bu sistemləri biz də nəzərdən keçirək. Onlardan ən maraqlısı 2016-cı ildə ölkəmizin əldə etdiyi “Elbit” şirkətinin istehsalı olan “Hermes-900” pilotsuz uçuş aparatıdır. Lakin onu birinci dəfədir ki, kütləvi informasiya vasitələrində göstərirlər. Bu gecə-gündüz taktiki uçuş aparatı iqlim şəraitindən asılı olmayaraq həmişə döyüş tapşırıqlarını yerinə yetirməyə qabil bir kəşfiyyat-döyüş kompleksidir. 9150 metr eşelonunda uçan bu pilotsuz maşın, bütün DZRK və bir çox ordu ZRK-ları üçün əlçatmaz hündürlükdən, kəşfiyyat-döyüş tapşırıqlarını yerinə yetirir. İkitərəfli peyk rabitə sistemi ilə təhciz olunmuş bu PUA öz bortunda optik-elektron müşahidə sistemləri, hərəkət edən hədəfləri də ayırd edə bilən sintezləşmiş aperturalı Radiolokasiya Stansiyası, infraqırmızı (istilik) tezlik qəbulediciləri, lazer süası ilə hədəfi işarəverən və məsafəni ölçən, düşmənin rabitə-kəşfiyyat-müşahidə sistemlərinə radioelektron maniələr təşkil edən qurğularla, idarəetmə məntəqəsinə real zaman kəsiyində video və fotomateriallarla mübadilə həyata keçirən qurğularla təmin olunub.
“Hermes-900” modullaşmış konstruksiya şəklində layihələndirildiyindən, əməliyyat şəraitindən asılı olaraq, onun qurğularını və sensorlarını qısa müddətdə lazımi konfiqurasiyada yığmaq mümkündür. İdarəetməni yerdə yerləşən idarəetmə məntəqəsindən peyk rabitəsi vasitəsilə həyata keçirirlər. Bu tipli idarəetmə kanalı düşmən maneələrinə daha davamlı və qat-qat daha gizli olur. Çünki rabitə peyki standart rabitə siqnallarını geniş bir rayona şüalandırır. Onların içində hansının kimə məxsus olmasını ayırd etmək çox mürəkkəb kriptoqrafiya avadanlığı və uzun müddət tələb edir. Peyk rabitəsi olmayan halda, PUA yerüstü idarəetmə məntəqəsi ilə 300 kilometrdən birbaşa qorunmuş rabitə kanalı ilə əlaqə saxlaya bilir. Rabitə əlaqəsi tam kəsilərsə, avtopilot şəraitində, inersial naviqasiya sisteminin yardımı ilə öz aerodromuna müstəqil qayıtmaq imkanı var. Tam 36 saat göydə ola bilən aparat 1500 kilometr uzaqda yerləşən əməliyyat rayonunun üzərində kəşfiyyat apara bilir. Həmçinin müvəffəqiyyətlə quru şərhədlərinin və dəniz akvatoriyasının patrul xidmətini həyata keçirir. Ordumuza və sərhədçilərimizə çox lazımlı bir döyüş kompleksidir.
İkinci maraqlı sistem kəşfiyyat-zərbə PUA-sı “Harop"dur. Qanadlarının açılışı 3 metr olan 135 kq-lıq bu aparat kreyser sürəti ilə 185 km/saat sürətlə 1000 km məsafə qət edərək düşmənə zərbə endirə bilər. Aparat 360 dərəcə bucaqlı rakursu olan kiçik platformada yerləşir, yüksək həssaslıqlı, rəqəmli kamera və müşahidə radarı ilə təhciz olunub. Hədəfi göstərilən rayonda axtaran bu PUA onu tapandan sonra, təyyarə-mərmiyə çevrilərək onun üzərinə şığıyır. Belə təyyarə-mərmilərin qiyməti yüksək, partlayıcı başlığının çəkisi nisbətən az olduğundan, onu cəhbəboyu xətti ümumqoşun əməliyyatlarında tətbiq etmək – mismarı çəkic əvəzinə mikroskopla vurmaq kimi bir işdir. Belə zərbə sistemləri xüsusi əməliyyatlarda istifadə olunur. Məsələn, düşmən ZRK-nın atəş yönəltmə radarını, optik-elektron kəşfiyyat stansiyasını, mühüm əməliyyat zabitini zərərsizləşdirmək üçün istifadə etmək daha məqsədəuyğundur. Sərhədçilər üçün bu sistem dəniz akvatoriyasında qorunan obyektlərə terrorçular tərəfindən idarə olunan üzən obyektin qəfildən qorxulu yaxınlaşması zamanı lazım ola bilər. Çünki ani döyüşə hazır vəziyyətdə olan bu zərbə sistemi, növbətçi patrul qüvvələri qorunan mövqelərə özünü çatdırana qədər hədəfi aşkarlayıb ona zərbə endirə bilər.
Bundan əlavə prezidentimizə sərhəd qoşunlarının istifadə etdikləri Türkiyə istehsalı olan “Kobra" zirehli döyüş avtomobilləri üzərində qurulmuş “Skif” TƏİR-ləri də təqdim edilib. 2011-сi ildən müxtəlif hərbi tədbirlərdə nümayiş etdirilən bu konfiqurasiyanın hərbi tərsanədə prezidentə göstərilməsi bizim üçün də maraqlı faktdır. Lakin öz-özlüyündə bu döyüş kompleksi daha kompakt həcmi olan DSX-ları üçün uğurlu qərar sayıla bilər. Standart şəraitdə orduyla təmas yaranana qədər sərhəd pozucusunu sərhəd qoşunları qarşılayır. Bu halda ona tank və hücum helikopterləri ilə mübarizə apara bilən mobil kompakt sistem çox lazım olardı.
Həmin gün ölkə rəhbərinə yüksək keçidli avtomobillər üzərində quraşdırılmış optik-elektron müşahidə sistemləri, müxtəlif atıcı silahlar da göstərildi. Ümumiyyətlə, ehtiyatla belə fərziyyə irəli sürmək olar ki, prezidentimiz hərbi dəniz qüvvələri sahəsində hansısa mühüm qərar qəbul etməzdən əvvəl, həmin gün DSX-nın Türkan tərsanəsinin mühəndis-texniki heyətindən, DSX-nın HDQ-nin silahlanma zabitlərindən nəyisə yerində dəqiqləşdirmək məqsədi ilə müəssisəyə gələ bilərdi. Çin Xalq Respublikasında işgüzar səfərdə olan müdafiə nazirimiz Zakir Həsənovun hərbi dəniz silahlanması istehsal edən Çin korporasiyalarına dəvət olunub, görüşlər keçirməsi, belə fərziyyənin yaranmasına bəzi əsaslar verir. Nazirin həmin ölkədə olması fürsətindən istifadə edərək, hansısa qərarın qəbul edilib, görüşün yekun memorandumunda əks olunmasından ötrü operativ qərar çıxarmaq ehtimalı yarana bilərdi.
Hər bir halda ölkə rəhbərimizin göstərilən müəssisədə qısa zamanda bir neçə dəfə olması, onun ordudan başqa, sərhəd mühafizə qüvvələrinin inkşafına da, əsasən hərbi dəniz komponentinə böyük diqqət göstərdiyini əks etdirir.
Hərbi ekspert Vüqar Miraslanov
Yazı
Ordu.az-a məxsusdur