38-ci paraleldə “tunel müharibəsi”: Koreyada böyük güclərin toqquşması – Hərbi ekspert (Araşdırma) – II Yazı

2017/12/38thParallel234234_1514547019.png
Oxunub: 902     19:28     29 Dekabr 2017    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

1950-ci ilin sentyabrın 28-də KXO Seulu geri qaytararaq, 38-ci paralel boyunca müharibədən əvvəlki sərhədlərə çatsa da dayanmadı. Qoşun şimala irəliləməkdə davam etdi. Cənubi Koreya tərəfi KXDR-in gəlişinə sevinənləri cəzalandırdı. 1950-ci ilin oktyabrın 20-də ABŞ və Cənubi Koreya qoşunları Şimali Koreya paytaxtı Pxenyanı ələ keçirdi. Bir həftə sonra Amerikanın avanqard hərbi hissələri və 6-ci Piyada Diviziyası irəlləyərək Şimali Koreya və Çin sərhədindəki Yaluszan çayının sahillərində möhkəmləndi. Məqsəd isə buradan Mancuriya və Çin Xalq Respublikasına hücüm etmək idi.


1950-ci ilin oktyabrın 26-da Marşal Pın De Huainin komandanlığı altında Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) 250 minlik Çin Xalq Könüllülər Korpusu (müxtəlif mənbələrə görə, 1953-cü ilin yayında Koreyada Çinin bir milyon əsgəri var idi) və KXDR-in sağ qalan və yenidən qurulan hərbi birləşmələri bütün Çin-Koreya sərhəd xətti boyunca hücuma keçdilər. Çin ordusunda tanklar və digər zirehli texnikalar yox idi. Koreya ordusunda isə cəmi 50 ədəd “yararlı”, döyüşə hazır T-34-84 tankı və SU-76 M ÖAQ olardı, ya olmazdı. Lakin bu qədər piyada qoşunun hücumunu dayandırmaq üçün NATO-nun qüvvələri kifayət deyildi. Çinin hücumları böyük miqdarda qar yağması ilə şaxtaların başlanmasına təsadüf etdi. ABŞ Hərbi Hava Qüvvələri tam gücü ilə uça bilmirdi: görünüş məsafəsi məhdud idi. Tank və digər texnikaları işə salmaqda problem yaradırdı, şəxsi heyətin qış geyimləri və avadanlıqları ilə təminat məsələləri tam həllini tapa bilmədiyinə görə çinlilər cəbhəni tez bir zamanda yara bildilər. Amerikanın dəniz piyadaları da geri çəkildi.

ABŞ-dan olan BMT-nin silahlı qüvvələrinin komandanı, ordu generalı Duqlas MakArtur bu məğlubiyyəti həzm etməyərək Vaşinqtondan Şimali Koreya, Mancuriya və Sovet İttifaqının Uzaq Şərq ərazisinə nüvə silahlarından kütləvi zərbələr endirməyi çox sərt şəkildə tələb etdi. Zərbə tələbini generalın özünü ehtiyata göndərməklə cavablandırdılar. Onu bu vəzifədə daha real fikirli general Ridjue ilə əvəz etdilər. ÇXAO Pxenyanı dekabrın 7-də ABŞ Silahlı Qüvvələrindən geri aldı və dekabrın sonuna qədər bütün cəbhə boyu müharibədən əvvəlki sərhədlər daxilində 38-ci paralelə çatdı. 1951-ci ilin yanvarın 4-də isə Seul ikinci dəfə KXDR-in nəzarətinə keçdi.


Bu zaman cəbhə xətti 38-ci paraleldən 90-100 km cənubdan keçirdi. 8 yanvar 1951-ci ildə BMT-nin qüvvələri əks hücuma keçdi və 1951-ci ilin yayında nəhayət cəbhə xətti 38-ci paraleldə sabitləşdi.

"Koreya tank müharibəsi" haqqında danışmaq bu baxımdan tamamilə mənasızdır. Deməli, 1950-ci ilin oktyabrından 1953-cü ilin atəşkəsinə qədər Cənubi Koreyada olan müasir Qərbin M26, M46 və ya ingilislərin"Senturion" Mk.3 tankları əsasən Çin və Şimali Koreya piyadalarının hücumlarını dəf etmək üçün istifadə olunub. Bu barədə amerikalıların hərbi-memuarlarında da daha açıq və aşkar qeydlər var: Koreyada müharibə iştirakçılarından heç kim döyüş meydanında çin və koreyalıların tanklarını, havada MİQ-15 təyyarələrini görməyib. Bununla yanaşı, onlar həmişə Şimali Koreya və Çin qoşunlarının çoxsaylı və dəqiq ağır artilleriyaya (reaktiv artilleriya da daxil), eləcə də yaxşı silahlanan, düşməni həmişə yaxın mübarizəyə və əlbəyaxa döyüşə çəkə bilən, gecələr mükəmməl döyüş qabiliyyəti olan fanatik piyada qoşunlarına malik olduqlarını daim xatırlayırlar.


Ümumilikdə, 1951-1953-cü illərdə BMT qüvvələri əsas yüksəkliklərə sahib olmaq üçün keçirdikləri lokal hücum hərəkətləri əsnasında tankları atəş dəstəyi vasitəsi kimi istifadə edirdilər. Döyüş teatrında düşmən tanklarının olmamasına baxmayaraq, bu kiçik hücumlar zamanı Qərb qüvvələrinin tankları Çin və Şimali Koreya hərbçilərinin quraşdırdıqları tank əleyhinə mina, fuqas və tank əleyhinə vasitələrin atəşindən ciddi itkilərə məruz qalırdı. Bunlarala yanaşı, Şimal qüvvələrinə məxsus tank əleyhinə vasitələrin yüksək səviyyəli maskalanmasını qeyd etmək lazımdır. Amerika komandirləri çox vaxt atəşin haradan açıldığını təyin etməkdə çətinlik çəkirdilər.



1952-ci ildə Koreyada Qərb dövlətlərinin 493 min 503 əsgəri fəaliyyət göstərirdi. Onlardan 185 min 229-u amerikalılar (8-ci ordu və 25 min 641 dəniz piyadası və 16 min ABŞ Hava Qüvvələri), 249 min 815-i cənubi koreyalılar, 10 min 138-i ingilis və avstraliyalılar, 4383-ü türklər, 1277-si fillippin, 1050-si tailland, 858-i kanadalılar, 818-i yeni zelandiyalılar, 777-si yunanlar, 749-u fransız, 638-i belçikalı və lüksemburqlu, 500-ü hollandlardan ibarət idi (əlavə olaraq bir sıra ölkələrin yüz nəfərdən çox olmayan, sırf rəmzi kontingentiləri də olub). Tankların sayı 1500-ə yaxın idi, 309 ədəd M26, 200 ədəd M46, təxminən 1000 ədəd M4A3E8 ("Şermans" yalnız amerikalılarda deyil, həmçinin Kanada və Avstraliya da bu tanklarlan istifadə edirdi). 500 ədəd yüngül M24 "Chaffee" tanklarına 1953-cü ildə onlarla M41 və 100 ədəd Britaniyanın "Senturion" Mk.3, "Cromwell" tankları və "Çörçill-Timsahları" alov atanları əlavə olundu (ÖAQ, zirehli personal daşıyıcıları və digər yüngül zirehli nəqliyyat vasitələrini bura daxil deyil).

Onlara ən azı 250 min Şimali Koreya əsgəri və 500 min Çin könüllüləri tərəfindən müqavimət göstərilirdi. KXO-nun zirehli tank qüvvələri 1951-ci ildə nisbətən bərpa olunan vəziyyətdə idi və sıralarında təxminən 250 ədəd T-34-85 tankı və 100-dən az SU-76 ÖAQ var idi. Müharibənin sonuna yaxın KXDR əlavə olaraq bir neçə SAU SU-100 ÖAQ aldı.



Çinlilərin Koreyada əvvəlcə tanklar yox idi. Bəzən 1950-ci ilin payızında Çinin hücum əməliyyatlarında Çay Kan Şi ordusundan Maoya miras qalan M3A3 "Stuart" köhnə yapon tanklarından istifadə etdiyi ehtimal olunur. Ancaq bu ehtimallar doğru deyil və bir qayda olaraq, həmin dövrdə Çin təbliğat xronikasına əsaslanaraq, Koreya cəbhəsindən uzaqlarda çəkilən kadrlara əsaslanır. Yalnız 1951-ci ilin sonu - 1952-ci ilin əvvəllərində Çin Ordusunun Sovet standartlarına keçirilməsi başlandıqdan sonra ÇXAO-nun 3 və ya 4 qarışıq tank alayını Koreyaya göndərdi. Hər alayda hər biri 20 ədəd T-34-85 tankları ilə silahlanan 3 tabor və 5 ədəd İS-3 ilə silahlanan bir əlahiddə bölük var idi. Cəmi bütün Koreyada ÇXAO-ya məxsus 180-240 ədəd arası T-34-85 tankı və təxminən 25 ədəd IS-2 ÖAQ var idi. Bu alayların tərkibində İS-2 ÖAQ-dan başqa ağır ISU-122 ÖAQ da olması mümkün idi. Lakin bu ehtimalları təsdiq edən foto və ya digər materiallar yoxdur.

Çin və Şimali Koreya tankları 1951-1953-cü illərdə "xəndək" və ya "tunel" müharibəsi adlanan əməliyyatlarda tanklardan çox məhdud sayda istifadə etdilər. Bir qayda olaraq, onlar ön xətdən 10 kilometr arxada, yüksəkliklərdə və ya arxa yamaclarda əvvəlcədən hazırlanan və yaxşı maskslanan mövqelərdə yerləşdirilirdi. Əsas təyinatı isə genişmiqyaslı düşmən hücumu zamanı mobil ehtiyat kimi hərəkət etməkdən ibarət idi. Əsasən bu dövrdə, ÇXDR və ÇXR-in ordularında olan tanklar sabit mövqelərdən atəş açaraq ÖAQ funksiyasını yerinə yetirirdilər. Bu hallara BMT-nin qüvvələrində də rast gəlinirdi və döyüş taktikaları fərqli deyildi. Bir ədəd belə olsun real tank döyüş qarşılaşması olmadığına görə, M26, M46 və ya "Senturion" ilə Çinin IS-2 tanklarının analizini aparmaq, hansının daha yüksək xarakteristikalara və imkanalara malik olduğunu söyləmək mümkün deyil.



1953-cü ilin iyulun 27-də Pxanmunçjom şəhərində - 38-ci paraleldə iki il davam edən danışıqlardan sonra, nəhayət, ABŞ və Cənubi Koreya qoşunları bir tərəfdən və KXO və ÇXAO digər tərəfdən olmaqla aralarında atəşkəs imzalandı. Bu müharibə 2 milyon mülki insanın həyatına son qoydu. Cənubi Koreya və BMT-nin qüvvələrinin 84 min əsgəri, KXDR və ÇXR-in isə 140 min əsgəri həlak oldu. Bu müharibədə ABŞ-ın baktereoloji silahdan istifadə etməsi barədə məlumatlar var. 1953-cü ildə imzalanan atəşkəs müqaviləsini tam sülh müqaviləsi adlandırmaq olmaz. Hər iki Koreya dövləti hələ də qeyri-sabit atəşkəs rejimində yaşayır.

KXDR və Cənubi Koreyanın hərbi və iqtisadi gücünü bərpa etmək və qurmaq üçün vaxt gəlib çatdı, çünki hərbi əməliyyatların bərpası istisna olunmurdu. Şimali Koreyalılar 350 tank və özüyeriyən qurğularla Li Sın Manın 100 ədəd M24 tankı və köhnəlmiş M36V-2 ÖAQ olan ordusundan daha yaxşı vəziyyətdə idi.

Koreya Demokratik Xalq Cümhuriyyətində isə bu gün hesab edirlər ki, ABŞ Koreyada 405 min 408, Cənubi Koreya isə 1 milyon 199 965 nəfər, digər "peyk ölkələr" isə 30 min 665 nəfər şəxsi heyət və 5 min 720 təyyarə, 2 min 690 tank, 54 zirehli avtomobil, 4 min 111 ədəd avtonəqliyyat vasitəsi, 1374 top, 564 gəmi itirib.

(Ardı var)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-müharibəsi   Çin-ABŞ  


Bizi "telegram"da izləyin