Böyük müharibənin atəşində: 1949-2016-cı illərdə KXDR-in zirehli texnikaları - АRAŞDIRMA (FOTOLAR)

2017/12/Korean-war-essay32432_4542938340.jpg
Oxunub: 724     02:04     27 Dekabr 2017    
Bildiyiniz kimi, 1945-ci ildə imzalanan Potsdam müqaviləsinin şərtlərinə görə, Yaponiya üzərində qələbdən sonra qalib qüvvələr - Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları arasında Koreya yarımadası bölüşdürülməli idi. Bölünmə xətti təxminən yarımadanın ortasından - 38-ci paraleldən keçirdi. Bəzən ilkin danışıqlarda britaniyalılar və amerikalılar Stalinə Koreyanı tamamilə zəbt etməyi və Qırmızı Ordunun bir hissəsini Yaponiya adalarında yerləşdirməyi, əvəzində isə Çində bəzi güzəştlər etməyi, məsələn, hərbi yardımın minimuma endirilməsini təklif edirdilər. Stalin isə buna razı olmadı.

Nəticədə, Koreyanın şimal və cənubunda müvafiq olaraq Sovet İttifaqı və ABŞ-a dost olan qüvvələr hakimiyyətə gəldi. Cənubi Koreyada Lİ Sın Man, Şimali Koreyada isə Qırmızı Orduda xidmət keçən kommunist Kım İr Sen rəhbər oldu. 1948-ci ildə Sovet və ABŞ qüvvələri Koreyanı tərk etməyə başladılar.


Beləliklə, Koreya yarımadasında iki düşmən dövlət - 1948-ci ilin avqustun 15-də paytaxtı Seul olmaqla Koreya Respublikası (Cənubi Koreya), sentyabrın 9 isə paytaxtı Pxenyan olmaqla Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) quruldu.

Dövlətlərin yaranması həmçinin 38-ci paralelin hər iki tərəfində yerləşən dövlətin silahlı qüvvələrinin formalaşmasını nəzərdə tuturdu. Həmin an amerikalılar Tayvan ilə yaxından (1949-cu ildə ÇXR formalaşır və Çay Kan Şi tərəfdarlarını Tayvan adasına xaric edirlər) məşğul olurdular. Bütün hərbi və maliyyə səyləri əhəmiyyətli dərəcədə o illərdə solçu qüvvələri güclənən Yaponiya iqtisadiyyatının və hərbi gücünün bərpasına sərf olunurdu. Buna görə, 1950-ci ilin yayına qədər Vaşinqton Koreya, Malayziya və ya Hind-Çindəki vəziyyətdən o qədər də narahatlıq duymadı. Əlbəttə, Li Sın Man rejiminə qismən xarici nəzarət altında olan üçüncü dərəcəli dövlətə göstəriləcək miqdarda hərbi yardım göstərildi.


Cənubi Koreyanın 1950-ci ilin yayında doqquz piyada diviziyası ilə yüz minə yaxın (yardımçı heyət istisna olmaqla 94 000 nəfər) ordusu var idi. Hər diviziya üç piyada alayı, 15 ədəd 105 millimetrlik topları olan üç batareyalı artilleriya divizionu, əlavə olaraq 57 millimetrlik toplarla silahlanan tank əleyhinə batareya, 60 və 81 millimetrlik minaatan ilə silahlanan ağır silahlar bölüyündən ibarət idi. Koreya müharibəsinin başlanğıcında yalnız 1, 6, 7-ci və "Mərkəz" diviziyaları tam heyətlə (10 min 948 nəfər) komplekt şəkildə iştirak edib. Cənubi koreyalılarda olan zirehli nəqliyyat vasitələri 37 (digər mənbələrə görə, 27) ədəd M8 və M20 yüngül zirehli maşınları, və 1-ci Süvari alayının hissələrində isə 10-a yaxın yarım-tırtıllı ZPD M3 vardı. Cənubi Koreyada HHQ, pilot təlimi, yaxın kəşfiyyat, artilleriya atəşini düzənləmək və digər tapşırıqların həyata keçirilməsi üçün 18 yüngül təyyarə var idi. Cənubi Koreya Silahlı Qüvvələri ABŞ ordusunun Sakit okean Komandanlığının əməliyyat nəzarəti altında idi. Bu ordunun tərkibində bir süvari və üç piyada diviziyası, (82 min 871 nəfər şəxsi heyət, 1081 top və minaatan, 495 ədəd M24 və M4A3E8 tankları), Yaponiyadakı ABŞ Hərbi Hava Qüvvələrinin qruplaşmasının 100-dən artıq bombardmançı təyyarəsi (Quam bazasındakı 22 ədəd strateji B-29 və 19 ədəd bombardmançıda daxil olmaqla), 593 ədəd qırıcı təyyarəyə (onlardan F-80 təyyarəsi "Shuting Star", 179 nəqliyyat və ABŞ Hərbi Dəniz Qüvvələrinin 300 təlim, rabitə və kəşfiyyat təyyarəsi) sahib idi. Əlavə olaraq, Yaponiyada 1950-ci ildən bir aviadaşıyıcı, iki kreyser, 12 esmines, 4 sualtı, və 118 göyərtə təyyarəsi mövcud idi. ABŞ-ın yarımadada olan hərbi gücünü nəzərə almadan, bölgədə KXDR hərbi imkanlarının "aqressiv təbiəti haqqında" Qərbin cari versiyasına inananlar az deyildi. Lakin reallıq fərqli idi.


1950-ci ilin yayında Koreya Xalq Ordusu 100 000 nəfərlik (Qərbin mənbələrinə görə, 223 000 nəfərlik bir rəqəm göstərilir, lakin 102 000 nəfərdən az olmadığı da vurğulanır) ordunu silahlandıra bildi. Buraya on piyada diviziya - silahla və şəxsi heyətlə tam təchiz edilən yeddi və qismən təchiz olunan 3 diviziya (1-7-ci, 10-cu, 13-cü və 15-ci) daxil idi. Bu diviziyalar Sovet modelində formalaşırdı: hər biri üç piyada alayı, iki artilleriya alayı hər birində 3 artilleriya divizionu olmaqla (76 millimetrlik toplarla və 45-mm tank əleyhinə qurğularla silahlanan) və minaatan batareyalardan (82 və 120 millimetrlik minaatanlar) ibarət idi. Döyüş və say tərkibi diviziyalara görə dəyişirdi. Bundan əlavə, ağır artilleriya alayı (üç diviziyanın hər birində 122 millimetrlik M-30 qaubitsası) BM-13/31 ilə silahlanan 1-2 reaktiv diviziya bölməsi, zenit artilleriya alayı (3-4 diviziondan ibarət, 37 millimetrlik 70 K və 85 millimetrlik 52-K zenit topu, 12,7 millimetrlik DŞK ilə silahlanan bir neçə tağımdan ibarət) və mühəndis briqadasından ibarət idi. HHQ isə 93 ədəd hücumçu İL-10 təyyarəsindən, 79 ədəd Yak-9P və 67 ədəd rabitə, təlim və nəqliyyat təyyarəsini özündə cəmləyən 55-ci qarışıq aviadiviziyadan ibarət idi.


15- ci Tank təlim alayı

Həqiqətən bu alayda iki T-34-85 var idi və Şimali Koreya tankçılarının təlimi ilə 30 nəfər sovet hərbi personalı (zabit, çavuş, təlimatçı və mühəndislər) məşğul olurdu. Bu bölmənin mövcudluğu barədə fərziyyələrdə qeyd olunan "Çin tərəfindən verilən M4 və M3A3 tankları" reallığa uyğun gəlmir. Çin KXDR-in təşkilində iştirak etməyib və KXDR-i hər hansı formada hərbi yardımla təmin etmək iqtidarında deyildi. 1949-cu ildə Çində hələ vətəndaş müharibəsi gedirdi. Bəzi məlumatlara görə, bu təlim mərkəzinə Qırmızı Ordunun keçmiş leytenantı, sonra KXO-nun 4-cü Piyada diviziyasinda xidmətini davam etdirən polkovnik Yu Kun Su komandirlik edib.

Sovet mütəxəsisləri Şimali Koreya üçün əsas zərbə qüvvəsi olan 105-ci Zirehli Briqadanı formalaşmasına 1949-cu ilin mayında başladılar. Bu briqadanın tərkibinə 107-ci, 109-cu, 203-cü və 206-cı mexaniki alaylar daxil oldu. Münqişənin əvvəlinə qədər bu bölmələr taborlar idi, alay olduqdan sonra da heç nə dəyişmədi. Çünki Şimali Koreyada nə tank, nə də tankı idarə edəcək ehtiyat heyətlər yox idi.

105-ci Tank Briqadası ilə yanaşı, Koreya Xalq Ordusunda 20 ədəd orta T-34-85 tankı ilə silahlanan və sonradan tank alayı olan 20-ci tank taboru da var idi.


1950-ci ilin yayında 105-ci TB-nin hər bir taborunda 40-dan artıq tank var idi. Belə ki, Koreya müharibəsinin əvvəlində T-34-85 KXO-da tankların ümumi sayı 180 ədəddən çox deyildi. Lakin, ABŞ mənbələri bu rəqəmi 238-279-a qədər artırır. Bu rəqəmi əməliyyatların başlanmasından sonra alınan tankları nəzərə alaraq təyin ediblər. Hərçənd ki, yenə də bu rəqəm reallığı əks etdirmir. Şimali koreyalılar praktiki yeni zirehli bölmələrinin yaradılması üçün heç bir kadr ehtiyatlarına malik deyildilər. Sovet İttifaqının müharibənin əvvəlidə KXDR-ə 40-50 əlavə T-34 tankı verdiyi həqiqətdir. 1950-ci ildə yay hücumlarında 100-dən çox T-34 iştirak edib: deməli, müharibənin əvvəlinə 105-ci Tank Briqadası bəzi alayları texnika ilə tam təchiz edilib və onlar döyüşə hazır vəziyyətdə olublar.

Koreya Xalq Ordusu 1950-ci ilin yazında SU-76M markalı 75 ədəd özüyeriyən artilleriya qurğusuna (ÖAQ) malik idi. Qərbli müəlliflər hesab edirlər ki, yeddi piyada diviziyasının hər birinə bir ədəd SU-76M ÖAQ diviziyası daxil olub. Lakin həqiqətdə özüyeriyən qurğuların (müxtəlif hesablamalara görə 16-dan 30-a qədər) üçdə biri 105-ci Tank Briqadasına əlavə verilən 308-ci özüyeriyən artilleriya diviziyasının tərkibində idi (bu diviziyanı çox vaxt israrla "zirehli diviziya" adlandırırlar), yəni əslində, ÖAQ bütün bölmələrdə mövcud deyildi. 105-ci TB-nin tərkibinə bu hissələrlə yanaşı M-72 motosikletləri və BA-64B zirehli avtomobilləriylə silahlanan 603-cü kəşfiyyat taboru da (bunu adətən "motosikletli kəşfiyyat alayı" adlandırırlar) daxil idi.

Qəribədir ki, doğru zamanda doğru yerdə tətbiq edilən bu üç yüz tank və özüyeriyən qurğulardan ibarət köhnə sovet texnikası, NATO və ümumiyyətlə "mütərəqqi" Qərb dünyasına necə dəhşət yaşatdısa, ABŞ və müttəfiqləri bütün ölkələrdən hərbi qüvvə toplayaraq təcavüzkarı durdurmaq üçün onların Koreyaya göndərilməsinə başladılar.

(Ardı var)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Müharibə   SSRİ  


Bizi "telegram"da izləyin