MKE-nin hazırladığı qəlpəli sursat hər “Mehmetçiyi” hava hücumundan müdafiə elementinə çevirəcək

2026/06/1782394042.jpg
Oxunub: 253     17:26     25 İyun 2026    
“Makine ve Kimya Endüstrisi” (MKE) Pilotsuz Uçuş Aparatlarından (PUA) gələn təhdidlərə qarşı 7,62 mm çaplı qəlpəli antidron sursatı hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

MKE tərəfindən yayılan məlumata görə, sursat sınaq atışları zamanı havadan gələn təhdidləri uğurla zərərsizləşdirib.

Antidron sursatı müasir döyüş meydanında kəşfiyyat fəaliyyətlərindən kamikadze hücumlarına qədər müxtəlif tapşırıqlarda istifadə olunan mini və mikro PUA-laraqarşı effektiv həll təqdim edəcək.

Bu sursat sayəsində döyüş meydanında qəfil meydana çıxan PUA təhdidlərinə qarşı piyada bölmələri hava hücumundan müdafiə elementinə çevriləcək və təhdid yaradan pilotsuz uçuş aparatlarına dərhal cavab verə biləcək.

Əlavə sistem və ya platforma dəyişikliyi tələb etməyən antidron sursatı 7,62x51 mm və 7,62x39 mm çaplarda istehsal olunub.

Sursat piyada tüfənglərindən pulemyotlara, nəqliyyat vasitələri üzərində quraşdırılan silah sistemlərindən uzaqdan idarə olunan silah qüllələrinə qədər geniş istifadə imkanına malikdir.

Qəlpəli quruluş geniş təsir sahəsi yaradır

Qəlpəli antidron sursatı lülədən çıxdıqdan təxminən 5 metr sonra mexaniki şəkildə açılır və daxilindəki xüsusi hazırlanmış qəlpələri hədəf istiqamətində yayır.

Bu xüsusiyyət sayəsində kiçik ölçülü və yüksək manevr qabiliyyətinə malik pilotsuz uçuş aparatlarına qarşı vurma ehtimalı əhəmiyyətli dərəcədə artır.

Orta hesabla saniyədə 680 metr başlanğıc sürətinə malik sursat təxminən 50 metr məsafədə 1 metr, 100 metr məsafədə isə 2 metr diametrində sıx qəlpə buludu yaradır.

Geniş təsir həcmi sayəsində klassik sursatlarla müqayisədə PUA hədəflərinə qarşı daha yüksək effektivlik təmin edən 7,62 mm çaplı qəlpəli sursat mövcud silah sistemləri ilə tam uyğun olduğundan istifadəçidən əlavə hazırlıq və ya əlavə xərc tələb etmir.

Fərqli çaplarda işlər davam etdirilir

MKE baza rayonları, kritik obyektlər, sərhəd xətləri və hərəkətdə olan bölmələr üçün effektiv antidron həlli təqdim edən bu sursatla yanaşı, artan insansız sistem təhdidlərinə qarşı 12,7 mm, 20 mm və 35 mm çaplarda da antidron sursatları hazırlayır.

Şirkət bununla müxtəlif platformalar və tapşırıq tələblərinə cavab verən çoxtəbəqəli antidron sursat ailəsi formalaşdırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin