KNDS “Leclerc” tankını əvəz edəcək keçid tankını təqdim edib

2026/06/1781633014.jpg
Oxunub: 275     22:04     16 İyun 2026    
Fransa-Almaniya quru sistemləri istehsalçısı KNDS Fransanın istismar müddəti başa çatmaq üzrə olan “Leclerc” tanklarını əvəz etmək üçün nəzərdə tutulan keçid əsas döyüş tankı layihəsini “Eurosatory” müdafiə sərgisində təqdim edib.

Ordu.az xəbər verir ki, şirkət “ara imkan” mənasını verən “Capint” adlı tankın ilk nümunələrini 2030-cu illərdə təhvil verməyi planlaşdırır.

Fransa-Almaniya birgə layihəsi olan Əsas Quru Döyüş Sistemi (MGCS) proqramının 2040-cı illərin ortalarına qədər gecikəcəyi gözlənildiyindən, Fransa qarşıdakı on il ərzində “Leclerc” tanklarını əvəz edəcək platformaya ehtiyac duyur.

Təklif “KNDS France” tərəfindən hazırlanmış 120 mm çaplı, avtomatik doldurulan, yivsiz “Ascalon” topu ilə təchiz edilmiş insansız qüllədən ibarətdir. Top gələcəkdə 140 mm çaplı versiya ilə əvəz edilə bilər. Tank Almaniyanın “Leopard 2” şassisi üzərində qurulub.

“KNDS France” şirkətinin əsas döyüş tankları və kəşfiyyat vasitələri üzrə məhsul qrupunun rəhbəri Jülyen Brünenin sözlərinə görə, məqsəd 2030-cu ildə Fransa Silahlanma Baş İdarəsinə prototip təqdim etmək, 2035-ci ildə ilk seriya nümunələrini təhvil vermək və 2037-ci ildə tankı qoşunların istifadəsinə verməkdir.

Brüne platformanı dördüncü nəsil döyüş sisteminin başlanğıcı kimi xarakterizə edib.

Onun sözlərinə görə, tank tam inteqrasiya olunmuş süni zəka, passiv, reaktiv və aktiv müdafiə sistemlərinin kombinasiyası, pilotsuz uçuş aparatı əleyhinə döyüş imkanları və görmə məsafəsindən kənarda nişanalma qabiliyyəti ilə təchiz ediləcək.

Tankın ön hissəsində yüksək səviyyədə qorunan bölmədə üç nəfərlik ekipaj yerləşəcək.

Brüne bildirib ki, aktiv müdafiə sistemlərinin effektorları qüllə və şassi üzrə paylanacaq. Onun sözlərinə görə, bu sistemlər “Trophy” aktiv müdafiə sistemində istifadə olunanlardan müəyyən qədər fərqli olacaq, lakin detalları açıqlamaq mümkün deyil.

“KNDS France” şirkətinin baş direktoru Nikola Qru keçid tankının başlanğıcdan etibarən MGCS proqramı üçün nəzərdə tutulan konsepsiyaları, o cümlədən bir və ya iki robotlaşdırılmış qanad platformasını da əhatə edəcəyini bildirib.

Qru qeyd edib ki, KNDS bu ilin yanvarında Portuqaliyada hərəkət zamanı atış sınaqları keçirib. “Bu, sadəcə konsepsiya və ya eskiz deyil. Bu, həyata keçirilə biləcəyinə əmin olduğumuz real layihədir”, - deyə o bildirib.

KNDS-in baş direktoru Jan-Pol Alari sərgidə keçirdiyi mətbuat konfransında erkən hazırlığın əhəmiyyətini vurğulayıb. “Biz gələcəyin müharibəsini yaratmaq üçün artıq bu gündən işləyirik”, - deyə Alari bildirib.

Onun sözlərinə görə, MGCS proqramının nəzərdə tutduğu döyüş şəraiti layihənin özündən daha tez reallığa çevrilə bilər. KNDS MGCS istifadəyə verilənədək həm Almaniya, həm də Fransa silahlı qüvvələri üçün ayrıca keçid döyüş tankları hazırlamağı planlaşdırır.

Almaniya Silahlı Qüvvələri üçün “Leopard 2”nin təkmilləşdirilmiş versiyası nəzərdə tutulduğu halda, Fransa üçün “Capint” layihəsində “Leopard 2” şassisi ilə “KNDS France” şirkətinin “Ascalon” qülləsi birləşdiriləcək.

Brüne bildirib ki, “Leopard 2” şassisinin seçilməsi halında istehsal Fransada lokallaşdırılacaq. Çünki Almaniyadakı istehsal müəssisələri artıq mövcud tələbatı qarşılamaq üçün yüksək sürətlə fəaliyyət göstərir. “Əgər şassini sürətlə istehsal etməli olsaq, ən yaxşı seçim yenə Fransada istehsaldır. Bunun üçün lazımi təcrübəyə sahibik və heç bir problem yoxdur”, - deyə o vurğulayıb.

30 milyard avrodan artıq sifariş portfelinə malik KNDS yüksək tələbat səbəbindən istehsal imkanlarını həm tərəfdaşları ilə birlikdə, həm də müstəqil şəkildə artırmağı planlaşdırır.

Jan-Pol Alari bildirib ki, şirkət 10 yeni istehsal müəssisəsi yaradacaq, mövcud zavodların bir hissəsi genişləndiriləcək və yeni müəssisələrin əksəriyyəti Almaniyada yerləşəcək. Şirkət bütün 10 müəssisəni bu il ərzində istifadəyə verməyi planlaşdırır.

Alari qarşıdakı iki-üç il ərzində təxminən 1,5 milyard avro investisiya qoyulacağını açıqlayıb. KNDS eyni zamanda bu il ərzində səhmlərinin bir hissəsini birjada yerləşdirməyi planlaşdırır. “Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar”, - deyə Alari bildirib.

Mediada yayılan məlumatlara görə, səhmlərin ilkin yerləşdirilməsi iyun və ya iyul ayında həyata keçirilə bilər.

“Reuters” agentliyinin məlumatına əsasən, Paris və Frankfurt birjalarında ikili listinq zamanı şirkətin dəyərinin təxminən 20 milyard avro olacağı və səhmlərin təxminən 25 faizinin satışa çıxarılacağı gözlənilir.

KNDS bildirib ki, “Ascalon” topundan indiyədək təxminən 300 mərmi atılıb və uzaqdan idarə olunan qülləyə malik əsas döyüş tankının bu ilin yanvarında həyata keçirilən atışı dünya üzrə ilk belə sınaq olub.

Brünenin sözlərinə görə, “Ascalon”un 120 mm çaplı versiyası NATO standartı olan digər 120 mm toplardan xeyli güclüdür. Şirkət sərgidə həmçinin “Rheinmetall” tərəfindən istehsal olunmuş insansız qüllə və 120 mm top ilə təchiz edilən, “Leopard 2A8” tankının mümkün varisini də nümayiş etdirib.

MGCS proqramının davam etdirilib-etdirilməyəcəyi siyasi qərardan asılı olsa da, Jan-Pol Alari layihənin ləğv edilməsinin Avropa üçün “çox pis xəbər” olacağını bildirib. Qeyd edək ki, Fransa və Almaniya bu ayın əvvəlində “Future Combat Air System” proqramı çərçivəsində altıncı nəsil döyüş təyyarəsinin birgə hazırlanması planından imtina etmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KNDS   Leclerc   Tank  


Bizi "telegram"da izləyin