Ordu.az xəbər verir ki, bu həftə Qroningen əyalətində yerləşən Marnehoyzen poliqonunda müharibə vəziyyətində 2000-ə qədər hərbçini qəbul edə biləcək düşərgə layihəsi sınaqdan keçirilir.
AD nəşrinin məlumatına görə, təlimlər Rusiya ilə mümkün münaqişəyə hazırlıqla əlaqələndirilir.
Düşərgənin cəmi bir həftə ərzində qurulması nəzərdə tutulur. Bu məqsədlə yalnız hərbçilər deyil, iri musiqi festivalları üçün infrastruktur quran mülki podratçılar da cəlb olunacaq.
Düşərgə ənənəvi hərbi əsir düşərgələrindən fərqli olacaq. Təhlükəsizlik müasir nəzarət sistemləri vasitəsilə təmin ediləcək. Kameralar görüntü və səslərə reaksiya verəcək, ərazi üzərində uçan pilotsuz uçuş aparatları isə görüntüləri birbaşa komanda məntəqəsinə ötürəcək.
Hərbi əsirlərin ikimərtəbəli çarpayılarla təchiz olunmuş kiçik ağ kazarmalarda yerləşdirilməsi planlaşdırılır. Zabitlər və əsgərlər birlikdə qalacaq, hər otaqda maksimum 20 nəfər olacaq.
Onlar üçün gəzinti zonaları, ümumi yuyunma məntəqələri, yeməkxana və tibb məntəqəsi yaradılacaq. Mobil telefonlar və şəxsi elektron cihazlar müsadirə ediləcək, lakin ailələrinə məktub yazmağa icazə veriləcək.
Niderland Quru Qoşunlarının Operativ Dəstək Komandanlığının rəhbəri general Nikol de Volf bildirib ki, əsirlər üçün yaradılacaq şərait ən azı Niderland hərbçilərinin şəraitindən geri qalmayacaq.
Onun sözlərinə görə, oxşar təlimlər sonuncu dəfə Soyuq müharibə dövründə keçirilib və son onilliklər ərzində ordu minlərlə əsirin saxlanılması təcrübəsini demək olar ki, itirib.
“Əgər qarşı tərəfi silahsızlaşdırmısınızsa, onu mümkün qədər tez cəbhə xəttindən uzaqlaşdırmaq istəyirsiniz”, - deyə general bildirib.
Əsir götürülən hərbçilər yüzlərlə kilometr arxaya daşınacaq, qeydiyyata alınacaq, dindiriləcək və mümkün əsir mübadiləsinə qədər saxlanılacaqlar. Niderland hərbçiləri vurğulayırlar ki, əsirlərlə humanist rəftar yalnız beynəlxalq hüququn tələblərindən irəli gəlmir.
“Özünə rəva bilmədiyini başqasına da etmə”, - deyə general Nikol de Volf qeyd edib.
Onun sözlərinə görə, Niderland öz hərbçilərinin əsir düşəcəyi halda onlara da eyni dərəcədə insani münasibət göstəriləcəyinə ümid edir.
Sevinc Əliyeva
Ordu.az