G7 sammiti dərin fikir ayrılıqları fonunda keçiriləcək

2025/02/1739641157.jpg
Oxunub: 218     17:06     15 İyun 2026    
“Böyük Yeddilik” (G7) ölkələrinin üç günlük sammitini və Avropa Şurasının iclasını əhatə edən yüksək səviyyəli diplomatik görüşlər silsiləsi Qərb alyansında dərin böhran və ABŞ ilə Avropa arasında artan fikir ayrılıqları fonunda başlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Il Fatto Quotidiano” qəzetinin şərhçisi Sabrina Provenzani yazıb.

Müəllif qeyd edir ki, Vaşinqton faktiki olaraq ənənəvi müttəfiq maskasını çıxarıb. ABŞ Prezidenti Donald Trampın administrasiyası NATO çərçivəsində öhdəliklərini və hərbi mövcudluğunu tədricən azaldır. Ağ Evdə Avropalı tərəfdaşlara getdikcə daha çox “zəif, etibarsız və başqalarının hesabına yaşayanlar” kimi baxılır və onlar ABŞ-nin şəxsi və ya strateji maraqlarına xidmət etmədikləri halda nəzərdən kənarda qala bilərlər.

Provenzani vurğulayır ki, Avropa İttifaqı hazırda siyasi gücdən daha çox zəiflik nümayiş etdirir. Onun sözlərinə görə, qurumun xarici siyasəti 27 üzv ölkə arasındakı daxili fikir ayrılıqları səbəbindən iflic vəziyyətindədir. Uzunmüddətli silahlanma investisiyaları Ukraynadakı mövcud münaqişəni həll etmək iqtidarında deyil, əksinə iqtisadi inkişaf üçün lazım olan resursları tükəndirir.

Şərhçi hesab edir ki, bu şəraitdə G7 sammitinin Ukraynaya həsr olunmuş işçi sessiyası “heç bir məna kəsb etmir, çünki üfüqdə sülhə dair heç bir işarə görünmür”.

“Yeganə aydın olan odur ki, Ukrayna məsələsi iqtisadi, hərbi və siyasi baxımdan belə bir yükü daşımağa hazır olmayan Avropanın üzərinə qoyulur. Makron Trampla münasibətlərində ona Versalda keçiriləcək ziyafətə dəvət göndərərək “əzəmət kartı”nı oynayacaq. Bu, Avropanı gözləyən gələcəyin simvoludur - real güc qarşısında yalnız cazibəsinə və yaltaqlığa arxalanmağa məcbur olan simasız muzeyə çevrilmək”, - deyə Provenzani yazıb.

Sammit iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək. “Politico” nəşrinin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Trampın rəğbətini qazanmaq və onun görüşü vaxtından əvvəl tərk etməsinin qarşısını almaq üçün yollar axtarır. Bu məqsədlə Makron iyunun 17-də sammit başa çatdıqdan sonra Versal sarayında amerikalı həmkarının şərəfinə rəsmi qəbul təşkil edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Sammit  


Bizi "telegram"da izləyin