İrəvanda saxlanılan rus bloger azadlığa buraxılıb

2026/06/1781529480.jpg
Oxunub: 216     17:09     15 İyun 2026    
Üç gün əvvəl “Zvartnots” hava limanında saxlanılan tanınmış rus riyaziyyatçı və bloger Mixail Verbitski azadlığa buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

Vəkilin sözlərinə görə, bu, Rusiya hüquq-mühafizə orqanlarının Verbitskinin həbs olunması ilə bağlı Ermənistan Baş Prokurorluğuna müraciət göndərmədiyini göstərir.

Bununla belə, Verbitski Ermənistanı tərk edə bilmir. Erməni vəkil Vaçe Simonyan bildirib ki, buna səbəb Rusiyada ona qarşı irəli sürülən ittiham və axtarış elan olunmasıdır. Alim axtarışda olduğu müddətdə Ermənistan ona sərhədi keçməyə icazə verə bilməz.

Verbitski “Azadlıq” radiosuna bildirib ki, İsrailə geri dönüş bileti olsa da, məcburən Ermənistanda qalmalı olacaq.

“Birbaşa hava limanında məni saxladılar, qandal vurdular və saxlanılan şəxslər üçün nəzərdə tutulmuş yerə apardılar. Əvvəlcə heç nə demədilər, sonra isə Rusiyaya göndəriləcəyimi bildirdilər. Məni Rusiya axtarışa verdiyi üçün saxladılar. Bunu bilirdim, amma Ermənistana gələndə saxlanılacağımı gözləmirdim. Ermənistan haqqında yaxşı şeylər eşitmişdim. Bu mənim üçün gözlənilməz oldu”, - deyə o bildirib.

Ermənistan Baş Prokurorluğu hələlik Rusiya tərəfindən Verbitski ilə bağlı hansı sənədlərin təqdim olunduğunu açıqlamayıb.

Verbitski hesab edir ki, ona qarşı irəli sürülən ittiham “Crocus City Hall” terror aktı ilə bağlı istintaqın nəticələrini şübhə altına alması ilə əlaqədardır.

“Əslində belədir. Çünki həmin terror aktında ittiham olunan şəxslərin qulaqları kəsilib, gözləri zədələnib, döyülüblər. Mən istintaqın nəticələrini deyil, insanların qulaqlarının və gözlərinin zədələnməsini, döyülməsini və bütün bunların televiziya ilə nümayiş etdirilməsini tənqid etmişəm”, - deyə alim bildirib.

Verbitski əlavə edib ki, əgər öz iradəsi xaricində Ermənistanda qalmalı olsa, yerli alimlərlə əməkdaşlıq edə bilər.

Rio-de-Janeyroda yaşayan alim bildirib ki, universitetdə yaxşı işi var və internet olduğu halda məsafədən işləyə bilər.

Harvard Universitetində doktorluq dərəcəsi almış və müxtəlif beynəlxalq universitetlərdə dərs demiş 56 yaşlı Verbitski 2025-ci ildən etibarən Rusiyada axtarışdadır.

Onun vəkili bildirib ki, sərhədi keçərkən Verbitskiyə terror fəaliyyətinə açıq çağırışlar etmək, terrorizmi açıq şəkildə haqq qazandırmaq və ya təbliğ etmək maddəsi ilə cinayət işi açıldığı və axtarış elan edildiyi barədə məlumat verilib.

Alim Putin rejimini və Ukraynaya qarşı artıq dördüncü ildir davam edən müharibəni fəal şəkildə tənqid edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Verbitski  


Bizi "telegram"da izləyin