Ermənistan KİV-i: Nəhəng ehtiyatlar itirmişik, indi nə istəyirik?

2026/06/1781338505.jpg
Oxunub: 238     17:51     15 İyun 2026    
“2020-ci il müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən Zod qızıl yatağının bir hissəsindəki ehtiyatların dəyərinin 4 milyard ABŞ dollarından çox olduğu bildirilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Nəhəng ehtiyatlar itirmişik, indi nə istəyirik?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, bir neçə gün əvvəl Azərbaycanın “AzerGold” şirkəti Zod qızıl yatağının 2020-ci il müharibəsindən sonra Bakının nəzarətinə keçən hissəsində aparılan işlərin nəticələrini açıqlayıb.

“Məlumata görə, yatağın qalan çıxarıla bilən ehtiyatları 1,03 milyon unsiya qızıl olaraq qiymətləndirilib. Bu, dəyəri 4 milyard ABŞ dollarından artıq olan ehtiyat deməkdir. Bundan əlavə, şirkət resurs bazasını genişləndirmək məqsədilə həm yaxın, həm də daha uzaq ərazilərdə geoloji kəşfiyyat işlərini davam etdirdiyini bəyan edib”, - deyə nəşr yazıb.

Müəllifin sözlərinə görə, Azərbaycanda bildirirlər ki, yatağın işlənməsi ölkənin dağ-mədən sənayesinin inkişafına və regionun sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərəcək.

“Past” qeyd edir ki, Zod yatağı illər əvvəl Ermənistanın ekoloji fəallarının da etiraz etdiyi yataqlardan biri olub.

“Üstəlik, söhbət təkcə bu yataqdan getmir. Ermənistanın ekoloji təşkilatları uzun illər ərzində müxtəlif yataqların istismarına qarşı ardıcıl mübarizə aparıblar. Ermənistan hazırda milyardlarla dollar dəyərində ehtiyatı itirib və həmin resurslardan Azərbaycan istifadə edir.

Buna baxmayaraq, müəyyən dairələr Ermənistanın dağ-mədən sənayesinə qarşı fəal mübarizəni davam etdirirlər və bu sahənin ölkə iqtisadiyyatına ciddi töhfə verdiyini, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynadığını nəzərə almırlar”, - deyə məqalədə vurğulanıb.

“Past” bildirib ki, ekoloji problemlər daim diqqət mərkəzində saxlanılmalıdır, lakin əsas məqsəd sahəyə zərər vurmaq deyil, mövcud problemlərin həlli yollarını axtarmaq olmalıdır.

“Biz bu məsələyə dəfələrlə toxunmuşuq və vurğulamışıq ki, ekoloji problemlər daimi nəzarətdə saxlanılmalı, lakin yanaşma qadağalar və zərər vurmaq deyil, həll yollarının tapılması üzərində qurulmalıdır”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Zod  


Bizi "telegram"da izləyin