“Bayraktar” TB3 “Dənizqurdu” təlimində radioelektron mübarizə podları ilə görüntülənib

2026/06/1781510822.jpg
Oxunub: 343     12:10     15 İyun 2026    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə keçirilən “Dənizqurdu-2/2026” təlimi zamanı “Bayraktar” TB3 zərbə tipli Pilotsuz Uçuş Aparatının (PUA) yeni imkanları ortaya çıxıb.

Ordu.az xəbər verir ki, TCG ANADOLU (L400) çoxməqsədli amfibiya hücum gəmisindən fəaliyyət göstərən “Bayraktar” TB3-ün ASELSAN tərəfindən hazırlanmış ANTIDOT 2-U seriyalı radioelektron mübarizə podları ilə təchiz edildiyi müşahidə olunub.

Təlim zamanı platformada ANTIDOT 2-U/EA 200 radioelektron hücum podu və ANTIDOT 2-U/ES 100 radioelektron dəstək podunun istifadə edildiyi müəyyən edilib.

Qeyd olunur ki, bu sistemlər daha əvvəl AKINCI zərbə tipli PUA və “Bayraktar” TB2 platformalarına da inteqrasiya edilmişdi.

ANTIDOT 2-U/EA 200 sistemi ANTIDOT 2-U/EA 1XX mini pod ailəsi ilə müqayisədə daha yüksək çıxış gücü təmin etmək məqsədilə hazırlanıb.

Sistem radioelektron qarışdırma və radioelektron basdırma tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. ANTIDOT 2-U/ES 100 isə düşmən radarlarının istiqamət və mövqe məlumatlarını müəyyən etməyə imkan verən radioelektron dəstək podudur.

Bu sistem ANTIDOT 2-U/EA 200 ilə birlikdə fəaliyyət göstərərək hədəflərin aşkarlanmasına və radioelektron hücum əməliyyatlarının dəstəklənməsinə kömək edir. Mütəxəssislər hesab edirlər ki, radioelektron mübarizə podlarının “Bayraktar” TB3-ə inteqrasiya olunması platformanın dəniz hədəflərinə qarşı əməliyyatlarda və amfibiya əməliyyatlarında istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Bu qabiliyyət sayəsində gəmi və ya sahil bazalı radarların, eləcə də hava hücumundan müdafiə sistemlərinin aşkarlanması və təsirsizləşdirilməsi tapşırıqlarında “Bayraktar” TB3 daha effektiv rol oynaya biləcək.

Əsasən silahlı kəşfiyyat və müşahidə tapşırıqları üçün hazırlanmış pərli PUA olan “Bayraktar” TB3 eyni zamanda KEMANKEŞ 1 “gəzən sursat”ını və İHA-122 aeroballistik raketini də tətbiq edə bilir.

Radioelektron mübarizə podlarının platformaya inteqrasiya olunması bu silah sistemlərinin əməliyyat effektivliyinin artırılmasına da xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB3   Dənizqurdu   PUA  


Bizi "telegram"da izləyin