“Derya Arms”dan erqonomika və performans yönümlü həll: “Derya Max” F-3522 (VİDEO)
Oxunub: 248
22:28
08 İyun 2026
Konyada yerləşən silah istehsalçısı “Derya Arms” ovçuluq və idman atıcılığı sahəsində topladığı təcrübəni müdafiə sənayesinə daşıyaraq hazırladığı məhsulları beynəlxalq bazarlara təqdim etməyə davam edir.
Ordu.az xəbər verir ki, 2008-ci ildə yaradılan şirkət 2020-ci ildən etibarən müdafiə sahəsində fəaliyyətini genişləndirib və hazırda 70-dən çox ölkəyə ixrac həyata keçirir.
“Derya Arms”ın məhsul portfelinə daraqlı, nasoslu, lever-action, tək lüləli və qoşa lüləli ov tüfəngləri daxildir.
Şirkətin diqqətçəkən modellərindən biri olan “Derya Max” F-3522 barədə “Defensehere”a danışan istefada olan SAT komandosu Namık Ekin silahın erqonomik xüsusiyyətlərini və atış performansını yüksək qiymətləndirib.
Ekin bildirib ki, tüfəng istifadəçi ilə yüksək uyğunluq təmin edir. “Ümumilikdə istifadəsi rahatdır və atış zamanı istifadəçini çox sarsıtmır. Tüfənglə atış edərkən əl, çiyin, qundaq və yanaq olmaqla dörd nöqtədən silahla təmas yaranır. Bu model həmin uyğunluğu çox yaxşı təmin edir”, - deyə o qeyd edib.
Namık Ekin tüfəngin tənzimlənən çiyin dayağına malik olduğunu və geri təpməni azaldan konstruksiyasının istifadəçi rahatlığını artırdığını vurğulayıb.
“Çox yaxşı tənzimlənə bilən çiyin dayağı var. İstifadəçini narahat etməyən və az sarsıdan quruluşa malikdir”, - deyə o bildirib.
O əlavə edib ki, silahın tutacaq hissəsi əlin sürüşməsinin qarşısını almaq üçün xüsusi formada hazırlanıb.
Polimer qundaq barədə danışan Ekin qeyd edib ki, istifadəçinin daha təhlükəsiz tutuş əldə etməsi üçün müxtəlif konstruktiv həllər tətbiq olunub.
Silahın yüngül konstruksiyaya malik olması hərəkət imkanlarını artırır və qaçış, eləcə də dinamik istifadə ssenarilərində rahatlıq təmin edir. Model üzərində quraşdırılan “red-dot” nişangah sistemi hədəfə sürətli fokuslanmağa imkan verir.
“Nişangah istifadəçiyə qırmızı nöqtə vasitəsilə hədəfə tez fokuslanmağa imkan yaradır. Dəqiqlik göstəricisi çox yüksəkdir. Çünki atış zamanı silah həddindən artıq qalxmır”, - deyə Ekin bildirib.
Onun sözlərinə görə, “Derya Max” F-3522 12 çaplı sursatdan istifadə edir və 10 patron tutumuna malikdir.
“Derya Max” 12 çaplı və 10 patron tutumludur. Nişangah sistemi, atış imkanları və istifadəçini çox sarsıtmaması bu tüfəngi oxşar platformalardan fərqləndirən əsas xüsusiyyətlərdəndir”, - deyə Namık Ekin vurğulayıb.