SIPRI xəbərdarlıq edir: Nüvə dövlətləri döyüş başlıqlarının yerləşdirilməsini artırır

2023/06/1686556887.jpg
Oxunub: 304     20:48     08 İyun 2026    
Dünyanın nüvə dövlətləri döyüş başlıqlarını getdikcə daha çox anbarlardan əməliyyat daşıyıcılarına yerləşdirir ki, bu da ümumi ehtiyatların azalmasına baxmayaraq münaqişə riskini artırır.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.

SIPRI-nin qiymətləndirməsinə görə, dünya üzrə ümumi nüvə arsenalı 12 min 187 döyüş başlığından ibarətdir. Onlardan təxminən 9745-i potensial istifadə üçün anbarlarda saxlanılır. Bu göstərici ötən illə müqayisədə cüzi azalma deməkdir. Soyuq müharibənin başa çatmasından etibarən köhnə döyüş başlıqları yeni yerləşdirilənlərdən daha sürətlə məhv edilib.

Bununla belə, ümumi tendensiya narahatedici hesab olunur.

“Ən narahatedici məqam ondan ibarətdir ki, nüvə silahlarının ümumi sayı azalsa da, nüvə təhdidləri və risklərinin səviyyəsi davamlı şəkildə artır”, - deyə SIPRI-nin direktoru Kərim Həqqaq AFP agentliyinə müsahibəsində bildirib.

İnstitut hesab edir ki, yaxın illərdə qlobal nüvə ehtiyatlarının azalması tendensiyası artımla əvəz oluna bilər.

“Silahların məhv edilmə tempi yavaşlayır, yeni nüvə silahı növlərinin yerləşdirilməsi isə sürətlənir”, - deyə hesabatda qeyd olunub.

Həqqaq risk faktorları arasında strateji silahlara nəzarət sisteminin zəifləməsini və böyük nüvə dövlətləri arasında rəqabətin artmasını xüsusi vurğulayıb.

O qeyd edib ki, nüvə silahına malik ölkələr bu silahları uzunmüddətli anbarlardan çıxararaq nüvə başlıqları daşıya bilən platformalarda yerləşdirirlər. Bunun nəticəsində yerləşdirilmiş nüvə silahlarının sayı artır.

Məlumata görə, ABŞ və Rusiya birlikdə dünya nüvə arsenalının təxminən 83 faizinə sahibdir. Hər iki ölkənin 5000-dən çox döyüş başlığı mövcuddur.

Qeyd olunur ki, həm ABŞ, həm də Rusiya öz nüvə arsenalının modernləşdirilməsi üzrə geniş proqramlar həyata keçirsə də, müxtəlif çətinliklərlə üzləşirlər.

ABŞ proqramı planlaşdırma və maliyyələşdirmə problemləri ilə qarşılaşır ki, bu da layihələrin gecikməsinə və xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Rusiyanın proqramı isə qitələrarası ballistik raketlərin bir sıra uğursuz sınaqları, iqtisadi sanksiyalar və Ukrayna müharibəsinin yaratdığı yük səbəbindən çətinliklərlə üzləşir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SIPRI   Nüvə-dövlətləri  


Bizi "telegram"da izləyin