Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci ildə Lənkəran şəhərində anadan olub. Uşaqlıq illərinin ilk dövrü doğma şəhərində keçsə də, 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb. Həyatının bir neçə ili orada davam etsə də, ailə 2007-ci ildə yenidən Azərbaycana, doğma Lənkərana qayıdıb. Fariz təhsilini Lənkəran şəhər 4 nömrəli orta məktəbin rus bölməsində davam etdirib. O, orta təhsilli idi. Sadə, təmkinli və zəhmətkeş xarakteri ilə seçilən Fariz böyüdükcə ailəsinə dayaq olan, qayğıkeş bir övlad və eyni zamanda ətrafındakı insanların hörmətini qazanan bir gəncə çevrilmişdi. O, ailəli idi və iki övlad atası idi. Onun övladlarına sevgisi, onlar üçün qurduğu arzular və ailəsinə bağlılığı bütün yaxınlarının xatirələrində xüsusi yer tutur.
Fariz Zülfüqarzadənin həyatında Vətənə xidmət xüsusi yer tuturdu. O, 2012-2013-cü illərdə həqiqi hərbi xidmət keçib. Həmin dövrdə hərbidə qalmaq istəyi yaransa da, xidmət müddəti başa çatdıqdan sonra evə qayıdıb. Bununla belə, ordudan ayrılmaq onun daxili istəyini söndürmədi. Vətənə xidmət etmək arzusu daim onun qəlbində yaşayırdı. Bir müddət mülki həyatda çalışdıqdan sonra 2015-ci ilin mart ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Azərbaycan Ordusunun sıralarına qayıdıb. Bu qərar onun həyatının ən mühüm seçimlərindən biri oldu. Fariz öz istəyinə uyğun olaraq tankçı kimi xidmət etməyə başladı və qısa müddətdə peşəkarlığı, dəqiqliyi, cəsarəti və döyüş nizam-intizamına ciddi bağlılığı ilə seçildi.
Tankçı olmaq hər kəsin seçə biləcəyi yol deyil. Bu, həm böyük fiziki dözüm, həm də son dərəcə yüksək psixoloji hazırlıq tələb edən bir sahədir. Çünki tankçı döyüş meydanında həmişə ən təhlükəli istiqamətlərdə olur, ön cəbhədə irəliləyir, düşmənin canlı qüvvəsi və zirehli texnikası ilə birbaşa təmas xəttində döyüşür. Fariz də məhz belə bir yol seçmişdi. Onu tanıyanların dediyinə görə, o, uşaqlıqdan həmişə öndə olmağı sevirdi. Bu xüsusiyyəti sonradan onun hərbçi seçimində də özünü göstərdi. O, tankçı olmağı təsadüfən seçməmişdi, tankın ön sırada irəliləməsi onun xarakteri ilə uyğun gəlirdi. Fariz çətinlikdən çəkinən deyil, əksinə, onu qarşılayan insan idi.
2016-cı ilin Aprel döyüşləri Fariz Zülfüqarzadənin döyüş təcrübəsində mühüm mərhələlərdən biri oldu. Lələtəpə uğrunda gedən döyüşlərdə fəal iştirak edən Fariz həmin əməliyyatlarda böyük şücaət göstərdi. Bu döyüşlər Azərbaycan Ordusunun gücünü və əsgərimizin yenilməz ruhunu nümayiş etdirən mühüm hərbi mərhələlərdən idi. Fariz həmin günlərdə göstərdiyi igidliyə görə Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edildi. Bu, onun döyüşçü kimi bacarığının, intizamının və cəsarətinin rəsmi təsdiqi idi. Lakin bütün bunlara baxmayaraq, Fariz öz keçdiyi döyüş yolundan, xidmət etdiyi yerlərdən çox danışmağı sevmirdi. O, gördüyü işi bir vəzifə, bir borc kimi qəbul edirdi və bunu nümayiş etdirməyi xoşlamırdı.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Fariz Zülfüqarzadənin həyatının ən böyük sınağı və eyni zamanda ən şərəfli səhifəsi oldu. O, müharibənin ilk günlərindən etibarən ön cəbhədə yer aldı və Füzuli, Zəngilan, Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak etdi. Bu döyüşlər həm hərbi baxımdan, həm də mənəvi baxımdan son dərəcə ağır idi. Düşmən uzun illər işğal altında saxladığı torpaqlarda möhkəmlənmişdi, ciddi istehkamlar qurmuşdu və müqavimət göstərirdi. Lakin Azərbaycan əsgərinin döyüş ruhu, vətən sevgisi və iradəsi bütün maneələri aşırdı. Fariz də bu böyük zəfər yolunda ən öndə gedən qəhrəmanlardan biri idi.
Döyüş yoldaşlarının və yaxınlarının söylədiklərinə görə, Fariz Zülfüqarzadə Vətən müharibəsində sərrast tankçı kimi tanınıb. Onun idarə etdiyi tank düşmənin zirehli texnikasının, atəş nöqtələrinin və möhkəmləndirilmiş mövqelərinin darmadağın edilməsində mühüm rol oynayıb. Fariz yalnız döyüş texnikasını idarə edən bir hərbçi deyildi, o, eyni zamanda cəbhədə böyük iradə nümunəsi göstərən, ağır şəraitdə belə ruhdan düşməyən, mübarizəsini sona qədər davam etdirən bir qəhrəman idi. Onun tankı iki dəfə vurulsa da, o, döyüşü dayandırmayıb. Əksinə, yeni tank götürərək yenidən irəli atılıb. Bu, sıradan bir hərəkət deyildi. Bu, ölümlə üz-üzə dayanıb yenə də geri çəkilməməyi seçən insanın iradəsi idi.
Müharibə günlərində Fariz iki dəfə yaralanıb. Lakin o, aldığı yaralara baxmayaraq döyüş meydanını tərk etməyib. İlkin tibbi yardım alandan dərhal sonra yenidən ön xəttə qayıdıb. Onun üçün ən vacib olan Vətənin azadlığı uğrunda döyüşü davam etdirmək idi. Yaxınlarının dediyinə görə, hətta hospitala getməkdən belə imtina edib ki, tez bir zamanda yenidən döyüşə qoşulsun. Bu cür davranış bir insanın nə qədər yüksək ruh sahibi olduğunu, borc və məsuliyyət hissini nə qədər dərindən yaşadığını göstərir.
Farizin qəhrəmanlığının ən mühüm cəhətlərindən biri onun döyüş yoldaşlarına münasibətində görünür. O, döyüş zamanı yalnız özünü düşünməyib, əksinə, daim yoldaşlarının xilası üçün həyatını riskə atıb. Məlumata görə, düşmən postu alındıqdan sonra Fariz tankdan düşərək hərbi qənimətləri götürmək üçün posta daxil olub. Çölə çıxdıqda isə tankının vurulub alova büründüyünü görüb. Heç bir tərəddüd etmədən qənimətləri kənara atıb və yanan tankın içərisində qalan ekipaj üzvlərini xilas etməyə başlayıb. Məhz bu zaman əlləri yanıb, özü də yüngül xəsarətlər alıb. Hətta bir müddət onun da tankın içində qalıb şəhid olduğu düşünülüb. Lakin Fariz bir gün sonra yenidən hərbi hissəyə qayıdıb və döyüşə davam edib. Bu hadisə onun necə fədakar, qorxmaz və döyüş yoldaşlarına bağlı bir hərbçi olduğunu açıq şəkildə göstərir.
Daha sonra qənimət götürülmüş tankla yenidən döyüşə girən Fariz artıq yalnız sıravi icraçı deyil, eyni zamanda həm tank komandiri, həm tuşlayıcı, həm də atıcı funksiyasını yerinə yetirəcək qədər peşəkar və hazırlıqlı bir döyüşçü kimi vuruşub. Döyüş yoldaşlarının sözlərinə görə, o, öz işinin əsl ustası idi. Düşmən 20 gün boyunca onun tankını sıradan çıxarmağa çalışsa da, Fariz hər dəfə döyüşə qayıdır, hər dəfə daha böyük əzmlə irəliləyirdi. Tankı növbəti dəfə vurulanda belə, yenidən başqa texnika götürüb döyüşə davam etməsi onun adını sağlığında əfsanələşdirən qəhrəmanlıq nümunələrindən biridir.
Fariz Zülfüqarzadə təkcə döyüş meydanında deyil, ailə münasibətlərində də son dərəcə həssas və mərhəmətli insan idi. Şəhidin anası Həqiqət xanımın xatirələrində Fariz çox qayğıkeş, anasına bağlı və onu narahat etmək istəməyən bir övlad kimi canlanır. O, heç vaxt anasına birbaşa döyüşdə olduğunu deməzdi. Həmişə sakit və arxayın şəkildə danışar, onun narahat olmamasına çalışardı. Hətta Vətən müharibəsi başlayandan sonra belə anasına cəbhədə olduğunu hiss etdirmirdi. Anası soruşanda öz vəzifəsini yerinə yetirib təhvil verdiyini, hazırda orada olmadığını söyləyirdi. Bəlkə də bu, anasının ürəyinə dağ çəkməmək, onu nigaran qoymamaq üçün etdiyi ən böyük övlad həssaslığı idi.
Şəhid olmamışdan bir gün əvvəl anası və qardaşı ilə danışması da onun ailəsinə nə qədər bağlı olduğunu göstərir. O, tez-tez evə zəng edir, ailəsindən muğayat olmağı tapşırır, danışığında isə həmişə zarafat və gülüş hiss olunurdu. Sanki müharibənin içində deyilmiş kimi rahat danışması ailəsini sakit saxlamaq üçün göstərdiyi böyük mənəvi gücün nümunəsi idi. Oktyabrın 19-da sübh çağı anasına etdiyi son zəng isə hər bir ana üçün unudulmaz bir xatirəyə çevrilib. “Ana, necəsən? Mən sizi çox sevirəm, özünüzdən muğayat olun! Ana, özünü qoru, öpürəm səni...” Bu sözlər həm bir övladın sevgisini, həm də sanki daxilində hiss etdiyi son ayrılığın ağır duyğusunu daşıyırdı.
Qardaşı Fərid Zülfüqarovun dedikləri də Farizin necə mərd və ailəcanlı biri olduğunu göstərir. Vətən müharibəsi başlamamışdan iki gün əvvəl ona zəng edib evdəkilərdən muğayat olmağı tapşırıb. Sonra dostunun telefonu ilə yenidən əlaqə saxlayaraq tankının vurulduğunu, əllərinin yaralandığını bildirib. Ancaq ailənin, xüsusilə də anasının narahat olmaması üçün bu barədə onlara heç nə deməməyi xahiş edib. Bu, Farizin xarakterindəki mərdliyin və ailəsinə qarşı sonsuz sevginin başqa bir təzahürü idi.
Əmisi oğlu Tərlan Zülfüqarovun xatirələrində də Fariz həmişə öndə gedən, lider ruhlu, cəsarətli biri kimi xatırlanır. Uşaqlıqdan bir yerdə böyüdüklərini, hətta bir qabdan yemək yediklərini deyən Tərlan onun həmişə öndə olmağı sevdiyini vurğulayır. Məhz buna görə də Fariz tankçı olmaq istəmişdi. O bilirdi ki, tank ön sırada irəliləyən döyüş vasitəsidir və ən ağır yükü tankçı daşıyır. Fariz isə həmişə o yükü daşımağa hazır idi.
Onun humanist keyfiyyətləri döyüş yoldaşlarının həyatında da silinməz iz qoyub. Rayonun Kərgəlan kəndindən olan qazi Əliabbasın xatirəsi bunun bariz nümunəsidir. Vətən müharibəsində yaralanan Əliabbası Fariz xilas edərək hərbi tibbi yardım avtomobilinə çatdırıb. Daha sonra hospitalda müalicə alan qazi Farizin şəhid olduğunu eşidib və sağaldıqdan sonra ilk gördüyü işlərdən biri onun ailəsinə başsağlığı verməyə gəlmək olub. Bu fakt bir daha sübut edir ki, Fariz yalnız döyüşən deyil, həm də yaşadan, qoruyan, yoldaşını ölümün əlindən alan bir igid idi.
Qubadlı uğrunda gedən döyüşlər onun həyatının son, lakin ən şərəfli səhifəsinə çevrildi. 2020-ci il oktyabrın 19-da düşmən mərmisinə tuş gələn tankda yenə ilk düşündüyü ekipaj üzvləri oldu. O, yaralı heyət üzvlərini xilas etməyə müvəffəq oldu. Lakin özü ağır yaralanaraq tankın içində qaldı və qan itkisindən şəhadətə ucaldı. Bu ölüm adi bir son deyil, qəhrəmanın öz canını başqalarının xilası və Vətənin azadlığı naminə fəda etməsi idi. Beləcə, 28 yaşlı tankçı Fariz Zülfüqarzadə şəhidlik zirvəsinə yüksəldi və adını Azərbaycanın qəhrəman oğulları sırasına yazdırdı.
Fariz Zülfüqarzadə 19 oktyabr 2020-ci ildə Lənkəran şəhərində dəfn olunub. Onun dəfni doğma yurdunun, ailəsinin, yaxınlarının və onu tanıyan hər kəsin böyük hüznü ilə müşayiət olunub. Ancaq bu hüznün içində böyük bir qürur da vardı. Çünki Fariz təkcə bir ailənin övladı deyildi, o, bütün Azərbaycanın oğluna çevrilmişdi. Onun adı şəhidlik məqamı ilə ucalmış, ömrü isə Vətən uğrunda mübarizənin simvoluna dönmüşdü.
Azərbaycan dövləti Fariz Zülfüqarzadənin xidmətlərini yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu. Daha sonra 18 dekabr 2020-ci il tarixli sərəncamla “İgidliyə görə” medalı ilə təltif edildi. Bundan başqa, o, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif olunub. Bu təltiflər onun Vətən qarşısındakı xidmətlərinin, döyüş meydanındakı igidliyinin və şəhidlik zirvəsinə aparan mübarizə yolunun dövlət səviyyəsində qiymətləndirilməsidir.
Fariz Zülfüqarzadənin həyatı həm də Azərbaycan gəncliyi üçün örnəkdir. O, göstərdi ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl ilə sübut olunur. O, ailəsini sevə-sevə, övladları üçün arzular qura-qura, həyatı sevdiyi halda, torpaq naminə canından keçməyi bacardı. O, iki övlad atası idi və övladlarını çox sevirdi. Anasının dediyi kimi, onların yaxşı təhsil almasını, düzgün böyüməsini arzulayırdı. “Ana, sən bizi necə tərbiyə edib böyütmüsənsə, mən də öz övladlarımı elə böyüdəcəyəm”, - deyərdi. Bu sözlər onun ailəyə və tərbiyəyə verdiyi önəmi göstərir. O özü şəhid oldu, amma arxasında həm övladlarına örnək bir ata adı, həm də gələcək nəsillərə örnək bir qəhrəmanlıq yolu qoydu.
Bu gün Fariz Zülfüqarzadənin adı Azərbaycan xalqının qəlbində dərin ehtiramla çəkilir. O, yalnız bir tankçı, bir hərbçi və ya bir şəhid deyildi. O, ailəsinə sevgi bəxş edən oğul, övladlarına mehriban ata, qardaşına dayaq olan qardaş, dostlarına sədaqətli sirdaş və döyüş yoldaşlarına sipər olan qəhrəman idi. Onun şəhidliyi bir ailənin ağrısı, bir xalqın qüruru oldu. Fariz kimi oğulların qanı hesabına Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, öz tarixi ədalətini təmin etdi, öz qürurunu bərpa etdi.
Fariz Fərhad oğlu Zülfüqarzadənin həyat yolu göstərir ki, qəhrəmanlıq birdən-birə yaranmır. Qəhrəmanlıq insanın xarakterində, tərbiyəsində, seçimlərində, çətinliklər qarşısındakı mövqeyində formalaşır. Fariz ömrünün hər mərhələsində bunu sübut edib. O, öz peşəsini sevən, Vətənə borcunu şərəflə yerinə yetirən, ailəsinə bağlı və yoldaşlarına sədaqətli biri olub. Müharibə başlayanda geri durmayıb, yaralananda sınmayıb, tankı vurulanda geri çəkilməyib, ölümün gözünə dik baxaraq yenidən döyüşə qayıdıb. Məhz buna görə də onun adı yaddaşlardan silinməyəcək.
Fariz Zülfüqarzadə kimi igidlərin xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq. Onların keçdiyi yol yeni nəsillər üçün vətənpərvərlik məktəbi, milli qürur mənbəyi və fədakarlıq nümunəsi olacaq. O, öz canı bahasına Vətənin azadlığına xidmət etdi, şəhidlik zirvəsinə ucalaraq adını əbədiyyətə yazdırdı. Bu gün onun adı hörmətlə, ehtiramla və qürurla anılır. Çünki Fariz Zülfüqarzadə Vətən uğrunda yaşayan, Vətən uğrunda döyüşən və Vətən uğrunda şəhid olan əsl Azərbaycan oğullarından biri idi.
Allah şəhidimiz Fariz Fərhad oğlu Zülfüqarzadəyə rəhmət eləsin. Ruhu şad, məqamı uca olsun. Onun əziz xatirəsi daim yaşayacaq.
Aqil Məmmədov
Ordu.az