ABŞ Ermənistanın Rusiya vasitəsilə əldə etdiyi qazancları yüksək qiymətləndirir? – Vaşinqton saxta göstəriciləri görməzdən gəlir

2024/06/1719306958.jpg
Oxunub: 605     14:20     25 İyun 2024    
Bu yaxınlarda İrəvanda keçirilən Ermənistan-ABŞ strateji dialoq iclası zamanı ABŞ dövlət katibinin müavini Ceyms O-Brayn bəyan edib ki, ABŞ Ermənistanla ikitərəfli ticarəti genişləndirmək, eləcə də Ermənistanın qlobal ticarətdə payını artırmaq imkanlarını görür.

ABŞ-nin yüksək rütbəli rəsmisinin sözlərinə görə, son illər guya Ermənistan regionda öz inkişaf tempi ilə seçilən canlı iqtisadiyyat formalaşdırıb. ABŞ tərəfinin Ermənistanın iqtisadiyyatı ilə bağlı tərifləri bununla bitməyib. Ermənistan-ABŞ strateji dialoqunun yekun iclasının birgə bəyanatında da “parlaq” Ermənistan-ABŞ iqtisadi, xüsusən də ticarət əlaqələri ilə bağlı qeydlər edilib.

“2020-ci ildən etibarən Ermənistan və ABŞ arasında ticarət dövriyyəsinin artıq dörd dəfə artdığını qeyd edərək, tərəflər ticari-iqtisadi əlaqələri maksimum dərəcədə genişləndirməyə davam etmək öhdəliyini götürüblər”, - deyə birgə bəyanatda qeyd edilib. ABŞ-nin yüksək rütbəli rəsmisinin Ermənistanın iqtisadiyyatı ilə bağlı bu tərifli sözlərinin reallıqla heç bir əlaqəsi yoxdur. Həm Ermənistan iqtisadiyyatı, həm də Ermənistan-ABŞ iqtisadi-ticarət əlaqələri haqqında deyilənlər böyük bir aldatmadır.

Son illər Ermənistan iqtisadiyyatında nə qədər yüksək artım göstəriciləri qeydə alınsa da, bunlar Ermənistan iqtisadiyyatındakı aktiv inkişafdan qətiyyən danışmır. Bunlar, belə demək mümkündürsə, saxta artımlardır ki, bu da bir faktorla bağlıdır: Rusiya-Ukrayna münaqişəsi və Rusiyaya tətbiq edilən sanksiyalar. Həmin artımlar Rusiya iqtisadiyyatının ticarət axınlarına xidmət göstərilməsi nəticəsində qeydə alınıb. Ermənistan iqtisadiyyatı ümumiyyətlə bunun iştirakçısı olmayıb.

Ona görə də “yüksək artım göstəriciləri” qeydə alınsa da, aktiv inkişafdan danışmaq mənasızdır. Ermənistanın real iqtisadiyyatı son illərdə bu yüksək artımlar şəraitində rəqabət qabiliyyətini itirib, bazarlarda geri qalıb. Ucuz idxal nəticəsində yerli məhsullar hətta daxili bazardan da sıxışdırılıb çıxarılıb. Bu, bir çox yerli məhsulların istehsalının azalmasına səbəb olub.

Ermənistanda iqtisadi artımın strukturu da dəyişib. Qeydə alınmış artımlar əsasən ticarət və xidmət sahələri ilə bağlı olub. Əvəzində istehsal sektorunun təsiri zəifləyib. İqtisadiyyatın keyfiyyəti pisləşib. Bütün bunlar haqqında çətin ki, ABŞ-də bilmirlər. Amma bu, növbəti “peçenye”lərin uzaqdan Ermənistanla ikitərəfli ticarəti genişləndirmək, eləcə də qlobal ticarətdə Ermənistanın payını artırmaq imkanlarını gördüklərini göstərmələrinə, bəyan etmələrinə mane olmur.

Belə imkanlar, hətta varsa, Ermənistanın heç də xeyrinə deyil. Ermənistanın ABŞ bazarına təklif edəcəyi çox az şey var. Bunun parlaq ifadəsi bizim gördüyümüz kiçik ixrac həcmidir.

Məlumatlara görə, Paşinyan hökumətə qədər Ermənistanın ABŞ ilə xeyli aktiv ticarət əlaqələri var idi. Hələ on il bundan əvvəl Ermənistan ABŞ-yə indikindən daha çox mal ixrac edib. Rəsmi məlumatlara görə, bu ilin ilk 4 ayında Ermənistandan ABŞ-yə cəmi 17 milyon dollarlıq mal ixrac edilibsə, ötən il bundan da az olub, 15 milyon dollara çatmayıb.

Halbuki, 2013-cü ildə, Ermənistan iqtisadiyyatı artım və inkişaf üzrə “dünya rekordçusu” olmadığı bir vaxtda, həmin dövrdə Ermənistandan ABŞ bazarına 31 milyon dollardan artıq məhsul tədarük edilib. 2014-cü ildə ixrac 4 milyon azalsa da, bu, yenə də indikindən xeyli çox idi. Digər sual isə ondan ibarətdir ki, son illər ümumi ticarət dövriyyəsi həqiqətən də artıb. Ermənistan-ABŞ strateji dialoqunun yekun iclasının birgə bəyanatında xüsusi vurğulandığı kimi, 2020-ci illə müqayisədə bu, hətta dörd dəfə artıb.

Amma qeyd etməyi “unudublar” ki, bu, Ermənistandan ixrac hesabına deyil, sırf ABŞ idxalları hesabına baş verib. ABŞ idxalları da əsasən avtomobillər hesabına artıb. Söhbət sanksiyalar altında olan Rusiyaya ixrac üçün ABŞ-dən gətirilən avtomobillərdən gedir. Məhz bunun nəticəsidir ki, son illər Ermənistanla ABŞ arasında ticarət dövriyyəsi “artıb”.

Bu, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması nəticəsində baş verib. Baxmayaraq ki, bu il avtomobil idxalı da azalıb və bu, Ermənistanla ABŞ arasında ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir edib. Bu ilin ilk dörd ayında ABŞ-dən idxal demək olar 95 milyon dollar azalıb. Ötən il 221 milyon dollardan 126 milyon dollara qədər azalıb. Azalma demək olar ki, 43 faiz təşkil edib: avtomobillərin idxalı nəticəsində ticarət dövriyyəsi kəskin şəkildə artdığı kimi, indi də eyni dərəcədə fəal şəkildə azalır.

Şübhə yoxdur ki, Rusiya bazarı ABŞ avtomobillərinin Ermənistandakı reeksportçularının üzünə açılmasa, gələn il Ermənistan-ABŞ ticarət əlaqələri daha da gərginləşəcək.

Bu gün Ermənistana uzaqdan guya ticarətin şaxələndirilməsinə yönəlmiş “peçenye”lər nümayiş etdirmələrinin heç bir əsası yoxdur, boş vəddir. Ən azından hazırda ABŞ bazarlarında Ermənistan məhsullarının genişlənməsinin perspektivi yoxdur. Avropa İttifaqı halında da eyni vəziyyətdir.

Ermənistan iqtisadiyyatı ABŞ və Avropa bazarlarına rəqabətqabiliyyətli məhsullar təqdim etmək iqtidarında olmadığı müddətcə, siyasi məqsədlər üçün erməni məhsullarının həmin bazarlarda süni rəqabət qabiliyyəti qazanacağına ümid etmək aldatmadır. Həmin bazarlardan idxal hesabına ticarət əlaqələrini genişləndirməyi düşünürlərsə, bu, Ermənistan iqtisadiyyatına heç nə verməyəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin