Aİ Brüsseldə “Taliban” nümayəndələri ilə əfqan sığınacaq axtaranların deportasiyasını müzakirə edib

2026/06/1782239102.jpg
Oxunub: 205     22:04     23 İyun 2026    
“Taliban” hərəkatının nümayəndə heyəti çərşənbə axşamı Brüsseldə Avropa İttifaqı rəsmiləri ilə sığınacaq müraciəti rədd edilmiş şəxslərin Əfqanıstana qaytarılmasının sürətləndirilməsi məsələsini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu səfər misli görünməmiş hadisə olub və insan hüquqları müdafiəçilərinin ciddi tənqidinə səbəb olub. Avropa Komissiyası beş nəfərdən ibarət nümayəndə heyətini miqrasiya siyasətinin sərtləşdirilməsi və deportasiyaların sayının artırılması istiqamətində aparılan işlər çərçivəsində müzakirələrə dəvət edib. Halbuki Aİ “Taliban” administrasiyasını rəsmi olaraq tanımır.

Danışıqların gedişi ilə tanış olan əfqan rəsmisinin sözlərinə görə, görüşlər konstruktiv atmosferdə keçib və müsbət nəticələrə gətirib çıxara bilər.

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, “texniki görüş”də İsveçin həmsədrliyi ilə Aİ-nin 15 üzv dövləti iştirak edib.

Əfqan tərəfin məlumatına görə, bu, “Taliban” nümayəndələrinin Brüsseldə Aİ ilə keçirdiyi ilk danışıqlar olub.

Müzakirələr zamanı Avropadakı əfqanlar üçün konsulluq xidmətlərinin bərpası, etimadın möhkəmləndirilməsi tədbirləri və “ləyaqətli qayıdış prosesi” məsələləri nəzərdən keçirilib. Gündəlikdə həmçinin geri qaytarılan şəxslərin identifikasiyası və onların Əfqanıstana deportasiyası üçün səyahət sənədlərinin verilməsi məsələləri yer alıb.

Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, xüsusi diqqət ağır cinayətlər törətmiş və təhlükəsizlik üçün təhdid yaradan şəxslərə yönəldilib.

Səfər insan hüquqları təşkilatlarının sərt reaksiyasına səbəb olub. Nobel Sülh Mükafatı laureatı Malala Yusifzay bildirib ki, Aİ-nin “Taliban” nümayəndə heyətini dəvət etməsi onu ciddi şəkildə narahat edib. O qeyd edib ki, “Taliban” qadınları və qızları ictimai həyatdan tamamilə uzaqlaşdırıb.

“Human Rights Watch” təşkilatı isə bəyan edib ki, Avropa ölkələri bir tərəfdən insan hüquqlarının pozulmasını pisləyib, digər tərəfdən isə miqrantların geri qaytarılması məsələsində “Taliban”la əməkdaşlığı müzakirə etməklə öz nüfuzlarını risk altına qoyurlar.

Bununla belə, Avropa İttifaqı və üzv dövlətlər belə təmasların Kabil hakimiyyətinin rəsmi tanınması anlamına gəlmədiyini bildirirlər. Bir sıra Aİ ölkələri qanuni yaşayış hüququ olmayan miqrantların geri qaytarılmasını təşkil etmək üçün dialoqun zəruri olduğunu vurğulayırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Brüssel   Taliban  


Bizi "telegram"da izləyin