“İran Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Misir və Türkiyəyə dostluq əli uzadır” - Pezeşkian

2026/05/1779686088.jpg
Oxunub: 204     21:22     23 İyun 2026    
İran Prezidenti Məsud Pezeşkian 23 iyun tarixində Pakistana səfərə gedib və Qərbi Asiyada sülhə yalnız regional həll yolu ilə nail olmağın mümkün olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Tehran Times” nəşri məlumat yayıb.

“İran regionda ümumi anlaşmanın formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının yaradılması üçün Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə də daxil olmaqla islam ölkələrinə dostluq əli uzadır. İslam ümmətinin birliyi mövcud çağırışlar qarşısında həlledici əhəmiyyət daşıyır”, - Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü zamanı bildirib.

İran Prezidenti qeyd edib ki, liderlərin siyasi iradəsi və iki ölkənin qarşılıqlı dəstəyi ikitərəfli münasibətləri iki böyük müsəlman dövlətinə layiq səviyyəyə yüksəldə bilər.

O həmçinin son hadisələrin ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində ciddi qətiyyət nümayiş etdirdiyini vurğulayıb.

Pezeşkian əlavə edib ki, səfər çərçivəsində aidiyyəti nazirlər texniki maneələrin aradan qaldırılması və əvvəllər əldə olunmuş razılaşmaların icrası məqsədilə səmərəli danışıqlar aparıblar. Bu danışıqlar konstruktiv nəticələr verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin