Çünki süni zəka dövründə dövlətlərin gücü yenidən müəyyənləşdirilir. Güc artıq yalnız iqtisadi böyüklük və ya hərbi potensialla deyil, məlumatları emal edə bilmək, hesablama infrastrukturuna sahib olmaq və öz modelini yarada bilmək, qısacası “rəqəmsal suverenlik” ilə ölçülür. Bu çərçivədə milli süni zəka planı texniki yol xəritəsindən daha artıq məna daşıyır. Bu, dövlətin formalaşmaqda olan yeni düzəndə necə bir aktor olmaq istədiyinə dair bəyanatdır. Planın əsas əhəmiyyəti Türkiyənin texnologiya siyasətində “fərqindəlik” mərhələsindən “potensial və suverenlik” mərhələsinə keçmək niyyətini ortaya qoymasındadır.
Bunu bacaran və ya bacarmağa çalışan ölkə nümunələri mövcuddur. Öz potensiallarına uyğun strategiyalar müəyyən edən ölkələr bunu müxtəlif üsullarla həyata keçirməyə çalışırlar. Finlandiya “Elements of AI” proqramı vasitəsilə əhalisinin geniş təbəqələrini əsas süni zəka savadlılığı ilə təmin etməyi milli prioritetə çevirib. Sinqapur sərhəd modelləri hazırlamaq əvəzinə etibarlı süni zəka idarəçiliyi və sınaq çərçivələri ilə “qayda müəyyən edən” mərkəz olmağı seçib. Hindistan isə onlarla yerli dili əhatə edən dövlət dəstəkli dil modelləri vasitəsilə dil və məlumat suverenliyini xüsusi üstünlüyə çevirib.
Süni zəkada fərqindəlikdən suverenlik anlayışına keçid
Bu məqamda Türkiyənin fərqindəlik mərhələsindən potensial və suverenlik mərhələsinə keçməsi son dərəcə qiymətlidir. Lakin təkcə niyyət kifayət etmir. Bunun üçün resursların real qiymətləndirilməsi də vacibdir. Süni zəkanın bütün sahələrində eyni vaxtda irəliləməyə çalışmaq Türkiyənin iqtisadi imkanlarını aşa biləcək bir hədəf ola bilər. ABŞ və Çinin kapital və hesablama gücü baxımından çatdığı miqyas nəzərə alındıqda, Türkiyənin rəqabət aparacağı sahələri düzgün müəyyənləşdirməsi strateji yanaşmanın əsasını təşkil edəcək.
Türkiyə pərakəndə şəkildə irəliləmək əvəzinə bir ağırlıq mərkəzi seçməli və həmin sahədə dərinləşməlidir. Strategiyanın uğuru xüsusilə qabaqcıl sistemlərin hazırlanması sahəsində hər istiqamətdə fəaliyyət göstərməkdən deyil, düzgün sahəni seçməkdən asılı olacaq. Seçiləcək niş sahədə əldə ediləcək uğur sonrakı genişlənmənin də yolunu açacaq. Türkiyə bu strategiyadan müdafiə sənayesində istifadə edib. Müdafiə sahəsində pilotsuz uçuş aparatı texnologiyasının ağırlıq mərkəzi kimi müəyyənləşdirilməsi Türkiyəni bu sahədə qabaqcıl mövqeyə gətirib çıxardı. Buradakı uğur indi müdafiə sektorunun digər istiqamətlərinə də yayılır. Süni zəka üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərində də oxşar niş sahənin müəyyənləşdirilməsi vacibdir.
Lakin bu, araşdırma və müzakirə tələb edən strateji seçim prosesidir. Zirvədə açıqlanan “dövlət sektoru yerli həllərin ilk alıcısı olacaq” yanaşması burada kritik əhəmiyyət daşıyır. Müdafiə sahəsində uğur qazanan tələbə əsaslanan model süni zəka sahəsinə də tətbiq oluna bilər. Bəlkə də Türkiyənin artıq güclü olduğu müdafiə sektorunda süni zəkanın tətbiqinə daha çox diqqət ayrılmalıdır. Yaxud TÜBİTAK kimi qurumlar vasitəsilə süni zəka yönümlü layihə müsabiqələri elan edilərək bu sahədə çalışan tədqiqatçıların öz ideyalarını inkişaf etdirmələri təmin oluna bilər.
Süni zəkanın Türkiyədəki gələcəyi necə formalaşa bilər?
Seçilən sahədə dərinləşmək “süni zəkanın yaratdığı məhsuldarlıq sıçrayışından digər sektorlarda istifadə etməyək” mənasına gəlmir. Burada iki fərqli istiqamətdən danışmaq mümkündür: Seçilmiş niş sahədə inkişaf etdirici və qabaqcıl olmaq, digər bütün sahələrdə isə yaxşı istifadəçi olaraq məhsuldarlıq sıçrayışından geri qalmamaq.
Hazırda bütün sahələrdə süni zəka vasitəsilə iş prosesləri yenidən qurulur, ənənəvi tətbiqlər transformasiya olunur və bu dəyişiklik hər sektorda məhsuldarlıq sıçrayışı yaradır. Heç bir sahə süni zəkanın yaratdığı transformasiyaya qarşı qapalı deyil. Süni zəkadan istifadə etməyən sahələrin beynəlxalq rəqabət mühitində geridə qalacağı da reallıqdır. Zirvə zamanı dövlətin bu məsələdə istiqamətverici olmaq və yol açmaq istəyi də açıq şəkildə nümayiş etdirildi.
Ümumilikdə cəmiyyətdə süni zəka savadlılığının inkişaf etdirilməsi bu məqsəd üçün ən fundamental addım kimi ön plana çıxır. Bununla yanaşı, sektorlar üzrə transformasiyaya rəhbərlik edilməsi və dəstək verilməsi də kiçik və orta biznesin üstünlük təşkil etdiyi Türkiyə özəl sektoru üçün kritik əhəmiyyət daşıyır. Yaşıl transformasiya və rəqəmsal transformasiya hazırda davam edən səfərbərlik istiqamətləri arasındadır. Bu baxımdan süni zəka transformasiyası da eyni çərçivədə qiymətləndirilməli və artıq əlaqəli olduğu bu proseslərə inteqrasiya edilməlidir.
Zirvədə diqqət çəkən digər məqamlardan biri təhlükəsizlik dilindən geniş istifadə olunması idi. Süni zəka dövlətlərin gücünü və beynəlxalq sistemi yenidən formalaşdırır. Buna görə də bu sahəni suverenlik və təhlükəsizlik məsələsi kimi təqdim etmək anlaşılan yanaşmadır. Bu çərçivələndirmə əslində yeni imkanlar da yarada bilər. Təhlükəsizliklə əlaqələndirmə mövzunu gündəliyin üst sıralarına daşıyır, resurs ayrılmasını legitimləşdirir və sürətli qərar qəbulunu asanlaşdırır. Lakin bu baxış bucağının müəyyən riskləri də mövcuddur. Təhlükəsizlik çərçivəsi iştirakçılığı, ictimai müzakirələri və şəffaflıq prinsipini ikinci plana keçirə bilər. Bunlar həlli mümkün olmayan risklər deyil, lakin daim nəzərə alınmalıdır. Çünki dil modeli hazırlanması və standartların müəyyənləşdirilməsi kimi sahələr məhz açıqlıq, çoxşaxəli iştirak və akademik dairələrlə əməkdaşlıq sayəsində uğur qazanır. Qabaqcıl strategiya təhlükəsizlik yanaşmasının üstünlüklərindən istifadə etməklə yanaşı, onun risklərini də minimuma endirə bilən strategiyadır.
Nəticə etibarilə, iyunun 13-də açıqlanan vizyon və fəaliyyət planı Türkiyənin süni zəkanın yaratdığı transformasiyanın fərqində olduğunu və bu sahəni strateji prioritet kimi gördüyünü nümayiş etdirir. Əsas müəyyənedici məqam isə bundan sonrakı mərhələ olacaq. Türkiyə üçün əsas məsələ müəyyən bir fokus sahəsində dərinləşərək qlobal miqyasda qabaqcıl mövqeyə yüksəlmək və eyni zamanda süni zəkanın təmin etdiyi məhsuldarlıq artımını bürokratiyadan kənd təsərrüfatına qədər bütün sektorlara yaymaqdır.
Bunlardan birincisi süni zəka texnologiyalarını inkişaf etdirməyə, ikincisi isə onlardan istifadə etməyə əsaslanan və bir-biri ilə ziddiyyət təşkil etməyən iki fərqli yoldur. Planı davamlı qabiliyyətə çevirəcək əsas amil də məhz bu iki istiqamətin düzgün qurulmasından asılı olacaq.
Sevinc Əliyeva
Ordu.az