İlon Maskın “Grok” süni zəka sistemi İrana qarşı hərbi əməliyyatlarda istifadə olunub

2026/06/1781710610.jpg
Oxunub: 242     19:33     17 İyun 2026    
“xAI” şirkəti tərəfindən hazırlanmış “Grok” süni zəka sisteminin ABŞ hərbçiləri tərəfindən hədəflərin müəyyənləşdirilməsi proqramında, o cümlədən İrana qarşı əməliyyatlarda istifadə edildiyi məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyinin tanış olduğu ABŞ Ədliyyə Nazirliyinin məhkəmə sənədlərində qeyd olunub.

Məlumata görə, informasiya 2026-cı il iyunun 15-də hazırlanmış hökumət memorandumunda əksini tapıb. Sənəd “xAI” şirkətinin iri məlumat emalı mərkəzini enerji ilə təmin edən qaz turbinləri ilə bağlı məhkəmə araşdırması çərçivəsində təqdim edilib. Şirkətə qarşı iddia NAACP - Rəngli İnsanların Tərəqqisi Milli Assosiasiyası tərəfindən qaldırılıb.

ABŞ Ədliyyə Nazirliyi sənəddə bildirib ki, məlumat mərkəzinin fəaliyyətinin məhdudlaşdırılması ABŞ-nin milli, iqtisadi və enerji təhlükəsizliyinə zərər vura bilər. Çünki həmin infrastruktur ABŞ Müharibə Nazirliyinin hərbi əməliyyatlarını dəstəkləyən süni zəka sistemlərinin hazırlanmasında istifadə olunur.

Hökumət öz mövqeyini əsaslandırmaq üçün Pentaqonda süni zəka proqramlarının rəhbəri Kemeron Stenlinin ifadəsini təqdim edib. O bildirib ki, “Grok” artıq ABŞ Müharibə Nazirliyinin hədəflərin aşkarlanması və seçilməsi üçün süni zəka tətbiq etdiyi “Maven” layihəsi çərçivəsində istifadə olunur.

Sənədlərdə qeyd edilir ki, “Maven Smart Systems” sistemi ABŞ hərbçilərinə “Epic Fury” əməliyyatı zamanı 96 saat ərzində 2 mindən çox müxtəlif hədəfə qarşı 2 mindən artıq sursat tətbiq etməyə imkan verib.

Stenli həmçinin “Grok Gov” modelinin istifadəsi nəticəsində əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Məhkəmə çəkişməsi NAACP-nin “xAI” şirkətini zəruri icazələr olmadan onlarla qaz turbinini istismar etməkdə və “Təmiz Hava Haqqında” qanunu pozmaqda ittiham etməsi ilə bağlıdır. Təşkilat bildirir ki, həmin avadanlıqların fəaliyyəti əsasən afroamerikalıların yaşadığı ərazilərdə ətraf mühitin çirklənməsinə səbəb olur. “xAI” isə cavab olaraq turbinlərin müvəqqəti və mobil qurğular olduğunu, buna görə də müvafiq tənzimləyici tələblərə aid edilmədiyini bəyan edib.

İş materiallarında həmçinin qeyd olunur ki, ABŞ hökuməti fevralın sonunda “Anthropic” şirkəti ilə əməkdaşlığı dayandırıb. Buna səbəb şirkətin öz modellərinin tam avtomatlaşdırılmış zərbələr və ABŞ vətəndaşlarının kütləvi izlənməsi üçün istifadəsinə icazə verməməsi olub.

Bundan sonra Pentaqon süni zəka sahəsində fəaliyyət göstərən digər şirkətlərlə, o cümlədən “Google”, “OpenAI” və “xAI” ilə əməkdaşlığı genişləndirib.

Sənədlərə əsasən, süni zəkanın hərbi sahədə tətbiqi mərhələli şəkildə davam edir. Hətta mart ayında belə ABŞ rəsmiləri İrana qarşı hərbi əməliyyatlarda “Anthropic” şirkətinin “Claude” modelindən istifadə edildiyini etiraf edirdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Grok   ABŞ  


Bizi "telegram"da izləyin