İran BMT-də Yaxın Şərqdəki əsas qeyri-sabitlik mənbəyinin İsrail olduğunu bəyan edib

2026/06/1781704253.jpg
Oxunub: 220     17:52     17 İyun 2026    
İran hakimiyyəti İsrailin ittihamlarına cavab olaraq BMT Təhlükəsizlik Şurasına məktub göndərərək Yaxın Şərqdə qeyri-sabitliyin əsas mənbəyinin İsrail olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məktub BMT-də İranın daimi nümayəndəsi Səid İrəvani tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə göndərilib.

Sənəddə qeyd olunur ki, Tehranın son hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə həyata keçirilmiş qanuni və proporsional özünümüdafiə tədbirləri olub.

İran tərəfi İsrailin iyunun 9-da təqdim etdiyi müraciətdə yer alan ittihamları rədd edib və İsraili Yaxın Şərqdə regional və beynəlxalq təhlükəsizliyə əsas təhdid adlandırıb.

Məktubda vurğulanır ki, Qəzza zolağında İsrailin hərəkətləri nəticəsində 73 mindən çox insan həlak olub, 170 mindən artıq mülki şəxs isə yaralanıb.

Tehran bildirib ki, iyunun 7-də həyata keçirdiyi əməliyyatlar aprelin 8-də əldə edilmiş atəşkəs rejiminin mütəmadi pozulmasına, eləcə də İran gəmilərinə, mülki infrastrukturuna və ölkə ərazisindəki obyektlərə qarşı davam edən hücumlara cavab olub.

Sənədə əsasən, İran Silahlı Qüvvələri İsrailin bir sıra hərbi obyektlərinə zərbələr endirib. Tehran bu addımların zəruri və proporsional olduğunu, yalnız hərbi hədəflərə yönəldiyini vurğulayıb.

İran həmçinin bəyan edib ki, İsrail ABŞ-nin dəstəyi ilə 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında ölkəyə qarşı iki böyük hərbi hücum həyata keçirib. Tehran bu əməliyyatları beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirir.

Məktubda Beyrutda altı iranlı diplomatın öldürülməsi, Livandakı İran maraqlarına qarşı hücumlar və 2024-cü il aprelin 1-də Dəməşqdə İranın diplomatik kompleksinə endirilən zərbə də xatırladılıb.

Bundan başqa, İran İsraili 2024-cü ilin noyabrında əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda və Livanın hava məkanını mütəmadi şəkildə pozmaqda ittiham edib.

Məktubun sonunda Tehran xəbərdarlıq edib ki, İranın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına qarşı yönələn hər hansı yeni addım sərt və qətiyyətli cavabla qarşılanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BMT  


Bizi "telegram"da izləyin