Küveyt raket təhlükəsindən sonra hava məkanını yenidən açıb

2026/01/1767805091.jpg
Oxunub: 250     20:47     06 İyun 2026    
Küveyt raket və Pilotsuz Uçuş Aparatı (PUA) hücumları ilə bağlı məlumatlardan sonra müvəqqəti bağlanan hava məkanını yenidən istifadəyə verib.

Ordu.az xəbər verir ki, bu barədə “Gulf News” nəşri məlumat yayıb.

Küveyt Mülki Aviasiya Baş İdarəsi bildirib ki, hava nəqliyyatı yerli vaxtla səhər saat 06:15-dən etibarən tam bərpa olunub.

Qərarın aidiyyəti qurumlarla məsləhətləşmələr və təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra qəbul edildiyi qeyd olunub.

Ölkənin hava məkanı ehtiyat tədbiri kimi bir neçə saat bağlanmışdı. Məhdudiyyətlər səbəbindən “Kuwait Airways” və “Jazeera Airways” aviaşirkətlərinə məxsus 11 reys qonşu ölkələrin hava limanlarına yönləndirilib.

Bundan əvvəl Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin hava hücumundan müdafiə sistemlərinin bir neçə raket və PUA-nı aşkarladığını bildirmişdi.

Hərbi qurum qeyd edib ki, ölkənin müxtəlif bölgələrində sakinlərin eşitdiyi partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin hava hədəflərini məhv etməsi ilə bağlı olub. Hadisələr fonunda hakimiyyət orqanları vətəndaşları yalnız rəsmi informasiya mənbələrindən istifadə etməyə çağırıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İran Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket buraxıb. Amerikalı hərbçilər bu raketlərdən altısının zərərsizləşdirildiyini, birinin isə hədəfə çatmadığını bildiriblər. Hadisə nəticəsində ölən və ya dağıntılar barədə məlumat verilməyib.

Qeyd olunur ki, insident İranla ABŞ arasında gərginliyin yenidən artdığı dövrdə baş verib və bu vəziyyət Körfəz ölkələrində mülki aviasiya fəaliyyətinə müvəqqəti məhdudiyyətlərin tətbiqinə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   Raket   PUA  


Bizi "telegram"da izləyin