İran: Nüvə obyektlərinə hücumlar normallaşdırılmamalıdır

2025/06/1750782803.jpg
Oxunub: 276     19:12     06 İyun 2026    
İran ABŞ və İsrailin nüvə obyektlərinə hücumlarını pisləyib.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının xüsusi iclasına qatılan İran nümayəndə heyəti bununla bağlı çağırış edib.

"İran nümayəndə heyəti BAEA-nın Rəhbərlər Şurasının xüsusi iclasında ABŞ və İsrailin İranın nəzarəti altındakı nüvə obyektlərinə hücumlarını pisləyərək bu cür hərəkət və təhdidlərə qarşı "sıfır tolerantlıq" siyasətinə çağırıb", - məlumatda bildirilib.

Həmçinin dinc nüvə obyektlərinə hücumların normallaşmasının beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edilib.

İyunun 5-də BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, İran tərəfi yüksək zənginləşdirilmiş uran ehtiyatlarını yeni yerə köçürməyib. Onun sözlərinə görə, yaranmış vəziyyətdə AEBA ekspertlərinin obyektlərə giriş əldə edə bilməsi və orada vəziyyətlə bağlı öz qiymətləndirməsini aparması vacibdir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə  


Bizi "telegram"da izləyin