Almaniyanın ilk F-35A təyyarəsinə mühərrik quraşdırılıb

2026/06/Ekran-1780734752.jpg
Oxunub: 256     12:31     06 İyun 2026    
“Lockheed Martin” şirkəti Almaniya üçün istehsal edilən ilk F-35A “Lightning II” döyüş təyyarəsində növbəti mühüm mərhələnin uğurla tamamlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şirkətin yaydığı məlumata əsasən, 2026-cı ilin may ayında təyyarəyə “Pratt & Whitney” istehsalı olan F135-PW-100 mühərrikinin inteqrasiyası uğurla başa çatdırılıb.

“Lockheed Martin”in Fort-Uort şəhərində yerləşən istehsal müəssisəsindən yayımlanan görüntülərdə təyyarəyə güc verəcək mühərrikin gövdəyə quraşdırıldığı əks olunub. Şirkət layihənin planlaşdırıldığı kimi irəlilədiyini və təyyarənin son istehsal mərhələsinə daxil olduğunu bildirib.

Bundan əvvəl, 2026-cı ilin mart ayında Almaniya Hərbi Hava Qüvvələri üçün istehsal olunan ilk F-35A təyyarəsinin yekun montaj xəttinə keçirildiyi açıqlanmışdı. Həmin mərhələdə təyyarənin ön, orta və arxa hissələri, eləcə də qanadları birləşdirilərək ilk dəfə tam formada nümayiş etdirilmişdi. Son montaj prosesi çərçivəsində mühərrikin inteqrasiyası, idarəetmə səthlərinin quraşdırılması və digər sistemlərin sazlanması nəzərdə tutulurdu.

Montaj işləri başa çatdıqdan sonra təyyarəyə radar görünürlüğünü azaldan xüsusi örtük və son boya qatları tətbiq ediləcək. Bundan sonra F-35A-nın ilk uçuş sınaqlarına və zavoddan təqdimat mərasiminə hazır vəziyyətə gətirilməsi planlaşdırılır. Təyyarənin ilk uçuşunun və rəsmi təqdimatının 2026-cı ilin sonuna qədər keçirilməsi gözlənilir.

Hazırda Fort-Uort müəssisəsində Almaniya üçün nəzərdə tutulmuş ilk səkkiz F-35A təyyarəsinin montajı davam edir. Almaniya bu proqram çərçivəsində ABŞ-dən ümumi dəyəri 8,4 milyard dollar olan 35 ədəd F-35A “Lightning II” döyüş təyyarəsi sifariş edib. Müvafiq hökumətlərarası müqavilə 2022-ci il dekabrın 14-də təsdiqlənib.

Təyyarələrin ilkin mərhələdə ABŞ-də yerləşən Ebbinq Hava Milli Qvardiya bazasında istifadə olunacağı, burada alman pilot və texniki heyətinin hazırlıq keçəcəyi bildirilir. İlk F-35A-ların 2027-ci ildə Almaniyanın “Büxel” aviabazasına çatdırılması nəzərdə tutulur.

Almaniya bu təyyarələri əsasən NATO-nun nüvə paylaşımı proqramı çərçivəsindəki öhdəliklərini yerinə yetirmək məqsədilə alır. Yeni F-35A-lar bu missiyada hazırda istifadə olunan “Panavia Tornado IDS” təyyarələrini əvəz edəcək və Almaniya Hərbi Hava Qüvvələrinin ən vacib vəzifələrindən birinin yeni nəsil platformaya keçirilməsini təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   F-35A  


Bizi "telegram"da izləyin