Ordu.az xəbər verir ki, Tramp ABŞ-nin Tehranla “əla razılaşma” imzalamaq niyyətində olduğunu deyib.
“Biz əla razılaşma əldə edəcəyik. Əgər bu baş verməsə, sadəcə geri qayıdacaq və məsələni hərbi yolla həll edəcəyik”, - deyə o bildirib.
ABŞ lideri diplomatik həll yoluna üstünlük verdiyini vurğulayaraq bunun insan itkilərinin qarşısını almağa imkan verəcəyini qeyd edib.
“Mən razılaşma əldə etməyə üstünlük verərdim. Çünki bu, çox sayda insanın həyatını xilas edəcək və saziş imzalandıqdan dərhal sonra boğazı aça biləcəyik”, - deyə ABŞ Prezidenti bildirib.
İran rəhbərliyi barədə danışan Tramp onları çox sərt danışıqlar aparan tərəf kimi xarakterizə edib, lakin ABŞ-nin tədricən istədiyi nəticələrə yaxınlaşdığına əmin olduğunu vurğulayıb.
“Onlar çox sərt danışıq aparan tərəfdir”, - deyə o qeyd edib.
Eyni zamanda ABŞ Prezidenti danışıqlar prosesini sürətləndirmək niyyətində olmadığını bildirib. “Bu, çox vaxt tələb edir. Mən heç yerə tələsmirəm. Tələsdiyiniz zaman yaxşı razılaşma əldə edə bilməzsiniz”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, Vaşinqton addım-addım qarşıya qoyduğu məqsədlərə doğru irəliləyir, lakin alternativ variantları da qoruyub saxlayır. “Yavaş, amma qətiyyətli şəkildə istədiyimiz nəticələri əldə edirik. Əgər istədiyimizi ala bilməsək, bu məsələni başqa yolla həll edəcəyik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az