Zelenski ABŞ və avropalı tərəfdaşlarla mühüm danışıqlara hazırlıq getdiyini açıqlayıb

2026/05/1780162563.jpg
Oxunub: 351     21:34     30 May 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Kiyevin diplomatiya, müdafiə və humanitar sahələrdə atacağı növbəti addımlara həsr olunmuş xüsusi müşavirə keçirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi demək olar ki, hər gün ABŞ prezidentinin nümayəndələri və avropalı tərəfdaşlarla əlaqə saxlayır.

Müzakirələr zamanı hava hücumundan müdafiə sistemlərinin mövcud tədarükləri və daha əvvəl əldə olunmuş razılaşmaların icrası qiymətləndirilib.

Zelenski yaxın həftələr üçün əsas prioritetlər sırasında raket əleyhinə müdafiənin gücləndirilməsini, pilotsuz uçuş aparatlarının istehsalı və tədarükü üzrə ikitərəfli sazişlərin imzalanmasını, o cümlədən Avropa İttifaqı ilə “Drone Deal” təşəbbüsünü və müxtəlif beynəlxalq formatlarda görüşlərə hazırlığı qeyd edib.

O bildirib ki, Ukrayna mühüm danışıqlara hazırlaşır, lakin bununla bağlı əlavə təfərrüat açıqlamayıb.

Müşavirədə humanitar məsələlərə də ayrıca diqqət yetirilib.

Zelenski tərəflər arasında daha əvvəl razılaşdırılmış mübadilə proseslərinin davam etdirilməsinin vacibliyini vurğulayıb və vasitəçilik səylərinə dəstək verə biləcək tərəfdaşlarla işin gücləndirilməsi barədə tapşırıq verib.

Prezidentin sözlərinə görə, yaxın vaxtlarda Ukraynaya dəstək məqsədilə, o cümlədən enerji sahəsində yeni qərarların qəbul olunacağı gözlənilir.

Bu təşəbbüslərin detalları hələ dəqiqləşdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin