Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Şənbə günü yayımlanan bəyanatda hərəkatın təhlükəsizlik xidmətinin rəhbəri Əbu Mücahid əl-Əsaf təşkilatın fəaliyyətini “kollektiv borc” adlandırıb və bildirib ki, hərəkat silahlı fəaliyyətdən imtina etmiş müttəfiq qrupların adından da öz vəzifələrini yerinə yetirməyə davam edəcək.
May ayında vəzifəsinin icrasına başlayan İraqın baş naziri Əli əz-Zeydi daha əvvəl silah saxlamaq hüququnun yalnız dövlətin əlində cəmləşdirilməsinin tərəfdarı olduğunu açıqlamışdı.
Lakin “Kətaib Hizbullah” xarici qoşunlar ölkə ərazisində qaldığı müddətdə tərksilah məsələsinin müzakirəsini qəbul etmədiyini bildirib.
Əl-Əsafın sözlərinə görə, hərəkat digər silahlı birləşmələrin silahlarının təhvil verilməsi və saxlanmasına nəzarətdə iştirak etməyə, həmçinin xüsusi hazırlıq tələb edən qanadlı raketlər də daxil olmaqla mürəkkəb silah sistemlərini mühafizə altına götürməyə hazırdır.
ABŞ və İsrailin fevral ayının sonlarında İrana qarşı başladığı müharibədən sonra “İraq İslam Müqaviməti” tərkibinə daxil olan təşkilatlar dəfələrlə ABŞ ilə əlaqəli obyektlərə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar həyata keçiriblər.
Buna cavab olaraq Vaşinqton silahlı birləşmələrin bazalarına və obyektlərinə, o cümlədən “Kətaib Hizbullah”ın mövqelərinə zərbələr endirib. Nəticədə hərəkatın onlarla üzvü həlak olub.
Hərəkat həmçinin bəyan edib ki, onun silahlanması məsələsi yalnız ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın İraq Kürdüstanındakı missiyası başa çatdıqdan sonra müzakirə oluna bilər.
Mövcud planlara əsasən, koalisiyanın regiondakı fəaliyyəti sentyabr ayına qədər yekunlaşmalıdır.
Xatırladaq ki, may ayında ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Bağdaddan İran tərəfdarı silahlı birləşmələrə qarşı “konkret addımlar” atmağı tələb etmiş və ABŞ-nin gələcək dəstəyini onların dövlət strukturlarından uzaqlaşdırılması və maliyyələşdirilməsinin dayandırılması ilə əlaqələndirmişdi.
Sevinc Əliyeva
Ordu.az